Azərbaycan İslam dünyasında idman hərəkatına liderlik edir

 

Ölkəmiz hərəkata yeni nəfəs verir

 

İdman dünya miqyasında müxtəlif dillərə, dinlərə, irqlərə mənsub olan insanları bir araya gətirən ən mühüm fəaliyyət sahəsidir. İdman ayırıcı yox, birləşdirici rolu ilə planetdə sülh missiyası həyata keçirir. Hətta düşmən ölkələr müvəqqəti də olsa ədavəti bir kənara qoyur, bəşərin dinc şəraitdə yaşamaq haqqına riayət edirlər. Xüsusilə irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirildiyi dövrlər tarixin müharibəsiz, qansız mərhələləri kimi yadda qalır.

Bu işdə təşkilatçı ölkələrin üzərinə böyük məsuliyyət düşür. İdman tədbirini keçirən ölkə hər şeydən əvvəl müvafiq potensiala, bu sahədə kifayət qədər təcrübəyə malik olmalı, həm də idmançıları beynəlxalq turnirlərdə nailiyyətləri ilə tanınmalıdır. IV İslam Həmrəyliyi Oyunlarının təşkilini öhdəsinə götürmüş Azərbaycan bu tələblərə tamamilə cavab verir. Lakin ölkəmizin belə bir səviyyəyə yüksəlməsi asan başa gəlməmişdir.

Gənc müstəqil dövlət olmasına, sabit inkişaf yoluna çıxmaq üçün çoxsaylı çətinliklərə, ilk növbədə xarici hərbi təcavüzə məruz qalmasına, ərazisinin böyük bir hissəsinin işğal edilməsinə, bir milyondan çox vətəndaşının yurd-yuvasını itirməsinə baxmayaraq, Azərbaycan tarixən qısa müddət ərzində dünya birliyində layiqli yer tutmağa, özünü hörmətə layiq dövlət kimi təsdiqləməyə müvəffəq olmuşdur. Halbuki bir çoxları 1990-cı illərdə təsəvvür etmirdi ki, Azərbaycan Respublikası nəinki o dövrdə yaşadığı ümummilli böhrandan çıxacaq, hətta beynəlxalq hüququn subyekti kimi mövcudluğunu qoruyub saxlayacaq. Amma bədbinlərin, bədxahların gözləntiləri, planları puça çıxdı. Azərbaycan sürətli inkişaf xətti götürüb qarşılaşdığı çətinliklərin öhdəsindən gəldi, nüfuzlu dövlət kimi adını dünyanın siyasi tarixinə yazdırdı. İqtisadi-sosial problemlər arxada qaldı, cəmiyyət həyatının bütün sahələrində tənəzzülü tərəqqi əvəz etdi.

Sağlam bədəndə sağlam ruh olar. Müstəqil Azərbaycanın rəhbərliyi məhz bu prinsipdən çıxış edərək bədən tərbiyəsi və idmanın inkişafını daim diqqət mərkəzində saxlamış, millətin gələcəyi olan gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsini dövlətin prioritet fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdir. İlk növbədə idmanın maddi-texniki bazasının müasir tələblər səviyyəsində möhkəmləndirilməsinə diqqət yetirilmişdir. Nəticə artıq göz qabağındadır. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə bir-birinin ardınca idman obyektləri - müasir tipli olimpiya idman kompleksləri, stadionlar, voleybol və basketbol arenaları, tennis kortları, şahmat məktəbləri və s. inşa edildi, mövcud obyektlər yenidən quruldu. Hazırda ölkədə 10 mindən çox idman qurğusu fəaliyyət göstərir. Elə bir bölgə yoxdur ki, orada kifayət qədər idman obyektləri olmasın.

