ÜAK-ın ləğvi ermənipərəst qüvvələrin təxribatçı fəaliyyətinin nəticəsidir

 

Müstəqillik qazandığı ilk illərdən beynəlxalq aktor kimi Azərbaycan Respublikası diasporla iş, lobbiçilik fəaliyyətini xarici siyasətinin əsas prioriteti kimi qiymətləndirmişdir. Bu mənada aparılan siyasət ölkə həqiqətlərinin dünya arenasına çatdırılmasına xidmət edirdi.

Sözsüz ki, bu siyasətdə əsas faktorlardan biri və birincisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Nəzərə alsaq ki, bu münaqişədə ən azı tərəflər qədər maraqlı üçüncü dövlət münaqişə başlayandan bu yana  Rusiya  tərəfi göstərilməkdədir. Sözügedən dövlətin hakim təbəqəsi və yerli əhalisi arasında aparılan diaspor fəaliyyətinin əhəmiyyətini müəyyən etmək bir o qədər də çətin deyil. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin şəxsən iştirakı ilə əsası qoyulan Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə Rusiya Ali Məhkəməsinin qərarı ilə xitam verilməsi özündə bəzi həqiqətləri ehtiva edir. İllərdir bir deyim halına çevrilən “erməni lobbisinin fəaliyyəti çox güclüdür” fikri bu dəfə də özünü bariz şəkildə nümayiş etdirdi. Danılmaz həqiqətdir ki, düşmən tərəf diaspor fəaliyyətində daha geniş təcrübəyə və sistemli yanaşmaya malikdir. Buna qarşılıq olaraq ölkə rəhbərliyinin, xüsusilə Heydər Əliyev Fondunun qitə səviyyəsində həyata keçirdiyi layihələr uğurla davam etsə də, baş verən hadisə daha kiçik analoji qurumların da öz işlərinə ciddi şəkildə yanaşmalı olduğunu sübut etdi.

Ölkə ərazisində vətəndaş cəmiyyətinin formalaşması istiqamətində aparılan işlərə Prezident tərəfindən ayrılan diqqət eyni səviyyədə lobbiçilik, diaspor fəaliyyətinə də göstərilməkdədir. Şübhəsiz ki, baş verən hadisə yalnız sözügedən təşkilatın problemləri ilə bağlı deyil, həmçinin ermənipərəst qüvvələrin pozucu  fəaliyyətinin nəticəsidir. Bu mənada Rusiya tərəfinin qərarını da birmənalı qarşılamaq olmur. Nəzərə alsaq ki, illərdir Qərb dünyasının davam etdirdiyi iqtisadi sanksiyalar fonunda edilən təzyiqlərə baxmayaraq, Azərbaycan tərəfi bu axına qoşulmamışdır. Regionda hər zaman sağlam və güvənli müttəfiq kimi özünü təqdim edən Azərbaycan Respublikasını təmsil edən quruma qarşı bu cür rəftar düzgün deyil, adekvat tədbirlər həyata keçirilməlidir. Təbii ki, iki dövlət arasında illərdir davam edən yüksək səviyyəli qarşılıqlı münasibətlər kiçik miqyaslı məsələlərin təsiri ilə hər hansı düşüşlə nəticələnə bilməz.

İstənilən halda baş verən hadisədən çıxarılan əsas nəticə budur ki, ölkəmizi xaricdə təmsil edən bütün qurumlar, birliklər, təşkilatlar onlara göstərilən etimadı doğrultmaq üçün güclərini səfərbər etməlidirlər. İlk növbədə real, ölçülə bilən və davamlı işlər görməli, ölkə həqiqətlərini düzgün şəkildə lazımi auditoriyalara çatdırmalı və bu kimi hadisənin  bir də baş verməməsi üçün fəaliyyətdə olduqları ölkələrin dövlət qurumları ilə sıx əlaqə saxlamalıdırlar. Verilmiş yanlış qərar çoxmədəniyyətli Rusiya cəmiyyətinin öz xarakterinə də ziddir. Onun tolerantlıq mühitini, millətlərarası münasibətlərini təhdid edən addımdır. Əminik ki, qonşu ölkədəki sağlam qüvvələr sonda qalib gələcək, Rusiya Federasiyasının Ali Məhkəmə instansiyaları haqlı narahatlığımızı anlayışla qarşılayacaq.

 

Zaur BAĞIROV,

Azərbaycan Respublikasının  Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası Siyasi İdarəetmə

fakültəsinin dekanı, professor

 

Azərbaycan.- 2017.- 19 may.- S. 11.