Təməli Heydər Əliyev tərəfindən qoyulan möhkəm əməkdaşlıq platforması

 

Bu gün Bakıda Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir olan XXIV Beynəlxalq Xəzər NeftQaz Sərgi və Konfransı öz işinə başlayır. Sərgi Bakı Ekspo Mərkəzində 4 gün davam edəcək. Tədbirin konfrans hissəsi isə “JW Mariott Absheron Baku” hotelində iyunun 1-2-də keçiriləcək.

Xəzər neft-qaz sərgisini haqlı olaraq “Əsrin müqaviləsi”nin müjdəçisi adlandırırlar. Çünki o, ilk dəfə Bakıda 1994-cü ilin mayında, Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi sazişinin imzalanmasından cəmi bir neçə ay əvvəl keçirilib. O dövrdə Azərbaycan riskli ölkə kimi tanınırdı. Odur ki, burada belə bir tədbirin keçirilməsinin özü çətin məsələ idi. Lakin sərginin keçirilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü idi, onun reallaşması da məhz ümummilli liderin böyük təşkilatçılığı və dünyadakı siyasi nüfuzu sayəsində baş tutdu.

Beynəlxalq Xəzər NeftQaz Sərgisi 24 dəfədir ardıcıl olaraq hər il keçirilir və təkcə regionun deyil, bütün dünyanın sözügedən sahədə çalışan şirkət və mütəxəssislərinin işgüzar əlaqələrinin qurulması üçün möhkəm platformaya çevrilib. Bu sərgi qarşılıqlı fayda gətirən bir çox müqavilələrin imzalanmasına imkan yaradıb və önəmli layihələrin həyata keçirilməsinə dəstək verib.

Sərginin açılış mərasimində hər il Prezident İlham Əliyevin iştirak etməsi tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Hesablamalar göstərir ki, hər sərgiyə 10 min nəfərdən çox yerlixarici mütəxəssis tamaşa edir.

Dünən keçirilən mətbuat konfransında budəfəki sərgi haqqında da ətraflı məlumat verildi. Belə ki, hazırkı sərgiyə dünyanın 30 ölkəsindən 289 şirkət gəlib. Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələrin şirkətləri sərgidə geniş ekspozisiyalarmilli pavilyonlarla təmsil olunurlar. İştirakçıların ümumi sayının 15 faizini debütantlar təşkil edir ki, bunların arasında ABŞ, Böyük Britaniya, Rumıniya şirkətləri də özünə yer alır.

“ITE Group” şirkətinin regional direktoru Edvard Stroon mətbuat konfransında bildirdi ki, sərgi və konfransın təşkilatçıları qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir. İşə “ITE Groupun tərəfdaşlar şəbəkəsi, o cümlədən Böyük Britaniyadakı, Rusiyadakı, Türkiyədəki, Almaniyadakı, Çindəki, Birləşmiş Ərəb Əmirliklərindəki və Malayziyadakı eyni təyinatlı şirkətlər də cəlb olunub. Builki sərginin platin sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, qızıl sponsoru ölkəmizdə həyata keçirilən ən iri neft-qazixrac layihələrinin əməliyyatçısı BP, gümüş sponsoru TPAO - önəmli layihələrdəki türkiyəli tərəfdaşımızdır.

Xəzər NeftQaz Sərgisinin meneceri Tofiq Kərimov bildirdi ki, Bakı Ekspo Mərkəzində iştirakçı şirkətlər dörd gün ərzində neft hasilatı, enerjidaşıyıcılarının nəqli, karbohidrogenlərin saxlanma sistemlərinin təmin edilməsi, eləcə də platformalar və üzən qazma qurğuları, boruların çəkilməsi və bütün bu işlərdə təhlükəsizliyə riayət olunması haqqında geniş məlumat verəcək, ekspozisiyalar göstərəcəklər. Burada həmçinin servis xidmətləri üzrə avadanlıqların, innovativ texnologiyaların geniş çeşidi təqdim ediləcək. Bir sıra ekspozisiyalar isə yanacağın təmizlənməsinə və xammaldan son məhsul istehsalının hazırlanması texnologiyalarına həsr olunub. Belə ki, sərgidə böyük bir sahəni də kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.

