Azərbaycan və Latviya iqtisadi sahədə əməkdaşlığı genişləndirməyi hədəf götürüblər

 

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya rəsmi səfər çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradenslə görüşüb.

Azərbaycan nümayəndə heyətini salamlayan Baş nazirin müavini 28 MayRespublika Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Baş nazirin müavini deyib ki, qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşdirilməsi üçün mövcud potensialdan hərtərəfli istifadə etmək zəruridir.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Latviya aralarındakı münasibətlər qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan tərəfdaş ölkələrdir.

Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan böyük potensialı olan qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və latviyalı investorların fəallığına ümid bəsləyir. İqtisadi əlaqələrin genişləndirilməsində hökumətlərarası komissiya xüsusi rol oynayır.

Görüşdə Latviya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya gözlənilən səfəri Latviya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm təkan verəcək. Səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinə yönəlib.

Bu gün Azərbaycanın Avropanın etibarlı iqtisadi tərəfdaşına çevrildiyini qeyd edən Oqtay Əsədov ölkəmizin iqtisadi potensialını, əldə etdiyi uğurları və reallaşdırdığı infrastruktur layihələrini diqqətə çatdırıb.

 

Azərbaycan.- 2017.-31 may.- S.4.