Strateji təhlil, analitik araşdırma: 10 ilin baxış bucağında

 

Strateji Araşdırmalar Mərkəzi (SAM) Prezident İlham Əliyevin 12 noyabr 2007-ci il tarixli fərmanı ilə yaradılmışdır. SAM-ın əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu və digər sahələr üzrə elmi araşdırmaların nəticələri və proqnoz-analitik xarakterli məlumatlarla ölkənin ali dövlət hakimiyyəti orqanlarını təmin etməkdir. Dövlət tərəfindən maliyyələşdirilən bu mərkəz ölkənin inkişafına, onun elmi potensialının və nüfuzunun güclənməsinə, eləcə də müasir tələblərə cavab verən elmi araşdırmaların həyata keçirilməsinə əlverişli imkanlar yaratmışdır.

SAM-ın Nizamnaməsinə əsasən, mərkəzin vəzifələri arasında bir sıra vacib istiqamətlər üzrə məqsədyönlü fəaliyyət həyata keçirilir. Bunların sırasında respublikanın daxili və xarici siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üzrə tədqiqatların aparılması, mövcud siyasi vəziyyətə xüsusi diqqət yetirməklə ölkənin daxilində və xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafın elmi təhlilinin verilməsi, qonşu dövlətlərdəki dəyişikliklərin proqnozlaşdırılması, ölkənin müxtəlif problemlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin mümkün siyasi, ideoloji, hüquqi, iqtisadi və digər aspektlərinin elmi tədqiqatının reallaşdırılması və onların həlli yolları barədə təkliflərin hazırlanması durur. Eyni zamanda Azərbaycanın xaricdə müsbət imicinin formalaşdırılması, ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materialların yayılmasının təşkili, daxili və xarici siyasətə aid məsələlər barədə əhali arasında sosioloji sorğular aparmaqla elmi baxımdan əsaslandırılmış qaydada əhalinin müxtəlif təbəqələrinin fikirlərinin öyrənilməsi, dinlərarası münasibətlərin təhlili və bu sahədə mümkün problemlərin proqnozlaşdırılması və bununla bağlı təkliflərin hazırlanması və başqa vəzifələri qeyd etmək olar.

SAM davamlı olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq strukturlarına təhlil, tədqiqat və sorğuların nəticələrini təqdim edir, eləcə də ölkədə aparılan politoloji araşdırmaları əlaqələndirir və müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edir. SAM-ın Prezident Administrasiyası ilə fəaliyyəti onun Xarici siyasət məsələləri üzrə şöbəsi tərəfindən əlaqələndirilir. Bunlarla yanaşı, mərkəz konfranslar və simpoziumlar keçirir, elmi-analitik jurnal və bülletenlər buraxır, kitab və məqalələr nəşr edir və internet səhifəsi yaratmaqla ondan istifadəni reallaşdırır.

2007-2017-ci illərdə SAM-ın fəaliyyətinə nəzər salarkən belə bir nəticəyə gəlmək olar ki, mərkəz qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq addımlar atmışdır. İlk olaraq, SAM-ın əməkdaşları daxili, xarici və iqtisadi siyasət, regional və beynəlxalq proseslərə dair aparılmış araşdırmaların nəticələri əsasında respublikanın müvafiq dövlət strukturları üçün 725 arayış və hesabat hazırlamış, yerli və xarici mətbuatda 923 məqalə çap etmiş və 406 müsahibə vermişlər. Mərkəzin xarici və yerli mütəxəssislərlə birlikdə həyata keçirdiyi çoxsaylı tədqiqatların nəticələri əsasında 100-dən artıq kitab, məqalələr toplusu, broşür və s. elmi nəşr ölkədə, eləcə də xaricdə çap edilmiş, müasir dövrün qlobal çağırışlarına və beynəlxalq münasibətlərin strateji aspektlərinə dair Azərbaycanda və 22 xarici ölkədə ümumilikdə 250-yə yaxın tədbir - 104 beynəlxalq konfrans, 108 “dəyirmi masa”, 21 kitab təqdimatı və 15 mühazirə təşkil edilmişdir.

