Olqadan qızıl "dubl"

 

Suyatullanma yarışlarında 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan atletlərimiz yeni rekord müəyyənləşdirdilər

 

Dünən möhtəşəm bağlanış mərasimi ilə başa çatan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları doğma divarlar arasında uğurlu çıxışları ilə  ölkəmizi layiqincə təmsil etdilər.

Azərbaycan milli komandasının atletləri də əksər yarış növündə ölkəmizə medallar qazandırmağa nail oldular. Hətta ilk dəfə olaraq beynəlxalq turnirlərdə idmanın həndbol, suyatullanma yarışlarında qızıl medallar, atıcılıq yarışlarında yeni rekordlara imza atdıq.

Adını Azərbaycanın idman tarixinə yazdıran atletimiz Olqa Bıkovskaya qadınlar arasında suyatullanma yarışlarında 2 qızıl medal qazanaraq ona bəslənən ümidləri doğrultdu. Ümumiyyətlə, suyatullanma yarışlarında yığmamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla yeni rekord müəyyənləşdirdi.

Mayın 18-də Su İdmanı Sarayında start götürən İslamiadanın suyatullanma yarışlarına mayın 21-də yekun vuruldu. 4 gün davam edən 3 metrlik tramplin, 10 metrlik platforma, sinxronlaşdırılmış 3 metrlik tramplin və sinxronlaşdırılmış 10 metrlik platforma üzrə yarışlarda 5 ölkənin - Azərbaycan, Türkiyə, İran, İraq və İndoneziya millilərinin 14 atleti mübarizə apardı.

 Turnirin ilk günündə kişi idmançılar arasında 3 metr hündürlükdə tramplindən suyatullanmada ölkəmizi təmsil edən atlet Dmitri Sorokin bürünc medal qazandı. Qadınlar arasında 10 metr platformadan suyatullanma yarışlarında isə təmsilçimiz Olqa Bıkovskaya Azərbaycanın hesabına  qızıl medal yazdırdı.

Kişilər arasında 3 metr hündürlükdə tramplindən suyatullanma üzrə yarışlarda isə Artyom Danilov və Dmitri Sorokin cütlüyü bürünc medal qazandı.

Mayın 21-də kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suyatullanma və qadınlar arasında 3 metrlik tramplindən suyatullanma üzrə final yarışları keçirildi.

Kişilər arasında yarışda ölkəmizi Artyom Danilov - Dmitri Sorokin cütlüyü, qadınların mübarizəsində isə Olqa Bıkovskaya təmsil edərək Azərbaycana növbəti medallar qazandırdılar.

Qadınların 3 metrlik tramplindən suyatullanma üzrə final yarışları zamanı 5 cəhdin yekununda 223.10 xal toplayan Olqa Bıkovskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Gümüş medalı türkiyəli Keskin Yaprak Seli (177,40), bürünc medalı indoneziyalı idmançı Della Harimurti (168.75) qazandı.

Su İdmanı Sarayında ikinci dəfə Azərbaycan himnini səsləndirən Olqa Bıkovskaya Azərbaycan idmanında yeni rekorda imza atdı.

Kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suyatullanma yarışında isə Artyom Danilov - Dmitri Sorokin dueti 265,11 xal toplayaraq gümüş medal qazandı. Bu yarışda qızıl medallara 326,04 xalla İran təmsilçiləri sahib oldular.

Beləliklə, Azərbaycan idmançıları suyatullanma yarışlarında ölkəmizi layiqincə təmsil edərək İslamiadanı 6 medalla başa vurdular.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 23 may.- S.6.