Parlaq zəfərin təcəssümü

 

Qazanılan hər bir medal İslam həmrəyliyinin bəzəyidir

 

Hər keçən günü idman tariximizə qızıl hərflərlə yazılan IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qazandıqları uğurlar xalqımıza fəxarət, qürur hissi yaşadır.

Ölkəmizin adına layiq çıxış edərək ümidləri doğruldan atletlərimiz həm də tarixi rekordlara imza atırlar. İndiyədək heç bir beynəlxalq yarışda Azərbaycan idmançıları bu qədər medal qazanmamışdılar. Bütün bunlar isə bir daha idmana göstərilən dövlət qayğısının əyani təzahürüdür. İdmançılarımızın qələbələri, bayrağımızın ən yüksək zirvələrdə dalğalanması, himnimizin səslənməsi gənc nəsildə həm idmana marağın artmasına, həm də vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.

Hər gün şanlı qələbələriylə tarix yazan atletlərimizin qazandıqları medallar isə zəfər günlərimizin bəzəyinə çevrilir. Milli Olimpiya Komitəsinin təşkil etdiyi “Zəfər Günləri” bu idman bayramına əlavə çalarlar qatır.

Dünən təşkil olunan mərasimdə İslamiadanın beşinci günündə medal qazanan idmançılarımız xüsusi hədiyyələrlə təltif edildi. Qeyd edək ki, yarışların beşinci günü Azərbaycan idmançıları 18 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürüncdür.

Azərbaycanın zəfər günlərinin hələ davam edəcəyini söyləyən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, gün ərzində milli komandamızın aktivinə ən çox medalı atletikaparaatletika yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar. Milli komandamız yarışın beşinci günündə 99 medalla (50 qızıl, 29 gümüş və 20 bürünc) ikinci pillədəki yerini qoruyub. İslamiadanın beş günü ərzində 33 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər: “İdmançılarımızın qazandıqları bu medallar idman tariximizə qızıl hərflərlə yazılacaq. Bu Oyunlar bir daha Azərbaycanın idman dövləti olduğunu təsdiqlədi. Yarışlarda əhalisinin sayına görə Azərbaycandan bir neçə dəfə böyük olan dövlətlər iştirak edir. Ancaq medal sıralamasında biz bu ölkələrdən öndə gedirik. Bu, böyük uğurdur”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə vurğuladı ki, Azərbaycan dünyada beynəlxalq konfranslar, yarışlar keçirilən məkan kimi tanınır: “Ölkəmiz hər zaman dünyaya sülh mesajı göndərir. Hər kəs bilir ki, Azərbaycan qonaqsevər həmrəylik dövlətidir. Bu Oyunlar da deyilənləri təsdiqləyir. İdmançılarımızın hələlik qazandıqları qızıl medalların sayı onu deyir ki, Odlar Yurdu həm də idmansevərlər məkanıdır”.

Çıxışlardan sonra idmançılar mükafatlandırıldı və atletlərimiz sevinc hisslərini media nümayəndələri ilə bölüşdülər.

 

İslamiadada hədəfim yalnız qızıl medal idi

 

Orxan NURİYEV,

yunan-Roma güləşi üzrə çempion:

- Bütün idmançılarımız kimi, mən də bu yarışda yüksək yerləri hədəfləmişdim. İki il əvvəl ölkəmizdə təşkil olunan I Avropa Oyunlarında yer tuta bilməsəm də, bu yarışda fərqlənməyi bacardım.

Ən gərgin görüşüm yarımfinalda özbəkistanlı idmançı ilə oldu. Rəqibim taktikitexniki cəhətdən güclü idi, iki dəfə mötəbər yarışlarda yer tutmuşdu. Buna baxmayaraq, ona qalib gəldim. Finalda qarşılaşdığım qırğız həmkarımı isə yaxşı tanıyırdım. Müəyyən gərginlik olsa da, onu məğlub etdim. Bu qələbə mənə iyulda keçiriləcək Qızıl Qran-priavqustda təşkil olunacaq dünya çempionatı yarışlarında əlavə stimul verdi.

