Cəsarət, iradə və güc nümayişi

 

Zorxana yarışlarını 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vuran pəhləvanlarımız tarixi uğura imza atdılar

 

Azərbaycanın evsahibliyi etdiyi daha bir beynəlxalq idman yarışı - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları uğurla başlayıb möhtəşəm sonluqla yekunlaşdı. İslamiada çərçivəsində keçirilən bu yarış bir-birindən maraqlı mübarizələrlə yadda qaldı.

Mayın 21 və 22-də “Baku Crystal Hall-2”də keçirilən zorxana yarışlarına da  azarkeşlər çox maraq göstərdilər. Azərbaycanın qədim idman növlərindən biri olan zorxana ölkəmizdə geniş yayılmasa da, pəhləvanlarımızın bu yarışdakı uğurlu çıxışları hər kəsin diqqətini cəlb etdi. Əlavə edək ki, zorxana üzrə ilk dünya kuboku da Azərbaycanda keçirilib. 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxil ediən zorxana yarışlarında pəhləvanlar həqiqətən əsl cəsarət, iradə və güc nümayiş etdirməklə fərdi bacarıqlarını ortaya qoyurlar. Sərdəmdə oturan mürşidin (zərb aləti ilə zorxana ritmlərini ifa edən şəxs) ifa etdiyi ritmik musiqinin sədaları altında mübarizə aparan pəhləvanlar arasında Azərbaycan idmançıları xüsusilə seçildilər. Yarışların ilk günündə komanda hərəkətlərində milli komandamızın üzvləri 581 xal toplayaraq gümüş medallara sahib çıxdılar.

Mayın 21-də isə zorxanada fərdi yarışlar keçirildi. Bu yarışlarda ümumilikdə 10 ölkə - Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan, Toqo və Uqanda millilərinin pəhləvanları mübarizə apardı. Yarışlarda ölkəmizi 5 idmançı - Tural Əliyev, Rüfət Gülalıyev, Orxan Xanlarov, Xəyyam Orucov və Məmməd Salamov təmsil edirdi.

Pəhləvanlar fərdi yarışlarda zorxananın milbazi, milsəngin, kəbbadə, səng, çərxi-tiz və çərxi-çəməni yarış növləri üzrə məharətlərini göstərərək İslamiadanın medallarına sahib çıxdılar.

İlk olaraq zorxananın səngi növü üzrə mübarizə keçirildi. Bu yarışda 10 ölkənin pəhləvanları məharətlərini nümayiş etdirdilər. Yarışlarda bütün rəqiblərindən üstün olan millimizin pəhləvanı Rüfət Gülalıyev hakimlərin qərarına əsasən qızıl medala layiq görüldü. Gümüş medala iranlı Mobin Zibalağa, bürünc medallara əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib oldular.

Sonra yarışlarda milbazi növü üzrə mübarizəyə start verildi. Bu yarışlarda 9 ölkənin pəhləvanları mübarizə aparırdı. Millimizin üzvü Xəyyam Orucovun qatıldığı yarışda ən yaxşı nəticəni iranlı Pejam Sokonati göstərdi. X.Orucovun nəticəsi isə gümüş medalla qiymətləndirildi. Bürünc medalları əfqanıstanlı Şakib Əhməd Atahi və Pakistan təmsilçisi Əhməd Sərdar Ərbab Xan qazandılar.

9 ölkənin idmançılarının iştirak etdikləri çərxi-tiz üzrə yarışda isə millimizin üzvü Orxan Xanlarov komandamızın aktivinə üçüncü medalı yazdırdı. Hakimlərin qərarına əsasən Orxan Xanlarov bürünc medala layiq görüldü. Bu növdə qızıl medal iranlı Əli Caliloya, gümüş medal iraqlı Caber Abdulamerə, bürünc medal isə əfqanıstanlı Həsən Muştaq Şərifə nəsib oldu.

Kəbbadə növü üzrə yarışlarda da qızıl medalı 646.5 xal toplayan İran təmsilçisi Möhsün Gülüstani Zadə qazandı. İraqlı Caber Abdulamer gümüş (635.5) medala sahib çıxdı. 572 xal toplayan millimizin üzvü Məmməd Salamov Azərbaycanın aktivinə bürünc medal yazdırdı. Digər bürünc medala Tacikistan təmsilçisi İsmoil Sanqov yiyələndi.

Çərxi-tiz üzrə yarışda bürünc medal qazanan komandamızın üzvü Orxan Xanlarov çərxi-çəmənidə daha yaxşı nəticə göstərərək Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırdı. Zorxananın milbazi növü üzrə yarışların gümüş medalına sahib çıxan komandamızın pəhləvanı Xəyyam Orucov isə misləngin üzrə çıxışlarda 3-cü yeri tutaraq özünün ikinci, komandasının 6-cı medalını qazandı və bununla da “Baku Crystal Hall-2”də iki gün davam edən zorxana yarışlarına yekun vuruldu.

Beləliklə, bu yarışı komandamız 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vuraraq  Azərbaycanın aktivinə 7 medal yazdırdı.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 23 may.- S.7.