Avropa Xəbər Agentlikləri Alyansının illik konfransı

 

Xəbər verdiyimiz kimi, mayın 18-19-da Kiprin cənub-şərqində yerləşən Ayiya-Napa kurort şəhərciyində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) illik konfransı keçirilib. Konfransın işində 2008-ci ildən AZƏRTAC-ın da üzvü olduğu bu təşkilatın nümayəndələri iştirak ediblər.

“Xəbər agentliklərində müstəqil jurnalistikanın maliyyələşdirilməsi və dəstəklənməsi” mövzusuna həsr edilmiş bu konfransda AZƏRTAC-ı agentliyin Almaniyadakı xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov və agentliyin Macarıstandakı xüsusi müxbiri Pərvanə Qarayeva təmsil ediblər.

Konfransın açılışında Kipr Xəbər Agentliyinin idarə heyətinin sədri Larkos Larku tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara səmərəli dialoq arzulayıb. EANA-nın prezidenti Yonas Erikson çıxışında mövzu ilə bağlı fikirlərini və təkliflərini bildirib. Sonra Pyu Tədqiqat Mərkəzinin (Pew Research Center) direktoru Cessi Xolkombun təqdimatı dinlənilib. Müzakirələrdə Fransanın Frans-Press, Almaniyanın dpa, İspaniyanın EFE, Britaniyanın Press Association və Rusiyanın TASS agentliklərinin nümayəndələri çıxış ediblər.

AZƏRTAC-ın əməkdaşı Vüqar Seyidov son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məruzə ilə çıxış edib. O, bu günlərdə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, habelə ötən ilin noyabrında AZƏRTAC-ın evsahibliyi etdiyi iki tədbir - Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, 2019-cu ilədək hər iki beynəlxalq media qurumuna AZƏRTAC sədrlik edəcək. Konfrans iştirakçıları hər iki tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər.

Məruzəsində ənənəvi jurnalistikanın sosial media və müxtəlif şəbəkə platformaları ilə qarşılıqlı fəaliyyətindən danışan V.Seyidov AZƏRTAC-ın da Facebook, Twitter, Youtube və digər sosial şəbəkələrdə fəal iştirakı məsələlərinə toxunub. EANA-nın üzvü olan bir sıra aparıcı xəbər agentliklərinin nümayəndələri OANA ilə əməkdaşlıqda maraqlı olduqlarını, təşkilatın növbəti iclaslarında təqdimatlarla çıxış etmək istədiklərini bildiriblər.

 

Azərbaycan.- 2017.- 21 may.- S. 16.