Gəncədə ucaltdığı Heydər Əliyev abidəsinə görə Moskvadaqızıl medala layiq görüldü

 

Ümummilli lider Heydər Əliyevin və görkəmli dövlət xadimi Nəriman Nərimanovun Gəncədə ucaldılmış abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülən Gəncə şəhərinin baş rəssamı, heykəltəraş Şərif Şərifov özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Ona görə yox ki, o, Rusiyanın ali mükafatına layiq görülüb. Ona görə ki, Azərbaycan xalqının iki böyük şəxsiyyətini, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli dövlət xadimi Nəriman Nərimanovun obrazlarını yarada bilib.

70 illik ömrünün 50 ilini incəsənətin heykəltəraşlıq, rəssamlıq sahələrinə həsr edən, bir çox monumental və iri heykəltəraşlıq abidələri ilə sənətdə öz sözünü deyən Şərif Şərifov 15 ildən çoxdur ki, Gəncə şəhərinin baş rəssamı vəzifəsində çalışır. Azərbaycanın bu qədim şəhərinin elə bir sahəsi yoxdur ki, orada sənətkarın əl izləri olmasın.

2006-cı ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüş Şərif Şərifov 2012-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Onun Moskva Şərq Xalqları Muzeyində, Rusiya Rəssamlıq Akademiyasının Sərgi salonunda, Rusiyanın bir sıra muzey və qalereyalarında, həmçinin Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və respublikamızın bir sıra muzey və qalereyalarında 50-dən artıq əsəri nümayiş etdirilir.

Heykəltəraş kimi ilk uğurlu işi görkəmli dövlət xadimi Nəriman Nərimanovun abidəsi olsa da, onu daha çox tanıdan və sevdirən ümummilli lider Heydər Əliyevin Gəncədə ucaldılmış möhtəşəm heykəli olmuşdur.

Şərif Şərifov sevinir ki, ona verilən bu ali mükafat ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf edib. Vaxtilə onun müəllimi olmuş Rusiya Rəssamlıq Akademiyasının prezidenti, dünya şöhrətli heykəltəraş Zurab Seretelinin bu medalı ona təqdim etməsi həyatının ən xoşbəxt günlərindən biridir. Mükafatın təqdimetmə mərasimində akademiyanın üzvü Nataliya Vyatkinanın, dünya şöhrətli rəssam Tahir Salahovun, akademiyanın heykəltəraşlıq bölməsinin rəhbəri Aleksandr Kurqanovun və digərlərinin onun haqqında söylədikləri xoş sözlər isə Şərif Şərifova yeni yaradıcılıq üçün stimul vermişdir.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 23 may.- S.11.