Azərbaycanda turizmin inkişafına diqqət artırılıb

 

Son illər ölkəmizdə bir sıra sahələrlə yanaşı, turizmin inkişafına da diqqət artıb. Onun müxtəlif növlərinə yeniləri əlavə olunur. Çimərlik turizmi isə ölkəmizdə ənənəvi və ən çox maraq göstərilən istiqamətlərdən biri olaraq qalır. Bu sahədə mövcud olan problemlər isə indiyədək onun inkişafını ləngidirdi.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunan tədbirlər çimərlik turizminin ayrıca bir istiqamət kimi inkişafı üçün geniş imkanlar açır. Belə ki, sənəddə çimərliklərə dair hüquqi bazanın, infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, ətraf mühiti mühafizə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, eləcə də çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı işlərin icra edilməsi nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov təsdiq olunan sənədin çimərlik turizminə kompleks yanaşmağa imkan verəcəyini qeyd edir: “Ölkə başçısının imzaladığı sərəncam 4 ili əhatə edir. Bu müddət ərzində ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Azərbaycanda həm Bakı və Abşeron yarımadasında, həm də Xəzər dənizi sahilində olan regionlarda çimərlik turizminin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Amma bu sərəncam yalnız Xəzər dənizi sahilləri ilə məhdudlaşmır, ölkə ərazisində olan müxtəlif göllər, çaylar və insanların istirahəti üçün imkanları olan su anbarlarını da əhatə edir”.

Ötən ildən ölkəmizə başlayan turist axınının bu il daha çox olacağı gözlənilir. Bunu nəzərə alaraq, Azərbaycanda çimərlik turizminin beynəlxalq standartlara uyğun təqdim olunması, eyni zamanda mövsüm günlərinin artırılması nəzərdə tutulub. Məlumdur ki, Azərbaycanda hava şəraitindən asılı olaraq çimərlik turizmindən təxminən iyul-avqust aylarında istifadə olunur. Normalara uyğun çimərlik turizmi infrastrukturu yaradılarsa, iyunun sonundan sentyabrın əvvəllərinədək həm Azərbaycan vətəndaşları, həm də xarici turistlər bu imkanlardan istifadə edə biləcəklər.

İstər yerli vətəndaşlar, istərsə də xaricilər çox zaman hotel qiymətlərinin baha olmasından gileylənirlər. “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə mehmanxana və yerləşdirmə obyektlərinin sayının artırılması, turizm rekreasiya zonalarının yaradılması qiymət məsələsini tənzimləməyə imkan yaradacaq. Yeni mehmanxanaların sayı artdıqca, xidmət səviyyəsi yüksəldikcə onlar arasında rəqabətin də artacağı, bunun nəticəsində isə daha ucuz qiymət, yüksək keyfiyyət strategiyasının formalaşacağı gözlənilir.

Məqsəd müvafiq standartlara uyğun, ekoloji cəhətdən təmiz çimərlik imkanlarının həm ölkə vətəndaşlarına, həm də xarici turistlərə təqdim olunmasından ibarətdir. Tədbirlər planına əsasən, bütün sahilboyu çimərliklərdə təmizlənmə işləri görüləcək, 200 metr ara məsafəsi məsələsinə nəzarət olunacaq, qum olmayan yerlərdə süni qumluqlar yaradılacaq.

Çimərliklərimizin ən böyük nöqsanlarından biri də mövsüm vaxtı tullantılarla ətraf mühitin çirkləndirilməsidir. Bu problemin aradan qaldırılması istiqamətində də vacib işlər görüləcək. Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili, ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin təmin edilməsi tədbirlər planına uyğun olaraq nəzərdə tutulub.

Çimərliklərə üz tutanlar istirahət etmək, gözəl anlar yaşamaq arzusundadırlar. Amma təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmaması bəzən onların faciəsinə çevrilir, özlərinin, ya da yaxınlarının həyatına son qoyur. İndiyədək əsas şikayətlərdən biri də bu istiqamətdə mədsədyönlü işlərin aparılmaması idi. Sənədə əsasən çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyəti məhdudlaşdırılacaq, su hövzəsinin çimərliyə aid olan hissəsində xilasetmə, su nəqliyyatı vasitələri ilə xidmət göstərilməsi mexanizmi yaradılacaq, çimərlik operatorları ilə müqavilə əsasında çimərlik ərazisinin su akvatoriyasını təmizləmək mexanizminin yaradılması ilə bağlı tədbirlər görüləcək.