Bizə inanılmaz dəstək verən azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm. Həqiqətən bizim azarkeşlər fəaldırlar. Onlar idmançılarımızı qələbəyə ruhlandırırlar.

 

Qələbə həyəcanını necə ifadə edəcəyimi bilmirəm

 

Nigar NƏSİROVA,

atıcılıq yarışlarının çempionu:

- Çox sevincliyəm. Hətta qələbə qazananda göz yaşlarıma hakim ola bilmədim. Qələbə həyəcanını necə ifadə edəcəyimi bilmirəm. Mənim tərəf-müqabilim, IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu Ruslan Lunyov həmişəki kimi yenə də çox yaxşı formada idi. Finalda, demək olar, bütün hədəflərimizi düzgün nişan alırdıq. İslamiadada ən yaxşı çıxışımı nümayiş etdirdim.

Fərdi yarışlarda təsnifat raundunu keçməyə cəmi bir xalım çatmadı, amma ruhdan düşmədim. İnanırdım ki, məşqçinin və azarkeşlərin ümidlərini doğruldacağam. Fərdi yarışlarda bürünc mükafat qazana bildim. Ancaq hədəfim qızıl medal idi. Bunu isə komanda yarışında əldə etmək mümkün oldu. Bu yarışda bütün imkanlarımı səfərbərliyə alıb özümü qələbəyə köklədim. Tərəf-müqabilimin İslamiadanın çoxqat çempionu olması, onun çempionlara xas təmkini qızıl medal qazanmaq şansımızı artırırdı. Nəticədə hər şey əla oldu.

 

Çempion olmaq asan başa gəlmədi

 

Ayxan TAĞIZADƏ,

taekvondo yarışlarının qızıl medalçısı:

- Artıq ikinci dəfədir ki, vətəndə keçirilən beynəlxalq yarışlarda qalib oluram. I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandırmışdım. İndi isə İslam Həmrəyliyi Oyunlarında eyni sevinci yaşayıram. Qələbəmi ən böyük fanatım olan anama həsr edirəm. Anam bütün yarışlarıma baxır. Hətta kiminlə qarşılaşacağımı məndən əvvəl bilir.

Ümumiyyətlə, yarış çətin keçdi. Çempion olmaq mənə asan başa gəlmədi. Yarışa yaxşı hazırlaşmışdım. İslam ölkələri taekvondoda çox güclüdürlər. Birinci döyüşümü əfqanıstanlı idmançıya qarşı keçirdim. Çox təcrübəli rəqib idi, iki dəfə Yay Olimpiya Oyunlarında bürünc medal əldə edib. Buna baxmayaraq, qalib gəlməyi bacardım. Ardınca Səudiyyə Ərəbistanını təmsil edən taekvondoçunu üstələdim. Finalda isə rəqibim iranlı oldu. Bildiyiniz kimi, iranlılar taekvondoda reytinqdə güclüdürlər. Çətin döyüş getdi. Amma sonda qalib gəldim, qızıl medal qazanıb bayrağımızı dalğalandırdım.

 

Azarkeşlər məndən qızıl medal gözləyirdi

 

Patimat ABAKAROVA,

taekvondo yarışlarının çempionu:

- İki il öncə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında “Rio-2016” Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdım. Ancaq İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşdum istəyimə nail oldum.

Heç bir döyüş asan keçmədi. Buraya final görüşüm aiddir. Qızıl medal uğrunda döyüşdə qazaxıstanlı Aynur Yasbergenovaya 14:4 hesabı ilə qalib gələrək çempion oldum. Döyüşlər çətin deyildi, amma rəqiblər yaxşı idi. Final görüşündə bir qədər yorğun olsam da, qalib olmağı bacardım.