Ötən dövr ərzində SAM tərəfindən Azərbaycan dilində çıxan “Strateji təhlil” jurnalının 20, Azərbaycan, rus və ingilis dillərində çap edilən “SAM-ın şərhləri”/“SAM Comments” və ingilis dilində “SAM Review” xüsusi nəşrlərinin 18 və 17, Azərbaycan və ingilis dillərində nəşr edilən “Azerbaijan Focus” jurnalının 6, Azərbaycan dilində “Analitik baxış” məcmuəsinin 5 sayı işıq üzü görmüşdür. Mərkəzin beynəlxalq mətbu orqanı olan “Caucasus İnternational” jurnalının isə 15 sayı oxuculara təqdim edilmişdir. Hazırda SAM-ın rəsmi internet səhifəsinə (sam.az) illik orta baxış 65400-ü ötmüşdür. SAM-ın 9.500 daimi izləyicisi var (Facebook sosial şəbəkəsində onların sayı təxminən 6400, Twitter sosial şəbəkəsində isə 3000-dən çoxdur). Youtube video şəbəkəsində isə mərkəzin fəaliyyətini əks etdirən videoçarxlara 71860 baxış olmuşdur.

Elmi təşkilat kimi SAM öz onillik fəaliyyətində prioritet istiqamətlər üzrə daxili, xarici və iqtisadi siyasət sahələrində tədqiqatların aparılmasına xüsusi diqqət yetirmişdir. Belə tədqiqatlardan bir neçəsini qeyd etmək istərdik.

Müstəqil Azərbaycanda fəaliyyət göstərən araşdırma və beyin mərkəzlərinin dolğun mənzərəsini yaratmaq məqsədilə “Azərbaycanda araşdırma və beyin mərkəzləri (yaranması, inkişafı və perspektivləri)” mövzusunda 2011-2013-cü illərdə yerinə yetirilmiş uzunmüddətli tədqiqat çərçivəsində milli məkanda mövcud olan beyin mərkəzlərinin hazırkı durumu, fəaliyyətinin əsas xüsusiyyətləri, istiqamətləri, beynəlxalq əməkdaşlığı, onların maliyyə və kadr potensialı, təşkilati və intellektual resursları və s. ətraflı təhlil edilmiş, Azərbaycanda fəaliyyət göstərən araşdırma və beyin mərkəzlərinin ilkin ümumi məlumat bazası yaradılmışdır. 2013-cü ildə bu tədqiqatın nəticələri kitab şəklində nəşr edilmişdir.

Azərbaycanda din ilə bağlı olan kompleks problemləri araşdırmaq və təhlil etmək məqsədilə “Azərbaycanda islam” mövzusunda 2011-ci ildə yerinə yetirilmiş daha bir tədqiqat çərçivəsində 1500 respondentin və 50 ekspertin iştirakı ilə sosioloji sorğu da keçirilmişdir. SAM-ın əməkdaşlarının və dinşünaslıq sahəsində tanınmış ekspertlərin iştirakı ilə bir sıra məsələlər, o cümlədən təcrübə baxımından dövlət-din münasibətləri modelləri, problemə dair indiyə qədər aparılmış yerli və xarici tədqiqatların biblioqrafik icmalı, dini duruma təsir edən siyasi meyillər və təsir mərkəzləri, dini icma və qrupların maliyyə mənbələri, Azərbaycanda İslamın yaxın perspektivlərinə dair mümkün ssenarilər və s. ətrafında aparılmış araşdırmalar nəticəsində 140 səhifəlik elmi-tədqiqat işi yerinə yetirilmişdir. Keçirilmiş sorğu əsasında 80 səhifəlik analitik hesabat hazırlanmışdır.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr edilmiş və SAM-ın əməkdaşları tərəfindən 2016-2017-ci illərdə yerinə yetirilmiş tədqiqat işinin materialları isə “Azərbaycanın Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” adlı 900 səhifədən ibarət məqalələr toplusu formatında 2017-ci ildə nəşr edilmişdir. Topluda 25 il ərzində dövlətimizin qonşu ölkələr, qlobal və regional güclərlə münasibətləri, ölkəmizin beynəlxalq təşkilatlarda fəaliyyəti və Azərbaycanın xarici siyasət vasitələri ətraflı şəkildə təhlil edilmiş, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılmış işlər nəzərdən keçirilmişdir.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm elmi-tədqiqat, həm də elmi-təşkilati baxımdan SAM-ın əsas prioritetlərindən biri olmuşdur. Ötən illər ərzində SAM-ın kollektivi və eləcə də onun tərəfdaşları tərəfindən bu münaqişənin xeyli aspektlərinə dair müxtəlif tədqiqatlar aparılmışdır. Onlar Rusiya-Gürcüstan müharibəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsiri, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri, Dağlıq Qarabağ münaqişəsi qurbanlarının pozulmuş əsas hüquqlarının beynəlxalq səviyyədə tanıdılması və qorunmasına dair, çoxşaxəli diplomatiya vasitələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tətbiqi, dünya təcrübəsinə əsaslanaraq Dağlıq Qarabağ regionu üçün mümkün status modelinin ünsürlərinin müəyyənləşdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın xarici siyasəti və s. mövzulara həsr edilmişdir. 2012-ci ildə isə SAM İtaliyanın məşhur beyin mərkəzlərindən biri olan Beynəlxalq Münasibətlər İnstitutu (İAİ) ilə birgə “Trentino Alto Adiçe /Cənubi Tirol bölgəsinin muxtariyyət modelinin bəzi cəhətlərinin Dağlıq Qarabağ bölgəsinin gələcək muxtariyyətinin yaradılmasında tətbiqinə dair” mövzusunda tədqiqat işi də yerinə yetirmişdir.

