Qürur duyuruq

 

IV İslam Həmrəyliyi Oyunlarında qələbələr bir-birini əvəz edir

 

Azərbaycan xalqının tarixində əlamətdar hadisələr az olmayıb. Bütün dövrlərdə bir sıra sərt sınaqlardan çıxmış xalqımız milli varlığını qoruyub saxlayıb. Zaman keçdikcə, əlbəttə, inkişafla bağlı müəyyən dəyişikliklər baş verir. Artıq dünyada söz sahibi olan Azərbaycan Avropanın, eləcə də Şərq dünyasının, İslam aləminin mədəniyyət mərkəzlərindən olduğunu təsdiqləyib.

Müstəqilliyin bərpasından ötən müddət ərzində dövlətimizin keçdiyi inkişaf yolu örnək kimi dünya xalqları tərəfindən öyrənilməkdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənəsinin bu gün yüksək səviyyədə qorunub saxlanmasını inkar etmək qeyri-mümkündür. Son illər isə daha möhtəşəm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi artıq dünyanın nəzər-diqqətini cəlb etməyə başlayıb.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı düşüncələrimizi bölüşərkən ilk növbədə bildirməliyik ki, bu dəfə də açılış mərasiminin qeyri-adiliyi onun uzun müddət yaddaşlardan silinməyəcəyinə səbəb olacaq faktlardandır. Azərbaycanın nəyə qadir olduğunu növbəti dəfə təsdiqləyən Oyunların ilk anlarından özümüzü lazımi səviyyədə təqdim etdik. Açılışdakı ədəbi-bədii kompozisiyalara heyranlıqla tamaşa edən dünya Azərbaycanla nəfəs alırdı. Əlbəttə, bu, Oyunların Təşkilat Komitəsinin ciddi hazırlıqları ilə bağlıdır. Əvvəlki tədbirlərdə qazandığımız təcrübənin nəticəsi də burada az rol oynamır.

Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva möhtəşəm açılışda yaddaqalan çıxışı zamanı qeyd etdi ki, xalqımızın tərəqqiyə bağlılığı hamını ilhamlandırır: “Hamımız birgə əldə etdiyimiz nailiyyətlərlə fərəhlənə bilərik. Azərbaycan iki il öncə I Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda - IV İslam Həmrəyliyi Oyunlarında birləşdiririk”.

Açılış mərasimi zamanı nəinki xalqımızın idmana olan marağı, eyni zamanda tariximizin, mədəniyyət və incəsənətimizin zənginliyi təqdim edildi. Balaca Minanın simasında Azərbaycan məktəblisinin arzularının milliliyi qədər də bəşəriliyi özünü göstərdi. Bu, dünya xalqlarına, İslam aləmini hələ yaxşı tanımayanlara xüsusi mesaj idi. IV İslam Həmrəyliyi Oyunlarının ilk günündən idmançılarımızın qazandıqları qələbələr isə sevincimizə sevinc qatır.  Əminliklə deyə bilərik ki, bu Oyunlar heç zaman unudulmayacaq, Azərbaycanın nəinki idman, həm də mədəniyyətinin tarixində iz qoyacaq.

Əlbəttə, bu, adi bir idman yarışı sayıla bilməz. Əslində, siyasi mahiyyət daşıyan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın nəinki yerləşdiyimiz qitədə və ya Cənubi Qafqaz regionunda, artıq dünyada qəbul edilən nüfuzunun, demokratik ölkə imicinin təsdiqidir.

Bu Oyunların yüksək səviyyədə keçirildiyi barədə beynəlxalq mətbuatda da yetərincə informasiya yayılır. Oyunların canlı şahidi olan xalq kimi, biz çox xoşbəxtik. Sənətindən və ictimai-sosial statusundan asılı olmayaraq, hər birimizin maraq dairəsində olan IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəmliklə başa çatacağına inanırıq. Yeni qələbələr bizi gözləyir.

 

Azər Paşa NEMƏTOV,

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti,

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – direktoru

 

Azərbaycan.- 2017.- 21 may.- S. 10.