İslam və idman

 

Bəzən İslam mədəniyyəti və İslam tarixi ilə idman oyunları arasında harmonik bağlılığa şübhə ilə yanaşanlar olur. Belələrinin qənaətinə görə, bütünlükdə idman İslam aləmi üçün mahiyyət etibarilə elə də böyük məna kəsb etmir. Lakin Müqəddəs Səmavi Kitabımızın tərcümələrini, Peyğəmbərin və İslam aləminin digər müqəddəs simalarının hədislərini oxuyanda fərqli bir mənzərənin - idmanın müxtəlif növlərinin sevilib təbliğ edilməsinin, rəngarəng yarışların keçirilməsinin Şərq dünyası üçün də vacib olduğuna  şahidlik edirik.

Həzrət Əli deyərdi ki, ürəklər yorula bildiyindən məna kəsb edən əməllə dincəlmək lazımdır. Məna kəsb edən əməl isə idmanın zəmanəyə uyğun keçirilən yarışları sayılırdı. Ümumiyyətlə, İslamın məqbul bildiyi yarışların təşkili, keçirilməsi Şərqdə həmişə dəstəklənib və təbliğ edilib. Müsəlmanların tək və ya kollektiv şəkildə qoşula bildiyi idman yarışlarının siyahısı da kifayət qədər genişdir. Çünki İslam dininə görə, idman cəldliyi artırır, insanları mətin və qətiyyətli edir, onlarda döyüşçü vərdişləri yaradır. Davamlı surətdə idmanla məşğul olmaq, yarışlara qoşulmaq insana sağlamlığını qorumağa, ruhunu mükəmməlliyə doğru cilalamağa da imkan verir. Bəli, İslam alimlərinin idmana yanaşması məhz belədir.

Bu baxımdan təsadüfi deyil ki, Qurani-Kərim də insanları yaxşı əməllərdə yarışa və bəhsə girməyə çağırır: “(Yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın” (Əl-Hədid surəsi, 21-ci ayə). Yeri gəlmişkən, Peyğəmbər və onun tərəfdaşları fiziki cəhətdən sağlam və hazırlıqlı insanlar idi. Peyğəmbər deyərdi ki, ox atmaqdan, at çapmaqdan, üzməkdən və ailə qayğılarından savayı insanı Allaha sitayişdən aralayan bütün hərəkətlər mənasız vaxt ötürmək deməkdir. Peyğəmbərin hədislərində o da var ki, sağlam, güclü inanc sahibi Tanrıya zəif insandan daha yaxındır. Bütün bunlar ona dəlalət edir ki, Qurani-Kərimdə, Peyğəmbərin və digər dini simaların hədislərində, İslam alimlərinin əsərlərində insan səhhəti, onun fiziki və ruhi sağlamlığının qorunması çox vacib sayılır. Ailə başçısı öz canını qorumaqla yanaşı, övladlarını da fiziki cəhətdən güclü və sağlam yetişdirməyə borcludur. Bu, hər bir valideynin boynuna qoyulan müqəddəs borcdur.

İslamda qaçış, gəzinti və s. kimi müasir idman növləri geniş təlqin edilir. Peyğəmbərin tərəfdaşları qaçışda yarışardılar. Həzrət Əlinin özü dərin və bilikli olduğu qədər də idmana xüsusi marağı olan adam kimi ən yaxşı qaçışçılardan sayılardı. Allahın Elçisi də belə yarışlardan kənarda qalmaz, əsabələrinə qoşulardı. Dini mənbələrə əsasən, İslamın təşəkkül tapdığı ilk illərdə Peyğəmbərin özünün güləş yarışlarında iştirak etməsi və hətta qalib gəlməsi göstərilir. İslam alimləri həmçinin təsdiq edirlər ki, qaçışda və idmanın digər rəva bilinən növlərində iştirak etmək hətta alimə zinət verərək onun nəcibliyinə və Tanrıya məhəbbətinə dəlalət edir.

Rəva bilinən oyunların sırasında isə ox atmaq, müxtəlif silahlardan atəş açmaq kimi müasir idman növləri də var. Peyğəmbər həmişə tövsiyə edərdi ki, ox atın və at çapın. O, ox atmaqda yarışan tərəfdaşlarını görərkən demişdi ki, atın, mən də sizin yanınızdayam. Hədislərdə isə onun üç dəfə “Ox, yay atmaq güc deməkdir” ifadəsi işlədilir. Peyğəmbərə görə ox, yay atmaq əyləncələrin ən yaxşısıdır.

İslam aləmində dəvələrlə yarışa, yelkənli qayıqlarda üzməyə də həmişə diqqət verilib. Hədislərdə deyilir ki, atın alnına qiyamətədək yaxşılıq və nəciblik həkk edilib. Təsadüfi deyil ki, Peyğəmbər həmişə cıdır yarışları keçirər, qalibləri mükafatlandırar, atları da xüsusi məhəbbətlə sevərdi.

Bu gün İslam dünyası idmanın əksər növlərinə açıqdır və Bakıda keçirilən İslamiada bir daha Şərq xalqlarının, əsasən də İslam dövlətlərinin idman oyunlarına dərin və tarixi bağlılığını təsdiq edir.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 9.