Güləşdə Azərbaycan hegemonluğu

 

Prezidentin davamlı dəstəyi pəhləvanlarımızın ardıcıl qələbələrinin mənbəyidir

 

IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma və sərbəst güləş yarışlarına yekun vurulub. Son günlər güləş idmanı tariximizə qızıl hərflərlə yazılıb. Pəhləvanlarımız elə bir möhtəşəm uğura imza atdılar ki, bu, hələ uzun müddət yaddaşlardan silinməyəcək.

Azərbaycanı olimpiya oyunlarında, dünyaAvropa çempionatlarında həmişə layiqincə təmsil edən pəhləvanlarımız doğma divarlar arasında təşkil edilən turnirlərdə  ölkəmizin şərəfini daha yüksəklərə qaldırıb, xalqımızı möhtəşəm qələbələrlə sevindiriblər. Tarixdə ilk dəfə keçirilən “Bakı-2015” Avropa Oyunlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan güləş yığması 15 (6 qızıl, 2 gümüş və 7 bürünc) medal qazanıb. Azərbaycan idmançılarının I Avropa Oyunlarının proqramına daxil edilən 20 idman növündən 12-də qazandığı 56 medaldan ən çoxu (15 medal) da məhz güləş yığmamızın payına düşüb.

 

Sərbəst güləşdə 7 medal qazanıldı

 

Paytaxtımızda təşkil edilən İslamiadada isə uğur estafeti eyniliklə davam etdirilir. Yunan-Romada 8 (4 qızıl, 1 gümüş, 3 bürünc), sərbəst güləşdə isə 7 (4 qızıl, 2 gümüş, 1 bürünc) olmaqla cəmi 15 medal qazanılması Azərbaycan komandasının rəqiblər üçün nə qədər güclü olduğunu demək üçün kifayətdir.  Bu nəticələrlə güləşçilərimiz növbəti dəfə ölkəmizin  idman şöhrətini yüksəklikdə saxlayıblar. Hələ bu gün keçiriləcək qadın güləşində qazanılacaq medalları da nəzərə aldıqda pəhləvanlarımızın növbəti rekordun astanasında olduğunu əminliklə söyləyə bilərik.

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Heydər Əliyev adına İdman Sarayında 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarını arenadan birbaşa izləyiblər.  Yekunda sərbəst güləşçilərimiz  ölkəmizin aktivinə daha 4 medal  yazdırıblar.

 

İkiqat dünya çempionumuzun inamlı qələbəsi

 

2015-ci ildə XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya verən dünya çempionatında güləş yığmamız ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 8 medalOlimpiadaya 11 lisenziya qazanmışdı. Həmin mundialda yaddaqalan məqamlardan biri də Hacı Əliyevin ölkənin sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu adına layiq görülməsi idi. Bunun ardınca isə o, 2016-cı ildə Rioda ölkəmizin hesabına bürünc medal yazdırmışdı.

IV İslam Həmrəyliyi Oyunlarının idman səfiri olan Hacı Əliyevdən Azərbaycan bu dəfə yalnız qızıl medal gözləyirdi. 61 kq çəki dərəcəsində yarışan güləşçimiz mübarizəyə 1/8 finaldan başlayıb. Dünya çempionunun bu mərhələdə rəqibi türkmənistanlı Saparmurat Muradov olub. Güləşi vaxtından əvvəl (10:0) qələbə ilə başa vuran Hacı dörddəbir finala yüksəlib. Rio Olimpiadasının bürünc mükafatçısı bu mərhələdə tacikistanlı Todjiddin Xodjayev üzərində vaxtından əvvəl qələbə (9:0) qazanaraq yarımfinala vəsiqə əldə edib. Finala gedən yolda Hacının rəqibi iranlı  Məsud Esmailporjuybari olub. Maraqlı keçən güləşin yekununda  8:1 hesabı ilə qalib gələn Hacı finala yüksəlib. Həlledici mərhələdə  qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanan ikiqat dünya çempionumuz “Bakı-2017”nin qalibi olub. Bununla da, güləşçimiz Azərbaycanın hesabına 65-ci qızıl medalı yazdırıb. Qaliblərə mükafatı Prezident İlham Əliyev təqdim edib. Dövlət himnimiz səslənib, bayrağımız yüksəkdə dalğalanıb. Afərin, Hacı!