Ötən 23 il ərzində Xəzər NeftQaz Sərgisi öz formasını genişləndirmiş, məzmununu zənginləşdirmişdir. İndi hər il sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilir. Bu konfranslarda beynəlxalq neft-qaz aləmində baş verən ən ümdə məsələlər müzakirə olunur. Builki konfransın da mövzuları aktualdır. Burada dünyanın 30 ölkəsini təmsil edən 400-ə yaxın nümayəndə iştirak edir və 40-dan çox məruzəçi, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının təmsilçiləri, iri şirkətlərin rəhbərləri neftin qiymətinin aşağı olduğu şəraitdə enerjidaşıyıcılarının hasilatı, idarə olunması və nəqlinin əsas məsələləri üzərində dayanacaqlar. Başlıca mövzulardan biri “Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və strateji inkişaf perspektivləri” olacaq. “Əsas operatorların onşor (sahil) və ofşor (dəniz) yataqlarının işlənməsi üzrə planları”, “Neft-qaz layihələrinin reallaşmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi”, “Neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli”, “Azərbaycan - Xəzər regionunun nəqliyyat-logistika qovşağı” və digər mövzularda məruzələr konfransda geniş məlumatların veriləcəyindən və qızğın diskussiyaların aparılacağından xəbər verir. Tədbirdə eləcə də kəşfiyyat və hasilat əməliyyatları üzrə məsrəflərin optimallaşdırılması üçün qabaqcıl texnologiyaların tətbiqindən, sahə üçün kadrların hazırlanmasında rəqəmsal texnologiyaların səmərəli rolundan, ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsindən söhbət gedəcək.

Konfransı 20 sponsor dəstəkləyir. Baş sponsor qismində SOCAR çıxış edir. Qızıl sponsorlar BP Petronas”, gümüş sponsorlarİnpeks”, “MakDermottStatoylşirkətləridir. Tədbirin bürünc sponsorları da var. Bu barədə Xəzər Neft Qaz Konfransının meneceri Aynurə Nəzərli məlumat verdi.

Artıq 7-ci dəfədir sözügedən tədbirlə yanaşı, Xəzər Beynəlxalq EnergetikaAlternativ Enerji Sərgisi də keçirilir. Bu ilCaspian Power” sərgisi Xəzər regionunda enerjidən səmərəli istifadə və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşdırılmış tədbir kimi özünü bir daha təsdiqləyəcək. Belə ki, bu sərgi “ITE Groupun energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrultmağa müvəffəq olub.

Sərgi Azərbaycanın Energetika Nazirliyi, eləcə də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Bu ilCaspian Power”də Azərbaycan, Almaniya, Belarus, Qazaxıstan, Rusiya və Türkiyənin energetika sahəsində texnologiya təchizatçısı olan aparıcı şirkətlər iştirak edir. Sərginin sponsoru STP şirkətidir. Ekspozisiyalar çərçivəsində su, istilik elektroenergetikası, atom energetikası, enerjiyə qənaət texnologiyaları, radiotezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və s. təqdim olunacaq.

Caspian Power-2017” elektrik enerjisi sənayesinin aparıcı mütəxəssislərinin bir-biri ilə görüşmək, ən son texnoloji məhsullar və sahənin inkişaf strategiyası ilə bağlı geniş məlumat toplamaq baxımından faydalı olacaq. Sərgi eləcə də yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq, əməkdaşlığı genişləndirmək, perspektiv müqavilələr imzalamaq üçün əlverişli imkan yaradacaq.

Hər iki sərginin və konfransın iştirakçıları gəzintiyə çıxaraq Bibiheybət ərazisində yerləşən, dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusuna tamaşa edəcəklər. Ötən 23 ilin təcrübəsi göstərir ki, budəfəki neft-qaz sərgisinin iştirakçıları da həm tədbirin təşkili və keçirilməsinin yüksək səviyyəsindən, həm də yurdumuzun gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən məmnun olacaqlar.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2017.-31 may- S.7.