Azərbaycanın hədəfi yaxın 5 ildə dünya ölkələri arasında populyar turizm məkanına çevrilməkdir. Ölkə başçısı son bir neçə ildə turizm sektorunun inkişafı ilə əlaqədar bir sıra sərəncam və fərmanlar imzalayıb. Ən son sərəncam çimərlik turizmi ilə bağlı oldu. Sənəddə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə edilməsi, mövcud çimərliklərin fəaliyyətinin təkmilləşdirilməsi və xidmət səviyyəsinin yaxşılaşdırılmasına dair təkliflərin hazırlanması və müasir tələblərə uyğun təşkil edilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu və çimərlik üçün müəyyən edilmiş yararlı ərazilərinin yaxınlığında müvafiq infrastruktur obyektlərinin inşasına, həmçinin aidiyyəti üzrə sahibkarların təklif etdiyi layihələrin dəstəklənməsi, bu sahə üzrə ölkələr arasında beynəlxalq əməkdaşlığın daha da sürətlənməsi növbəti dörd il ərzində çimərlik turizminin inkişafı üçün prioritet məsələlər hesab olunur. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi turizm potensialımızı turizmin ayrıca xətti kimi inkişaf etdirməyə şərait yaradacaq.

Tədbirlər planı çərçivəsində artıq bir sıra işlər həyata keçirilib. Belə ki, Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi ilə dövlət qurumlarının nümayəndələri ilə birgə görüş təşkil olunub. Görüşdə çimərliklərin heç bir standarta cavab verməyən fəaliyyəti, aşağı xidmət səviyyəsi, təhlükəsizlik tədbirlərinə əməl olunmaması və qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyi qeyd edilib.

Sərəncam ölkəmizdə çimərlik turizminin inkişafına müsbət təsirini göstərəcək. Belə ki, artıq bu istiqamətdə işlər aparılır və cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması nəzərdə tutulub. Çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanaraq təsdiq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub.

Göz açdığımız gündən gördüyümüz Azərbaycanın zəngin təbiətinin, gözəlliklərinin qədrini, qiymətini bəzən lazımınca bilmirik. Bu gözəlliklərin yalnız gözlərimizin, könüllərimizin oxşamadığını, həm də dinclik gətirdiyini, sağlamlığımızın qayğısına bizdən çox qaldığını unuduruq. Xəzər dənizi də bizim ən böyük sərvətlərimizdən biridir. Havası, suyu, qumu can dərmanıdır. Babası Böyük Vətən müharibəsindən ağır güllə yaraları ilə dönən universitet müəlliməsi olan bir tanışım danışmışdı: “Müalicələrin xeyri yox idi. Babam artıq ümidini kəsirdi. Ayağındakı yaralar sağalmırdı. Moskvaya getdi. Orda babamın ayaqlarını müayinə edən həkim heç bir dərman yazmamışdı. Əvəzində babama məsləhət vermişdi: “Sizin dərdlərin dərmanı olan dəniziniz var. Xəstəxanalara getmək lazım deyil. Sizin dənizin suyu da, qumu da əsl möcüzədir. Sənin də dərmanın o dənizin qumudur”. Babam Bakıya qayıdan kimi dənizin sahilində ev kirayələdi. Üç ay yayı orada qaldıq. Rus həkimin dediyi möcüzə baş vermişdi. Geri dönəndə babamın ayaqlarındakı yaraların ancaq izləri qalmışdı. O, şəhərdəki evini satıb dəniz sahilində ev aldı. Ömrünün sonunadək orada yaşadı”. Bəzən tibb elminin aciz qaldığı xəstəliklərin çarəsi belə tapılır. Çimərlik mövsümündə isə Xəzər dənizi ən gözəl istirahət məkanına çevrilir.

Qarşıdan isti yay fəsli gəlir. Çimərliklər yenə insanları özünə səsləyir. İstirahət və sağlamlıq bəxş edən bu turizm növünün inkişaf etdirilməsi üçün ölkəmizdə hər cür şərait var. Dənizə çıxışı olan ölkə kimi bu potensialdan bəhrələnərək çox gəlir əldə edə bilərik. Bu sahəyə dövlət diqqəti də yüksək səviyyədədir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda çimərlik turizminin inkişafının tezliklə şahidi olacağıq.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 27 may.- S.8.