2012-ci ildən başlayaraq “Etnik münaqişələrdə kollektiv yaddaş və barışıq: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nümunəsində” mövzusunda aparılmış araşdırma çərçivəsində isə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan əsas faktorlardan biri kimi psixoloji amillərin rolu və “yaddaş siyasəti” seçimi məsələsi tədqiq edilmişdir.

Ümumilikdə götürdükdə ötən on il ərzində SAM və onun tərəfdaşları tərəfindən Azərbaycanda və bir sıra xarici ölkələrdə, o cümlədən Rusiya Federasiyasında, Türkiyə Respublikasında, Almaniya Federativ Respublikasında, Misir Ərəb Respublikasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 14 monoqrafiya və broşür nəşr edilmişdir. Təkcə bu il ərzində SAM-ın əməkdaşları tərəfindən bu münaqişə ətrafında gedən proseslər haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə xarici elektron mediada və beyin mərkəzlərinin internet saytlarında 25 məqalə və şərh nəşr olunmuşdur.

SAM eləcə də ötən dövr ərzində Azərbaycanda və xaricdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif tədbirlər təşkil etmişdir. Azərbaycanda keçirilmiş tədbirlər arasında 2009-cu ilin 14 iyulda “Qarabağın gələcəyi - sülhməramlı təşəbbüslərin gələcəyidir” mövzusunda keçirilmiş qapalı ekspert müzakirəsi, 2012-ci ildə Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutu ilə birgə “Münaqişə, həll və barışıq məsələləri müasir dünyada” mövzusunda qapalı “dəyirmi masa” və bu ilin fevralında Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş tədbir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu və həlli perspektivlərinə dair mərkəzdə gerçəkləşən üç qapalı “dəyirmi masa” xüsusi vurğulanmalıdır.

SAM-ın kollektivi tərəfindən ötən illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bəzi aspektlərinə dair dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə, İtaliyada, ABŞ-da, Argentinada, Misir Ərəb Respublikasında, Səudiyyə Ərəbistanı Krallığında, Xorvatiyada, İordaniya Haşimilər Krallığında, Serbiyada, Küveyt Dövlətində, Monteneqroda, Birləşmiş Ərəb Əmirliklərində, Moldovada, Pakistan İslam Respublikasında və Polşada çoxsaylı konfrans, seminar və mühazirələr keçirilmişdir. 2015-ci il dekabrın 2-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mənzil-qərargahında SAM və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu, keçmiş səylər və gələcək imkanlar” mövzusunda olan beynəlxalq konfransda İƏT Baş Katibliyinin əməkdaşları, təşkilata üzv ölkələrin İƏT yanında fəaliyyət göstərən daimi nümayəndələri və Ciddə şəhərində akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri iştirak etmişlər.