Hacı Əliyev çıxış edərək təmiz qələbə qazandığını dedi: “Qırğızıstanlı güləşçi Alibek Osmonov ilə ilk dəfə idi qarşılaşırdım. Demək olar, onu tanımırdım. Heç də zəif rəqib deyildi. Çox sevinirəm ki, cənab Prezident görüşümüzü şəxsən izlədi. Bu, biz idmançılara dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsidir. Rio Olimpiadasında üçüncülük əldə etmişdim. Çalışacağam ki, 2020-ci ildə Tokio Olimpiadasında qızıl medal qazanım”.

 

Öz çəkisinin ən güclüsü

 

125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Maqomedov mübarizəyə dörddəbir finaldan başlayıb. İlk görüşünü suriyalı  Raca Alkrada qarşı keçirib. Vaxtından əvvəl görüşü qələbə (10:0) ilə başa vuran Cəmaləddin yarımfinala çıxıb.  Final yolunda iranlı Caber Zadeqzadedən güclü olan (7:3) pəhləvanımız “Bakı-2017”nin qalibi olmaq üçün əla fürsət əldə edib. Həlledici mərhələdə qazaxıstanlı Daulet Şabanbayla qarşılaşan pəhləvanımız üçün görüş çətin keçib. Mübarizənin gedişində hesabda geri düşsə də, yekunda əzmkarlıq nümayiş etdirən Cəmaləddin qalib gələrək İslamiadanın qalibi olub.  Mükafatçılara medalları Birinci vitse-prezident Mehriban Əliyeva təqdim edib.

 

Yorğunluq “gümüş”lə nəticələndi

 

70 kq çəki dərəcəsində Murtuzəli Müslümov İslamiadaya  1/4 final mərhələsindən qatılıb. Türkiyəli Zafer Dama ilə üz-üzə gələn pəhləvanımız 6:0 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Təmsilçimizin finala gedən yolda rəqibi  Qırğızıstan güləşçisi Ruslan Sadibakasov olub. İlk saniyələrdən rəqibə göz açmaq imkanı verməyən Murtuzəli  çətinlik çəkmədən finala yüksəlib-14:3.

Budur, final vaxtı yetişir. Güləşçimizin həlledici mərhələdə rəqibi İran idmançısı Mustafa Hüsseynkanidir. Yorğunluq ilk dəqiqədən özünü göstərir. Nəticədə təmiz qələbə qazanan (9:0) iranlı güləşçi qızıl medala sahib olur. Murtuzəli isə İslamiadanı gümüş medalla başa vurur.

 

Şərif Şərifov “bürünc”lə kifayətləndi

 

Azərbaycanı güləşdə 86 kq çəki dərəcəsində  Şərif Şərifov təmsil edib. London Olimpiadasının qalibi  1/8 finalda iraqlı Nazar Cabir Əl Muşattatla üz-üzə gəlib.10:0 hesablı qələbə qazanan idmançımız növbəti görüşdə də çətinlik çəkməyib. O, pakistanlı Məhəmməd İnamı 11:1 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Həlledici mərhələ yolundakı rəqib  İran güləşçisi Hassan Yazdaniçarati olub. Görüş iranlı güləşçinin  11:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərif isə bürünc medal uğrunda tacikistanlı Bahodur Kadırovla  qarşılaşıb. Vaxtından əvvəl qələbə qazanan (9:0) pəhləvanımız İslamiadanı bürünc medalla başa vurub.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 1-2.