Basketbolda tam liderlik

 

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışları başa çatdı. Həmin gün ilk olaraq mayın 20-də əlverişsiz hava şəraitinə görə təxirə salınmış oyunlar keçirildi.

Yarımfinala çıxmaq uğrunda qadınlar arasında Türkiyə ilə Əlcəzair, Azərbaycanla İndoneziya, kişilər arasında isə Qətərlə Səudiyyə Ərəbistanı və Türkmənistanla Mali komandaları mübarizə apardılar.

Qadınların mübarizəsində Türkiyə millisi Əlcəzair yığmasını mübarizədən uzaqlaşdırdı - 12:7. Azərbaycanın basketbolçuları isə İndoneziya yığmasına 20:9 hesabı ilə qalib gələrək yarımfinala yüksəldilər.

Kişilərin mübarizəsində Qətər millisi Səudiyyə Ərəbistanına 15:7 hesabı ilə qalib gəldi. Türkmənistan basketbolçuları isə Mali yığmasından üstün oldular - 13:10.

Beləliklə, qadınların yarışında Azərbaycan, Türkiyə, Mali və Türkmənistan, kişilərin mübarizəsində Azərbaycan, Türkiyə, Qətər və Türkmənistan basketbolçuları yarımfinalda mübarizə aparmaq üçün vəsiqə qazandılar.

Yarımfinalda isə Azərbaycanın qadın və kişi basketbolçuları Türkiyə idmançıları ilə qarşılaşdılar. Bu oyunlarda qadın basketbolçularımız 17:7, kişi idmançılarımız isə 19:14 hesabı ilə qalib gəldilər.

Hər iki kateqoriyada yarımfinalın digər iştirakçısı Türkmənistanın qadın basketbolçuları Maliyə (9:13), kişi atletləri isə Qətərə (14:21) məğlub oldular.

Beləliklə, basketbol 3x3 üzrə qadınların yarışında Azərbaycan millisi finalda Mali, kişilərin mübarizəsində isə komandamız Qətər yığması ilə qarşılaşdı.

Qadınların mübarizəsində milli komandamız həlledici qarşılaşmada Mali yığmasını 13:7 hesabı ilə məğlub edərək qızıl medala sahib oldu. Üçüncü yer uğrunda görüşdə isə Türkiyə yığması Türkmənistan millisinə 13:9 hesabı ilə qalib gəldi.

Kişilərin mübarizəsində isə Azərbaycanın millisi Qətər yığmasına 13:9 hesabı ilə qalib gələrək İslamiadanın çempionu oldu. Bürünc medalı isə Türkiyə yığması qazandı.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 23 may.- S.8.