SAM iqtisadiyyat sahəsində də maraqlı tədqiqatlar aparmışdır. SAM-ın kollektivi tərəfindən yerinə yetirilmiş qısa və uzunmüddətli tədqiqat işləri “2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı”, “Aqrar sektorda investisiya qoyuluşu: mövcud vəziyyət və inkişaf perspektivləri”, “Enerji səmərəliliyinin qiymətləndirilməsi və perspektivləri”, “Azərbaycan və beynəlxalq maliyyə institutları”, “İqtisadi modernizasiya”, “Türkiyənin qaz bazarı: çağırışlar və perspektivlər”, “Azərbaycanın 2020-ci və 2030-cu illərdə Avropaya qaz ixracına dair”, “Bakı-Tbilisi-Qars dəmir yolu - İpək Yolu üçün dəmir əsas”, “Geoiqtisadiyyat”, “Azərbaycan və Körfəz ölkələri: iqtisadi, ticarət və maliyyə əlaqələri”, “İranın postsanksiyalar dövründə qaz hasilatı və ixracatı potensialı”, “Türkiyə təbii qaz geosiyasətində”, “Azərbaycanda məşğulluq və əmək bazarı siyasəti”, “Azərbaycanda innovativ iqtisadiyyat: mövcud vəziyyət və çağırışlar”, “Yeni makroiqtisadi şəraitdə Azərbaycanın qarşısında dayanan çağırışlar, perspektivlər və həll yolları”, “Dövlət-Özəl Əməkdaşlığı: Asiyaya baxış - Azərbaycan üçün məsləhətləşmələr” və s. mövzulara həsr edilmişdir. Bu tədqiqatların nəticələri əsasında arayış və hesabatlar hazırlanmış və eləcə də onların bəziləri Azərbaycanda və xaricdə monoqrafiya və ya broşür formatında çap edilmişdir. 2016-cı ildə çıxan “Azərbaycan Respublikasının geoiqtisadi atlası”nda Azərbaycanın iqtisadiyyatı və xarici ticarət əlaqələri, eləcə də ölkəmizin regional enerji və nəqliyyat dəhlizlərindəki strateji mövqeyi öz əksini tapmışdır.

Ötən illər ərzində SAM-ın elmi-təşkilatçılıq fəaliyyəti də rəngarəng olmuşdur. Bu dövrdə müasir dünyanın qlobal çağırışlarına və beynəlxalq münasibətlərin strateji aspektlərinə həsr edilmiş çoxsaylı konfrans və “dəyirmi masa”lar, kitab təqdimatları və mühazirələr təşkil edilmişdir.

2011-ci ilin 7 dekabr tarixində SAM və BMT-nın İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfrans xüsusi vurğulanmalıdır. 300-ə qədər iştirakçını bir araya gətirən bu konfrans çərçivəsində iyirmi il ərzində yoxsulluğun azaldılması və iqtisadi artım, Minilliyin İnkişaf Məqsədləri, infrastrukturun inkişafı, neft gəlirlərinin idarə edilməsi istiqamətində milli siyasətin uğurları və nəticələri ilə yanaşı, yeni onilliyin məqsədləri və yeni çağırışlara effektiv cavablar ətrafında müzakirələr aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu konfransda geniş nitqlə çıxış etmişdir.

Bakıda keçirilmiş daha bir möhtəşəm tədbir 2-3 mart 2012-ci ildə SAM və Türkiyənin Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin beyin mərkəzlərinin III Forumudur. “İƏT-ə üzv dövlətlərdə dəyişiklik və transformasiya” mövzusuna həsr edilmiş bu beynəlxalq tədbirdə 70-dək ölkədən 30 beyin mərkəzi və 100-dən çox nümayəndə iştirak etmişdir.

SAM və rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzetinin birgə əməkdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə 2013-cü ilin 21 fevral və 13 mart tarixlərində keçirilmiş iki elmi-praktiki konfrans da məzmun etibarı ilə olduqca əlamətdardır. Bu tədbirlərdə Azərbaycan dövlətçiliyi tarixində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri qeyd olunmuşdur.

2016-cı ilin 7 oktyabrında Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” adlı beynəlxalq konfrans da öz əhəmiyyətinə görə SAM-ın təşkil etdiyi tədbirlər arasında xüsusi yer tutur. Bu tədbir Türkiyənin, ABŞ-ın, Rusiyanın, İranın, Qazaxıstanın, Türkmənistanın, Macarıstanın və Gürcüstanının nüfuzlu beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirərək, 25 il ərzində Azərbaycan Respublikasının keçdiyi uğurlu və şərəfli yola nəzər salmağa imkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov konfransda açılış nitqi ilə çıxış etmişdir.

