“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanını “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 324, ¹ 10, maddə 849; 2008, ¹ 7, maddə 612, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 10, maddə 851; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 9, maddə 856; 2014, ¹ 4, maddə 362) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.39-cu bənd ləğv edilsin.

2. Aşağıdakı məzmunda 9.5-1-ci və 9.5-2-ci bəndlər əlavə edilsin:

“9.5-1. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, milli antidopinq qurumu yaradır və onun müşahidə şurasının tərkibini müəyyən edir;

9.5-2. “İdmanda dopinq  vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, terapevtik istifadəyə icazə, intizam və apelyasiya qurumları yaradır və onların əsasnamələrini təsdiq edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 21 may.- S. 11.