Festivalda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da iştirak ediblər

 

Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qax rayonundaTarixin canlı səhifələri” V Gənclər Festivalı keçirilmişdir.

Festivalda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatları, Dövlət Sərhəd Xidmətinin, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tarixin canlı səhifələri” festivalı üçün müvafiq rekonstruksiya formatında xüsusi hazırlanmış Azərbaycanın müxtəlif dövrlərini canlandıran kütləvi tamaşada Dövlət Sərhəd  Xidmətinin hərbi qulluqçuları və süvarilər qrupu da bacarıqlarını məharətlə nümayiş etdirmişlər.

Tamaşada ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, apardığı müdrik daxilixarici siyasət, Azərbaycanın keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlar tarixi videogörüntülərlə iştirakçılara təqdim olunmuşdur. Azərbaycan bəstəkarlarının simfonik muğamları, tarixi filmlərin musiqiləri əsasında işlənən videogörüntülər, xüsusi işıqlandırma effektləri ilə müşaiyət olunan və çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla izlənən tamaşa  Azərbaycanın şanlı dövlətçilik tarixinin təbliğ edilməsi və gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından çox əhəmiyyətli olmuşdur.

Festival Dövlət himninin səsləndirilməsi və atəşfəşanlıqla sona çatmışdır.

 

Azərbaycan.- 2017.-31 may.- S.8.