Yarışa yaxşı hazırlaşdım nəticəsi göz qabağındadır. İslamiadada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir. Azarkeşlər məndən qızıl medal gözləyirdi. Buna nail olduğum üçün sevinirəm. Qələbəmi ailəmə, məşqçilərimə həsr edirəm. Federasiyamıza minnətdarlığımı çatdırıram.

 

Sevinirəm ki, Azərbaycana medal qazandıra bildim

 

Fəridə ƏZİZOVA,

IV İslam Həmrəyliyi Oyunlarının azərbaycanlı səfiri, taekvondo yarışlarının gümüş medalçısı:

- İlk döyüşümdə iranlı həmkarım məni zədələdi ona görə digər yarışlarda bir qədər əziyyət çəkdim. Finalda Türkiyə təmsilçisi ilə qarşılaşdım. Bu rəqibimlə dəfələrlə qarşılaşmışam. Bir-birimizi necə deyərlərəzbərtanıyırıq. Ancaq zədəm imkan vermədi ki, finalda istədiyim kimi mübarizə aparım.

Sevinirəm ki, Azərbaycana gümüş medal qazandıra bildim. Oyunların səfiri idim çox şükür ki, medalsız qalmadım. Hər bir idmançı medal üçün, ölkəsinin bayrağının yüksək zirvələrdə dalğalanması üçün çalışır. Zəhmətin hədər getməyəndə daha da qürurlanırsan.

 

Mənim üçün hər bir medal dəyərlidir

 

Rəsul CUNAYEV,

IV İslam Həmrəyliyi Oyunlarının azərbaycanlı səfiri, yunan-Roma güləşi üzrə bürünc medalçısı:

- İslam Həmrəyliyi Oyunlarının səfiri idim buna görə yarışlara ciddi hazırlaşmışdım. Lakin yenə bəxt öz sözünü dedi. İranlı rəqibim Gerayi Məhəmmədəli ilə görüşdə son saniyələrdə səhvim nəticəsində məğlub oldum. Qarşılaşmada 5:0 hesabı ilə öndə olsam da, sonda səhvim ucbatından 6 xal qazanan rəqibim qarşılaşmanı qalib başa vurdu. Mən isə bürünc medal qazandım. Düzdür, istərdim ki, qızıl medal əldə edim. Amma mənim üçün hər bir medal dəyərlidir.

Üçüncü yer uğrunda görüşdə türkiyəli İlker Sönmez ilə üz-üzə gəldim. Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində hakimlərdən 4 xal almağı bacardım hesabdakı üstünlüyü oyunun sonunadək qoruyub saxladım. Yekun hesabda 4:1 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib oldum.

Qarşıdan isə dünya çempionatı gəlir. Çalışıb səhvlərim üzərində işləyəcəm ki, onları bir təkrarlamayım.

 

Hədəfim yalnız qızıl medal idi

 

Oloxan MUSAYEV,

paraatletika yarışlarının qalibi:

- Yarışlarımız çox çətin keçdi. Çünki İslam ölkələri bu Oyunlara güclü idmançılarını gətiriblər. Rəqiblərimi yaxşı tanıyırdım. Onların arasında dünya rekordçusu da var idi.

Ancaq mənim hədəfim yalnız qızıl medal idi. Dəfələrlə beynəlxalq yarışlarda qalib olmuşam. Ona görə vətənimdə keçirilən İslam Həmrəyliyi Oyunlarında medalsız qalmağı özümə bağışlaya bilməzdim. Mübarizələr çətin keçsə , bir qızıl bir bürünc medal qazanaraq Azərbaycan bayrağını yüksəklikdə dalğalandırdım.

Qarşıda bizi Avropa çempionatı gözləyir. Gələn il bu uğurumu bir daha təkrarlayıb vətənə qızıl medalla dönməyi qarşıma məqsəd qoymuşam.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 19 may.- S. 8.