Beynəlxalq Türk Akademiyası türkdilli xalqların yaxınlaşması istiqamətində mühüm işlər görür

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli və ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiyasında olublar.

AZƏRTAC xəbər verir ki, akademiyanın prezidenti Darxan Kıdırali ilə keçirilən işgüzar görüşdə qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Darxan Kıdırali bildirib ki, təkcə son üç il ərzində akademiya tərəfindən 104 kitab nəşr edilib, çoxlu layihələr və elmi ekspedisiyalar gerçəkləşdirilib, böyük əhəmiyyətə malik arxeoloji qazıntılar aparılıb. Qeyd edilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində qurulan Beynəlxalq Türk Akademiyasına üzv dövlətlər – Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstanla yanaşı, Macarıstan, MonqolustanYaponiya da böyük maraq göstərir. Macarıstan artıq akademiyaya müşahidəçi üzv qəbul edilib.

Səfir Rəşad Məmmədov akademiyanın məhdud imkanlarla böyük işlər gördüyünü, bu işlərin türkdilli xalqların yaxınlaşmasına və bir-birilərini daha yaxından tanımalarına xidmət etdiyini söyləyib. Diplomat türk dövlətləri və xalqlarının yaxınlaşmasında, inteqrasiyasında akademiyanın üzərinə böyük vəzifə düşdüyünü, öz aktiv və təsirli fəaliyyəti ilə bu işin öhdəsindən uğurla gəldiyini bildirib.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin Azərbaycanda yaxından izlənildiyini və böyük maraq doğurduğunu qeyd edib. O, əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Qonaqlar akademiyanın kitabxanası və Türk Muzeyi ilə tanış olublar. 56 mindən artıq kitabın toplandığı kitabxanada məşhur türkoloqların əlyazmalarının və kitablarının da yer aldığı bildirilib. Türk Muzeyində isə türk xalqlarının ortaq keçmişi, irsitarixi ənənələrini əks etdirən nadir eksponatların saxlandığı barədə məlumat verilib.

Sonda ziyarətçilərə akademiya tərəfindən nəşr edilən kitablar hədiyyə olunub.

 

Azərbaycan.- 2017.-17 noyabr.- S.7.