Beləliklə, müstəqil Azərbaycanda güclü idman potensialı formalaşmışdır. Müasir idman infrastrukturunun yaradılması sayəsində atletlərimizin uğurları ilbəil artır. Vaxtilə beynəlxalq turnirlərdə mükafat qazanan idmançılarımızı barmaqla saymaq olurdu. İndisə hər il yüzlərlə belə təmsilçimiz qələbə sevinci yaşayır. Bu baxımdan dünyanın ən böyük idman tədbirlərində - yay olimpiya oyunlarında idmançılarımızın qələbələrini qeyd etmək kifayətdir. Azərbaycan ilk dəfə müstəqil dövlət kimi qatıldığı Atlanta Olimpiadasında (1996) vur-tut 1 medal qazanmışdısa, Sidneydə (2000) 3 medal, Afinada (2004) 5 medal, Pekində (2008) 7 medal, Londonda (2012) 10 medal, Rio-de-Janeyroda (2016) isə nə az, nə çox - 18 medal qazanmışdır. Yəni olimpiyaçılarımız hər dəfə yeni milli rekorda imza atmışlar.

Bütün bunlarla yanaşı, Azərbaycan idmanın müxtəlif növləri üzrə çoxsaylı beynəlxalq turnirlərə, o cümlədən dünya və Avropa çempionatlarına evsahibliyi etmişdir. Ölkəmizin təşkilatçılıq qabiliyyəti beynəlxalq idman ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Azərbaycan idman ölkəsi kimi dünyada nüfuzunu təsdiqləmişdir. Odur ki, İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın sayca 4-cü İslam Oyunlarına evsahibliyi barədə namizədliyi irəli sürüləndə müsəlman dünyasının ən böyük idman tədbirini təşkil etmək yekdilliklə ölkəmizə həvalə olundu.

İslam aləminin olimpiadası - İslamiada dörd ildən bir keçirilir. Müsəlman ölkələrinin idmançılarını bir araya gətirən, islam həmrəyliyini möhkəmlətmək məqsədi güdən bu idman tədbiri 2005-ci ildə ilk dəfə Səudiyyə Ərəbistanının Məkkə şəhərində təşkil olunmuşdur. II İslam Həmrəyliyi Oyunlarını 2009-cu ildə İranın paytaxtı Tehran qəbul etməli idi. Amma İranla ərəb ölkələri arasında ixtilaflar üzündən ikinci İslamiada baş tutmadı və ləğv olundu. 2013-cü ildə İndoneziya 3-cü İslamiadaya evsahibliyi etdi. Cənubi Sumatra əyalətinin Palembanq şəhərində keçirilmiş Oyunların təşkili üçün ayrılmış vaxt çox az - bir neçə ay olsa da, III İslamiadanın təşkilat komitəsi işinin öhdəsindən layiqincə gəldi və idmançıların öz məharətlərini nümayiş etdirə bilmələri üçün lazımi şərait yaratdı.

İslamiadalarda Azərbaycan idmançıları da iştirak etmişlər. Özü də təmsilçilərimiz onlara bəslənən ümidləri tamamilə doğrultmuşlar. Atletlərimiz elə ilk İslamiadada təqdirəlayiq nəticə (15 medal - 4 qızıl, 4 gümüş, 7 bürünc) göstərərək ölkə sıralamasında 8-ci yeri tutmuşlar. III İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan yığma komandasının nailiyyəti daha yüksək olmuşdur: təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutmuşlar. Onu da qeyd etmək lazımdır ki, Oyunlara qatılmış ölkələrdən yalnız 29-u medal əldə edə bilmişdi. Şübhəsiz, bu, Azərbaycan kimi kiçik ölkə üçün böyük uğurdur.

İndi Bakı 4-cü, faktiki olaraq 3-cü İslamiadanı keçirir. Müsəlman atletlərinin paytaxtımızda görüşü, əvvəlki Oyunlardan fərqli olaraq, ən yüksək səviyyədə təşkil olunmuşdur. Ölkəmiz bu dəfə idman tədbirinin həm iştirakçısı, həm də təşkilatçısıdır. Bu isə Azərbaycanın İslam dünyasının idman hərəkatında liderlik mövqeyinə yüksəldiyinə dəlalət edir.

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 9.