ÜAK-ın ləğvi iki dost və qardaş ölkə arasında etimadsızlığa səbəb ola bilər

 

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi haqqında 15 may 2017-ci il tarixli qərarı, hüquqi baxımdan qeyri-qanuni olduğundan istər Rusiyada, istərsə də Azərbaycanda mütərəqqi fikirli adamlar tərəfindən birmənalı qarşılanmayıb. Bu təşkilat 2001-ci ildə ümummilli lider Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Konqresin ləğv edilməsi xəbərini eşidənlərdə ilk anda belə bir sual yaranır ki, dünya şöhrətli hər iki dövlət başçısının siyasi baxışlarının ziddinə getmək nə dərəcədə məqbul sayıla bilər?!

Ötən illər ərzində Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə müsbət təsir göstərmiş və bu, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. May ayının əvvəllərində Böyük Vətən müharibəsinin 72-ci ildönümü münasibətilə böyük təntənə ilə qeyd olunan 9 May Qələbə bayramı ərəfəsində dünyanın, xüsusilə Rusiyanın nüfuzlu qəzet və jurnalları öz səhifələrində dəfələrlə qeyd etmişlər ki, bu tarixi qələbənin qazanılmasında Bakı nefti və azərbaycanlıların istər ön, istərsə də arxa cəbhədə əvəzsiz xidmətləri olmuşdur. Bu faktı təsadüfən xatırlatmadıq. Nəinki qanlı-qadalı Böyük Vətən müharibəsi illərində, həmçinin ondan sonrakı quruculuq illərində də Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə almış, faydalı əməkdaşlıq əlaqələrini daim inkişaf etdirmişdir. Bütün dünya ictimaiyyəti bilir ki, Rusiya-Azərbaycan əməkdaşlığı ötən illər ərzində iqtisadi, elmi, humanitar və digər vacib sahələrdə yaxşı nəticələrə gətirib çıxarmışdır. Bu ənənələr üzərində pərvəriş tapan Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə Rusiya Ali Məhkəməsinin son qoyması əlbəttə ki, təəccüb doğurur. Bu qərar Rusiyada yaşayan soydaşlarımıza qarşı hörmətsizlik və təbii ki, onların narazılığına səbəb ola biləcək yanlış addımdır.

Siyasi müstəvidə milli azlıqların qeyri-hökumət təşkilatlarına münasibətdə konqresə qarşı bu cür ayrı-seçkilik ictimai rəydə dostluğun qeyri-səmimi təzahürü kimi qiymətləndirilir. Həm də Azərbaycan-Rusiya dialoqu və çoxşaxəli əməkdaşlığının dərinləşməsi şəraitində belə bir gözlənilməz qərarın verilməsi iki ölkənin iqtisadi, siyasi və mədəni əlaqələrinin inkişafına kölgə sala bilir. Rusiyadakı bəzi antiazərbaycan dairələr, dövlət orqanlarındakı ermənipərəst qüvvələr, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətlərini davam etdirirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələlərinin həlli yolunda ciddi addımların atıldığı bir vaxtda xırda texniki məsələlərə görə ÜAK-ın qeydiyyatının ləğv edilməsi həm də Rusiyanın tərəfsiz vasitəçi missiyasını zərbə altında qoyur. Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər. Qeyd edək ki, Ümumrusiya Azərbaycanlıları Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, eləcə də iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması, mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib. Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bu ölkədə yaşayan azərbaycanlı icma xüsusi rol oynayır. Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi, rifahı naminə səy və bacarıqlarını əsirgəmirlər. Həmçinin Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Belə olan halda ÜAK-ın qeydiyyatının ləğvi həm Rusiyada yaşayan azərbaycanlılara, həm də Azərbaycanda yaşayan ruslara qarşı hörmətsizlikdir. Bu, həm də Rusiya Federasiyasının paytaxt və bölgələrində idarəetmə qurumlarında, elm və istehsalatda, firma və şirkətlərdə, sənaye və kənd təsərrüfatı sahələrində çalışan minlərlə insanın hüquqlarının pozulması, ictimai etimadın itirilməsi deməkdir. Belə xoşagəlməz münasibətdə hər iki dost və qardaş ölkə, eləcə də insanlar arasında inam, etibar qırılır.

Rusiya Federasiyasında yaşayan 2 milyondan çox azərbaycanlını öz sıralarında birləşdirən ÜAK 16 illik fəaliyyəti ərzində vətəndaş sülhünün və millətlərarası həmrəyliyin möhkəmləndirilməsinə dəstək göstərilməsində, Rusiya ilə Azərbaycanın sosial-iqtisadi və mədəni əməkdaşlığının inkişafında və dərinləşməsində böyük rol oynayıb. Konqres iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar münasibətlərin möhkəmlənməsində körpü rolunu oynayır. Bu kimi qayğıların nəticəsidir ki, Rusiya ilə Azərbaycan arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Azərbaycan ən ali tribunalarda Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da intensivləşməsində maraqlı olub. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il avqustun 8-də Bakıda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlərin bizim həyatımızın, demək olar ki, bütün sahələrini əhatə etdiyini bildirib. Rusiya Prezidenti Vladimir Putin iki dövlət arasındakı münasibətlərin kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malik olduğunu deyib. Rusiyanın dövlət başçısı Azərbaycanda təxminən 600 Rusiya şirkətinin işlədiyini, birbaşa investisiyaların həcminin 1,5 milyard dollara yaxın olduğunu söyləyib.

Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayan bu qərara əsasən, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, həm də müxtəlif xalqların nümayəndələrinin yaşadığı Rusiya kimi çoxmilyonlu ölkədə millətlərarası münasibətləri təhdid edən addımdır. Bütün bunlara rəğmən hər iki ölkə vətəndaşlarının ürəyindən xəbər verən fikri tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov mətbuata açıqlamasında deyib: “ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir. Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədirlər. Onlar hər zaman Rusiya Prezidenti Vladimir Putini dəstəkləyirlər. Ona görə də Rusiya bu addımı atmamalı idi. Məncə Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. Ümumrusiya Azərbaycanlıları Konqresinə normal fəaliyyət göstərmək üçün şərait yaradılsın”.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 15.