Ötən illər ərzində SAM-ın beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi müvəffəqiyyətlər çoxdur. Bu əməkdaşlığın nəticəsində dünyanın 25 ölkəsindəki 29 nüfuzlu beyin mərkəzi və beynəlxalq təşkilatla “Əməkdaşlıq haqqında” Saziş və ya Anlaşma memorandumları imzalanmışdır. Bu tipli ikitərəfli əməkdaşlıq SAM-ın bərabərhüquqlu subyekt və tərəfdaş kimi dünya beyin mərkəzləri məkanına inteqrasiyasına, mötəbər mənbələrdən analitik informasiya və elmi ədəbiyyat mübadiləsi əldə etməsinə, əməkdaşlarının elmi mübadilə proqramlarında iştirakına, Azərbaycan haqqında obyektiv məlumatın daha geniş coğrafiyaya yayılmasına əlverişli imkan yaratmışdır. Eyni zamanda əlavə etmək lazımdır ki, 2015-ci ildə SAM tərəfindən Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin rəsmi beyin mərkəzlərinin toplantısında TDƏŞ-ə üzv dövlətlərin rəsmi beyin mərkəzləri arasında çoxtərəfli “Əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır.

SAM və İtaliyanın nüfuzlu beyin mərkəzi olan Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (İSPİ) rəhbərlərinin 2011-ci ildə Milanda imzaladıqları “Əməkdaşlıq haqqında” Memorandumdan sonra həyata keçirilən birgə fəaliyyət uğurlu nümunə kimi qeyd edilə bilər. Bu beyin mərkəzlərinin tərəfdaşlığı ilə 2012-ci ildə “Avropa İttifaqının Şərq Tərəfdaşlığı: ümumi çərçivə və ya geniş imkanlar?” və 2014-cü ildə “Xəzər dənizinin şahmat taxtası. Geosiyasi, geostrateji və geoiqtisadi təhlil” mövzularında məqalələr topluları İtaliyada ingilis dilində nəşr edilmişdir. Hazırda bu əməkdaşlıq çərçivəsində həyata keçirilən daha bir kitab layihəsi “İdentiklik, təhlükəsizlik və inkişaf: Regional əməkdaşlıq və rəqabət kontekstində postbipolyar trendlər” adlanır və onun da gələn il xaricdə nəşr edilməsi planlaşdırılır.

Ötən dövr ərzində SAM-ın əməkdaşları dünyanın 56 ölkəsində təşkil edilmiş 600-dən çox nüfuzlu tədbirdə iştirak etmiş və Azərbaycan haqqında həqiqətləri xarici elmi ictimaiyyətə çatdırmışlar.

Beynəlxalq əməkdaşlıq sahəsində SAM-ın apardığı daha bir fəaliyyət istiqaməti onun Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə həyata keçirdiyi “Qonaq elmi işçi proqramıdır”. Bu birgə tərəfdaşlıq çərçivəsində indiyədək dünyanın 21 ölkəsindən 40-dan çox xarici ekspert və mütəxəssis Bakıya səfər edərək SAM-da Azərbaycanın daxili və xarici siyasətinə, onun iqtisadi inkişaf və beynəlxalq əlaqələrinə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair tədqiqatlar aparmışlar.

SAM kollektivi gələcək tədqiqatçılar nəslinin formalaşmasında da maraqlıdır və müəyyən mənada ötən dövr ərzində bu prosesə öz töhfəsini vermişdir.

Müxtəlif illərdə SAM-ın əməkdaşları Azərbaycanın bir sıra təhsil ocaqlarında müəllim kimi də fəaliyyət göstərmişlər. Digər tərəfdən, ötən dövr ərzində Azərbaycanın və xarici ölkələrin ali məktəblərinin 165 tələbə və məzunu seçdikləri ixtisaslar üzrə SAM-ın ali məktəb tələbələri üçün nəzərdə tutulmuş üç aylıq “Təcrübə proqramı”nda yaxından iştirak etmişlər.

Bu gün SAM Qərb dünyasında fəaliyyət göstərən beyin mərkəzlərindən heç də fərqlənmir. Adətən beyin mərkəzlərini “firlanan qapılar” adlandırırlar. Hesab edilir ki, bugünkü beyin mərkəzlərinin əməkdaşları sabahkı hökumət rəsmiləri ola bilər. Eləcə də bugünkü diplomat və ya hərbi müşavir gələcəyin beyin mərkəzinin əməkdaşına çevrilə bilər. Onları birləşdirən bilik, təcrübə və analitik bacarıqlardır.

 

Gülşən PAŞAYEVA,

Azərbaycan Respublikasının Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzinin direktor müavini

 

Azərbaycan.- 2017.-8 noyabr.- S.4.