Möhtəşəm təşkilatçılıq nümunəsi

 

Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə evsahibliyi edəcək ilk şəhər ola bilər

 

Son illər yüksək səviyyədə evsahibliyi etdiyi beynəlxalq əhəmiyyətli, möhtəşəm tədbirlərin hər biri Azərbaycanın dünyada sülhə, əmin-amanlığa, mədəniyyətlərarası dialoqa verdiyi töhfədir.

BMT, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və ISESCO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərin məhz ölkəmizdə təşkili, həmçinin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilinİslam həmrəyliyi ilielan edilməsi də bu xeyirxah missiyadan irəli gəlir.

Respublikamız daha bir böyük tədbirin evsahibliyini öz üzərinə götürməyə hazırdır. Belə ki, Azərbaycan “Expo 2025 Bakı” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusuİnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraqolacaq. Qeyd edək ki, namizədliyi irəli sürülən şəhərlər arasında Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərləri də var.

Azərbaycan 2000-ci ildən “Expo” hərəkatının fəal üzvüdür. Milli pavilyonla ilk dəfə “Milan Expo 2015” Ümumdünya Sərgisində, daha sonraAntalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində iştirak edib və iştirakçıların böyük marağına səbəb olub. Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil edilib.

Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edildi. Burada Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak etdilər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümumdünya Sərgisinin bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün platforma olduğunu, həmin sərgilərin qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir məkanda bir araya gətirdiyini diqqətə çatdırdı.

Bu mənada Azərbaycan kimi qitələrin, sivilizasiyaların kəsişməsində, Avropa və Asiyanın qovuşuğunda yerləşən, Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayan bir ölkənin belə universal platformaya evsahibliyi etməsi olduqca əhəmiyyətlidir. Məhz mühüm coğrafi məkanda yerləşdiyi üçün iki min il ərzində qədim İpək yolu bugünkü Azərbaycanın ərazisindən keçib. Mehriban xanım Əliyevanın söylədiyi kimi: “Ümumdünya Sərgisi kimi bu yol bilik və bacarıqların paylaşılması üçün əhəmiyyətli bir dəhliz olub. Bu, ölkəmizin tarixini, mədəniyyətini və tolerant imicini formalaşdırıb”.

Respublikamızın Birinci vitse-prezidentini mötəbər tədbirdə qürurla danışdıran bir məqam da əsrlər boyu Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşamalarıdır. Mehriban xanım Əliyeva nəzərə çatdırdı ki: “Etnikdini müxtəliflik və multikulturalizm sadəcə dövlət siyasətimiz deyil, eyni zamanda bizim həyat tərzimizdir. Bu, bizim tariximizdirgünümüzün reallığıdır. Biz dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq”.

Azərbaycan öz şərəfli tarixi ilə fəxr edir. Gələn il daha bir qürurverici tariximizin - müsəlman dünyasında ilk parlamentar və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcəyik. Çox qısa bir müddətdə - 23 ay mövcud olsa da, böyük işlər həyata keçirməyi bacaran cümhuriyyət örnək bir idarə üsulu yarada bildi. Birinci vitse-prezidentin qeyd etdiyi kimi, irqindən, etnik mənsubiyyətindən, dinindən, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlarının hüquqlarının bərabərliyinə hörmət prinsipinə əsaslanan müasir Azərbaycan dövlətçiliyinin demokratik ənənəsinin təməlini qoydu. Cümhuriyyətin sayəsində Azərbaycan 1918-ci ildə dünyada kişilərlə bərabər qadınlara siyasi hüquqlar, həmçinin səsvermə hüququ verən ilk ölkələrdən biri kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyəti uzun yaşamasa da, onun varlığı xalqın şüurunda, milli kimliyində və mənliyində yaşadı.

1991-ci ildə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşa bildi. Ancaq ölkəmizin mövcudluğu təhlükələrlə üzləşdi. İqtisadi, sosial böhranların məngənəsinə düşmüş respublikamız bir tərəfdən də Ermənistanla müharibəyə cəlb edildi. Erməni işğalçılarının Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğala məruz qaldı. Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon hələ də düşmən tapdağı altındadır. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə bir milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə hələ də yerinə yetirilməyib. Noyabrın 14-də Parisdə keçirilən mötəbər tədbirdə ölkəsinin haqq səsini dünyaya çatdıran Mehriban Əliyeva onu da bildirdi ki, bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Azərbaycanı müstəqil, inkişaf etmiş ölkələrin ön sıralarında görmək istəməyən və bunun üçün müxtəlif vasitələrə əl atan şər qüvvələr öz arzularına çata bilmədilər. Münaqişəyə, yeni siyasi sistemə və bazar iqtisadiyyatına keçidin yaratdığı əlavə çətinliklərə baxmayaraq, respublikamızın uğurlu inkişaf strategiyası seçildi, zəruri siyasi, iqtisadi islahatlar həyata keçirildi. Bütün bunlar Azərbaycanın istər daxilində, istərsə də xaricdə uğurlu siyasət yürütməsinə, beynəlxalq aləmdə layiqli yerini təmin etməsinə şərait yaratdı.

Birinci vitse-prezident respublikamızda bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətləri də açıqladı. Ölkə vətəndaşlarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərin öz bəhrələrini verdiyini vurğuladı. Mehriban xanım Əliyeva 2009-cu ildə Azərbaycan Dünya Bankı tərəfindən “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirildiyini, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik İndeksi” Azərbaycanı 137 ölkə arasında 35-ci yerə layiq gördüyünü də uğurlarımızın nümunələri kimi diqqətə çatdırdı.

Nadir geostrateji mövqeyindən faydalanan Azərbaycan bu gün Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrilib. Mehriban Əliyeva tarixinə yeni, parlaq səhifələr yazılan ölkəmizin növbəti uğurlarını, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2017-ci il oktyabrın 30-da açılışı qeyd edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bir sıra nəhəng beynəlxalq infrastruktur layihələrinin təşəbbüskarı olduğunu, onları həyata keçirdiyini də dilə gətirdi. Bir məqamı da vurğuladı ki, uzunluğu 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur. Həmçinin beynəlxalq bazarlar üçün yeni təbii qaz mənbəyi olan və Avropanın enerji təhlükəsizliyini gücləndirən, dəyəri 40 milyard ABŞ dolları olan “Cənub qaz dəhlizi”nin reallaşmasında Azərbaycan aparıcı rol oynayır. Mehriban xanım Əliyeva fəxrlə bildirdi ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə evsahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır.

Birinci vitse-prezidentİnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunun çox aktual bir məsələ olduğunu söylədi: “Bu mövzu dövrümüzün əsas çağırışını - texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo 2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək.

Biz insanları - dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq.

Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək. Bu sərgi yeni bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Bu sərgi, həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək fürsətini verəcək”.

Mehriban Əliyeva Azərbaycanın sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazır olduğunu bildirdi.

Respublikamızın Birinci vitse-prezidentinin çıxışı bir daha təsdiq etdi ki, qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri ilə fərəhləndiyimiz, şanlı qəhrəmanları ilə öyündüyümüz, bugünkü sürətli inkişafı, bütün dünyada yüksək mənəvi dəyərləri yaşadan bir ölkə kimi tanınması ilə qürur duyduğumuz Azərbaycanın adı hələ çox uğurların ünvanına çevriləcək.

Nəzərdə tutulan vacib məqamlardan biribudur ki, 2025-ci ildə Ümumdünya Sərgisi Bakıda keçirilərsə, 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2017.-22 noyabr.- S.1; 7.