Bir gündə 8 medal

 

Güləşçilərimiz 12 qızıl, 6 gümüş, 5 bürünc mükafatla “Bakı-2017”nin ən güclüləri oldular

 

Azərbaycan güləşi daim özünün tarixi ənənəsini qoruyub saxlayıb. Pəhləvanlarımız güləşin bütün növlərində Avropa, dünya birinciliklərində, olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda çıxış edib, öz ustalıqları ilə idman həvəskarlarının rəğbətini qazanıblar.

Paytaxtımızda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma və sərbəst güləşçilərimiz ümumilikdə 15 medal (8 qızıl, 3 gümüş, 4 bürünc) qazanmaqla müsəlman dünyasının ən güclüsü olduqlarını nümayiş etdirdilər.

Mayın 21-də zəfər estafetini qadın güləşçilərimiz qazandıqları 8 medalla (4 qızıl, 3 gümüş,1 bürünc) davam etdiriblər. Onu da qeyd edək ki, son illərdə ölkəmizdə populyarlıq qazanan qadın güləşinə də xüsusi maraq göstərilir. Diqqəti artıran ən vacib amil isə, təbii ki, qazanılan nailiyyətlərdir. Ölkəmizin hesabına qadın güləşi üzrə Avropa çempionatlarında ilk qızıl medalı 2008-ci ildə Finlandiyada Mariya Stadnik yazdırıb. Mariya həmin il Pekin Olimpiadasında bürünc medala layiq görülüb.

 

I Avropa Oyunlarından Rio Olimpiadasınadək

 

Qadın güləşçilərimiz həm paytaxtımızda, həm də dünyada təşkil edilən nüfuzlu turnirlərdə uğurlu çıxışlarını davam etdirirlər. Onlar öz çəkilərində dünyanın ən güclüləri hesab edilir. Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunlarında xanım güləşçilərimiz 2 yarış günündə 3 medal (2 qızıl, 1 bürünc) qazanmaqla komanda hesabında 1-ci yeri tutublar. 48 kq çəki dərəcəsində yarışda Azərbaycanı Mariya Stadnik təmsil edib. Dünya və dördqat Avropa çempionu Mariya portuqaliyalı Liliana Kosta dos Santosa, fransalı Julye Sabatyeyə, polşalı İvona Matkovskaya və bolqarıstanlı Eltsa Yankovaya qalib gələrək Avropa Oyunlarının qızıl medalına da sahib olub.

55 kq çəki dərəcəsində mübarizədə ölkəmizi təmsil edən Natalya Sinişin yarımfinalda İsveç güləşçisi Sofia Mattssona uduzsa da, bürünc medal uğrunda mübarizədə almaniyalı Tatyana Kitə qalib gələrək “Bakı-2015”i 3-cü yerdə başa vurub.

53 kq çəki dərəcəsində təmsilçimiz Anjela Doroqan türkiyəli Merve Kengeri, macarıstanlı Mersedes Denisi və rumıniyalı Natalya Budunu məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə isə polşalı Roksana Zasinaya qalib gələrək Avropa Oyunlarının qızıl medalına layiq görülüb.

Eyni uğurlar 2016-cı ildə Rio Olimpiadasında da təkrarlandı. Qadın güləşçilərin yarışında 3 idmançı ilə təmsil olunan Azərbaycan baş məşqçi Semyon Çterevin rəhbərliyi altında 1 gümüş və 1 bürünc medal qazanıb. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnsə də, Nataliya Sinişin (53 kq) təsəlliverici görüşlərin yekununda bürünc medala layiq görülüb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutub.

 

30 saniyədə gələn qalibiyyət

 

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında Heydər Əliyev adına İdman Sarayında 48 kq, 53 kq, 55 kq, 58 kq, 60 kq, 63 kq, 69 kq və 75 kq çəki dərəcələrində xanım güləşçilər xalça üzərinə çıxıblar.

Onu da qeyd edək ki, iştirakçıların sayı beş və ya daha az idmançı olan çəki dərəcələrində mübarizə dairəvi sistem üzrə aparılıb. Ən çox qələbə qazanan idmançı həmin çəki dərəcəsi üzrə qalib elan edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final görüşlərinə baxıb.

53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova cəmi 3 güləşçinin iştirak etdiyi yarışda çıxış edib. Burada qalib dairəvi sistemlə gedən mübarizənin yekununda müəyyənləşib. Güləşçimiz ilk olaraq türkiyəli Burcu Kebiçə qalib gəlib. Daha sonra qazaxıstanlı Aygül Nuralimi məğlub edən Leyla İslamiadanın qızıl medalına sahib olub.

