Azərbaycanın Müdafiə naziri Gürcüstanda görüşlər keçirib

 

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Tbilisidəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.

Sonra nazir Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki Ağsaqqallar Şurasının rəhbərliyi, eləcə də icma nümayəndələri və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanların valideynləri və yaxınları ilə görüşüb. Nazir soydaşlarımıza Prezident, Ali Baş Komandan İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycan dövlətinin onlara daim diqqət və qayğı göstərdiyini bildirib.

Z.Həsənov diqqətə çatdırıb ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən oğulları sırasında Gürcüstanda doğulub boya-başa çatan insanlar da var. Onların bir neçəsi orden və medallarla təltif olunub. Soydaşlarımızdan biri - Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Elşən Məmmədov Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülüb.

Nazir medalı şəhidin atası Vaqif Məmmədova təqdim edib. Şəhid atası Azərbaycan dövlətinin, şəxsən Prezident və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini bildirib və oğlu ilə qürur duyduğunu vurğulayıb. O, çıxışını “Vətən sağ olsun” sözləri ilə bitirib.

Z.Həsənov ötən ilin aprel döyüşlərində şəhid olmuş pilot, “Azərbaycan Bayrağı” ordenli, Dmanisi rayonunun Yaqublu kəndindən olan Təbriz Musazadənin əmisi Vaqif Musazadəyə Müdafiə Nazirliyinin xatirə hədiyyəsini verib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

 

 

***

 

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Müdafiə naziri cənab Levan İzoria ilə görüşüb.

Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.

Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.

Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.

Sonra Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onların xatirəsini yad ediblər.

 

Azərbaycan.- 2017.- 23 may.- S.11.