Qalibiyyət marafonu

 

Atletlərimiz İslamiadanı 18 medalla başa vurdular

 

Dünən Bakı Olimpiya stadionunda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 5 gün davam edən atletikaparaatletika yarışları başa çatmışdır.

Hər yarış günü komandamıza medal qazandıran azərbaycanlı idmançılar bu dəfə də ənənələrinə sadiq qalmışdılar. Yarışların sonuncu günü kişilər arasında uzunluğa tullanma (T11) yarışında Elçin Muradov 5,76 metr nəticə ilə İslamiadanın qalibi olmuşdur. Digər idmançımız Zeyniddin Bilalov isə 5,22 metr nəticə göstərərək bürünc medala sahib çıxmışdır.

T12 kateqoriyasında uzunluğa tullanma yarışında isə təmsilçimiz Kamil Əliyev 7,10 metr nəticə ilə gümüş medala yiyələnmişdir. Daha bir idmançımız Oleq Panyutin isə bu yarış növündə bürünc medal əldə etmişdir (6,78 metr).

Dünən keçirilmiş digər yarışlarda kişilərin 1500 metr məsafəyə qaçışında bəhreynli Sadiq Mikhou qızıl, Mərakeş idmançısı Fuad Elkaam gümüş, digər mərakeşli İbrahim Kazuzi isə bürünc medal qazanıblar.

On min metr məsafəyə qaçış yarışında da Bəhreyn təmsilçisi Abraham Çeroben qələbə qazanmışdır.

İkinci yerdə Türkiyə idmançısı Kigen Özbilən qərarlaşmış, üçüncü yeri isə Mərakeş təmsilçisi Səfyan Buqantar tutmuşdur.

Nüvə itələmə yarışında türkiyəli Can Osman Özdəvəçi qalib gəlmişdir. Səudiyyə Ərəbistanı idmançısı Sultan Alhəbşi gümüş medal əldə etmiş, Özbəkistan təmsilçisi Sergey Dementyev isə bürünc medalla kifayətlənmişdir.

Şüvüllə tullanma yarışında Səudiyyə Ərəbistanı təmsilçisi Hüseyn Al Nizam qalib olmuşdur. İkinciüçüncü yerlərdə Amin Məhəmməd (Tunis) və  Xəlil Çerabi (Əlcəzair) qərarlaşmışlar.

Kişilərin 4x400 estafet yarışında Türkiyə komandası qızıl medala layiq görülmüşdür. İkinci yeri Pakistan millisi, üçüncü yeri isə Oman yığması tutmuşlar.

F12 kateqoriyasında nüvə itələmə yarışında iranlı idmançılar Saman Pakbaz və Məsud Heydəri qızıl və gümüş medallara layiq görülmüşlər. Bürünc medalı isə özbəkistanlı Elbəy Sultanov qazanmışdır.

400 metr məsafəyə (T12) qaçış yarışında isə mərakeşli idmançılar Mehdi Əfri və Əyyub Haymudə 1-ci və 2-ci yerləri tutmuşlar. Üçüncü yerə isə türkiyəli Oğuz Akbulut sahib çıxmışdır.

Qadınların 10 min metr məsafəyə qaçış yarışında türkiyəli stayer Yasəmən Can qələbə qazanmışdır. Gümüş medala bəhreynli Rose Çelimo sahib çıxmış, bürünc medalı isə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aliyə Məhəmməd qazanmışdır.

Nəhayət, qadın komandalarının 400 metr estafet qaçışında Bəhreyn yığması qızıl medal əldə etmişdir. Nigeriya millisi gümüş medala yiyələnmiş, Türkiyə komandası isə bürünc medal qazanmışdır.

Beləliklə, azərbaycanlı atletlər və paraatletlər onlara bəslənilən ümidləri doğruldaraq IV İslam Həmrəyliyi Oyunlarını 18 medalla başa vurmuşlar. Bu medallardan 10-u qızıl, 4-ü gümüş, 4-ü isə bürüncdür.

 

Rizvan HİLALOĞLU,

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 1; 4.