48 kq çəki dərəcəsində isə ölkəmizin idman şərəfini Mariya Stadnik qoruyub. Dairəvi sistem üzrə aparılan mübarizədə Mariya ilk olaraq əlcəzairli Keyra Yahyaui ilə qarşılaşıb və cəmi 30 saniyəyə rəqibini mübarizədən kənarlaşdırıb. Həlledici qarşılaşmada Azərbaycan güləşçisinin rəqibi türkiyəli Evin Demirhan olub. Görüşü qalib başa vuran Mariya İslamiadada ölkəmizin hesabına 70-ci qızıl medalı yazdırıb.

Qaliblərə medalları Birinci vitse-prezident Mehriban Əliyeva təqdim edib.

 

İslamiadanın “qızıl” xanımları

 

69 kq çəki dərəcəsində yarışan Elis Manolova turnirə 1/4 finaldan başlayıb. Bu mərhələdə kamerunlu Blandin Epanqa Metaladan üstün olan Elis yarımfinalda türkiyəli Buse Tosun ilə qarşılaşıb. Təmsilçimiz türk rəqibi ilə görüşdə 4:10 hesabı ilə geri düşsə də, sona saniyələr qalmış rəqibin kürəyini xalçaya sıxaraq təmiz qələbə ilə finala yüksəlib. Həlledici mərhələdə rəqib qazaxıstanlı Jamila Bakbergenova olub. Rəqibinin kürəyini yerə vuran Elis Manolova “Bakı-2017”nin qızıl medalını qazanıb.

Qaliblərə medalları Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

60 kq çəkidə yarışan təmsilçimiz Tatyana Omelçenko da dairəvi sistemlə çıxış edib. O, ilk cəhdində kamerunlu Tiako Essombeyə qalib gəlib. Final xarakterli ikinci qarşılaşmada Türkiyə güləşçisi Qamze Nur Adakanı da vaxtından əvvəl təmiz qələbə ilə məğlub edən xanım güləşçimiz İslamiadanın çempionu olub.

 

Gümüş və bürünc mükafatçılar

 

55 kq çəkidə yarışan Natalya Sinişin də dairəvi üsulla yarışıb. Natalyanın ilk rəqibi qazaxıstanlı Emma Tissina olub. İdmançımız tuşe ilə qələbə qazanıb. Ardınca Nigeriya təmsilçisi Odunoyu Adekuoroye ilə qarşılaşan güləşçimiz xalçanı məğlub tərk edib. Natalya sonuncu görüşdə Türkiyə təmsilçisi Bediha Günə qalib gəlib. Lakin nigeriyalı güləşçinin hər üç görüşdə qələbə qazanması təmsilçimizin İslamiadanı gümüş medalla başa vurması ilə nəticələnib.

58 kq çəki dərəcəsində yarışan Alyona Kolesnik dairəvi üsulla mübarizə aparıb. İlk olaraq türkiyəli Dərya Bayhanla qarşılaşan Alyona güləşdən qalib ayrılıb. Final xarakterli son görüşdə güləşçimiz Qırğızıstan təmsilçisi Aysulu Tinibekovaya uduzaraq “Bakı-2017”ni gümüş medalla başa vurub.

75 kq çəkidə təmsilçimiz Səbirə Əliyeva 5 güləşçinin yer aldığı dairəvi sistemdə mübarizəyə qoşulub. İlk görüşünü qazaxıstanlı İrina Kazyulinaya qarşı keçirən idmançımız vaxtından əvvəl qələbə qazanıb. O, qrupdakı ikinci görüşündə misirli Hamza Samarla qarşılaşıb. Görüş rəqibin qalibiyyəti ilə başa çatıb. Üçüncü görüşdə Səbirənin rəqibi qırğız Aypəri Mədətqızı olub. Gərgin keçən mübarizənin qalibi təmsilçimiz olub. O, yarışın sonuna 20 saniyə qalmış rəqibini tuşe fəndi ilə məğlubiyyətə uğradıb. Sonuncu görüşdə təmsilçimiz türkiyəli Yasemin Adara uduzaraq İslamiadanı “gümüş”lə başa vurub.

63 kq çəkidə yarışan Elmira Qəmbərova pley-off sistemində mübarizə aparıb. Yarışa yarımfinaldan başlayan Elmira nigeriyalı Blessinq Oborududla qarşılaşıb. Görüş Nigeriya güləşçisinin xeyrinə başa çatıb. Elmira Qəmbərova isə bürünc medal uğrunda kamerunlu Etane Nqollayla güləşib. Yekunda 8:0 hesabı ilə qalib gələn təmsilçimiz İslamiadanı 3-cü yerdə başa vurub.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 23 may.- S.6.