Naxış ənənələrinin müasir təcəssümü

 

“Bakı-2017”nin rəsmi geyim formaları nəfis tərtibatı ilə göz oxşayır

 

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları peşəkar dizaynerlər komandası tərəfindən hazırlanıb.

Fərqli görünüşlərə malik formalar işçi heyəti və podratçılar daxil olmaqla müxtəlif işçi qruplar üçündür. İslam Həmrəyliyi Oyunlarının könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdir.

Formaları öz üzərində daşıyan hər kəs Oyunların bir hissəsi olmaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarının sülh, hörmət, bərabərlik və mükəmməllik mesajını da dünyaya çatdırırlar. Rəsmi forma dizaynlarının hazırlanması prosesində “Bakı-2017”nin  loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.

Brendin əsas naxış elementi olan xalça simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.

İslamı özündə təcəssüm etdirən, eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl rəng əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünəməxsus ahəngdarlığı ilə yer alıb. “Bakı-2017”nin forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 20 may.- S. 6.