Bölgələrdə mədəniyyət müəssisələri yenilənir

 

Ölkəmizin iqtisadi qüdrəti artdıqca, sosial layihələr icra olunduqca bu yeniləşmə müstəvisində müasir sənaye parkları, istehsal sahələri, ortaali məktəb binaları, səhiyyə müəssisələri, inzibati binalar sırasında bir-birindən yaraşıqlı yeni mədəniyyət ocaqları da yaradılır.

Ən yaxşı halda bu mədəniyyət obyektləri ilə ya rayonlara yolumuz düşəndə, ya da Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfəri zamanı yaxından tanış ola bilirik.

Azərbaycanın ən böyük sənaye şəhəri kimi tanıdığımız Sumqayıtın siması son illər tamam dəyişib. Sosial binalar, özəl obyektlər, yeni istirahət və mədəniyyət ocaqları şəhərə xüsusi görkəm verir. Onların arasında öz əzəməti, möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Mərkəzidir. Açılış mərasimində Prezident İlham Əliyev bu mərkəzin həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl abidə olduğunu xüsusi vurğulamışdır. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Ümummilli liderin ölkəmizdə, o cümlədən Sumqayıtda mədəniyyət obyektlərinin açılışında iştirakını, ictimaiyyətin nümayəndələri ilə görüşlərini əks etdirən fotolar buraya gələnlərdə böyük maraq doğurur. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Kompüter və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar var. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, rəsm və foto studiyalar, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərir.

Sumqayıtın zəngin mədəni həyatı var. Dövlət Dram Teatrı binasının əsaslı təmirdən sonra və ikimərtəbəli şahmat məktəbinin istifadəyə verilməsi sumqayıtlıların mədəni həyatına yeni töhfədir. Müasir avadanlıqlarla təchiz edilmiş şahmat məktəbində 25 qrupda ümumilikdə 550-600 şagird şahmatın sirlərini öyrənir. Sumqayıtda yeni yaradılan mədəniyyət obyektləri sırasında keçən il istifadəyə verilən uşaq incəsənət məktəbi də diqqətçəkəndir. 800-dək şagirdin təhsil aldığı 80 otaqlı bu üçmərtəbəli yeni mədəniyyət ocağı tamamilə müasir avadanlıqlarla təmin olunub.

Əsaslı təmir və yenidənqurmadan sonra Sumqayıt Dövlət Dram Teatrının binası tamam başqa görkəm alıb. 1956-cı ildən fəaliyyətdə olan bu bina indiyədək belə əsaslı təmir görməyib. Binanın bütün mühəndis-texniki qurğuları yenidən qurulub, 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb. Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiyaqrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.

* * *

Ötən il Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışı olub. Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Bu möhtəşəm muzey xalqımızın tarixində müstəsna xidmətləri olan dahi rəhbərin xatirəsinin əbədiləşdirilməsinə Ağdam sakinlərinin dərin ehtiramının əlamətidir. Ümumi sahəsi 1900 kvadratmetr olan binada ulu öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib.

Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı da var. Bundan əlavə, mərkəzdə 3D kino, 20 nəfərlik konfrans zalları, rəsm otağı, kompüterlərlə və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.

Mərkəzdə şanlı ordumuzun aprel döyüşləri zamanı qəhrəmanlığını əks etdirən fotoguşə də yaradılıb. Fotoşəkillərdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatları zamanı göstərdikləri şücaət və mərdlik əks olunub.

Dövlət başçısı İlham Əliyev cəbhə bölgəsində olarkən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında muğam mərkəzinin tikintisinin təməlqoyma mərasimində də iştirak edib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq. Xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə də ölkəmizdə musiqi mədəniyyətinin inkişafına sözsüz ki, öz töhfəsini verəcək.

* * *

Şəmkir şəhərindəki tarix-diyarşünaslıq muzeyi də əsaslı təmir və yenidənqurmadan sonra qapılarını ziyarətçilərin üzünə açıb. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi 800 kvadratmetrdir. Birinci mərtəbəsində iki bölmə yerləşir. Bölmələrdə miniatür rəsm sərgisi, elektron informasiya lövhəsi və ekspozisiya zalları var. Muzeydəki 6 minə yaxın eksponatdan 350-si artıq sərgilənir. Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub.

* * *

Gədəbəy şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması ilə yenimüasir mədəniyyət ünvanlarının biri də artıb. Orijinal memarlığı ilə diqqət çəkən və şəhərin gözəlliyinə əlavə naxışlar vuran Heydər Əliyev Mərkəzinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Mərkəzin yerləşdiyi ərazidə hündürlüyü 70 metr olan bayraq dirəyi ucaldılıb. Bayraq dirəyinin ay-ulduz formasında inşa olunmuş postamentinin üzərində Azərbaycan Respublikasının gerbi, xəritəsi və dövlət himninin sözləri əks etdirilib.

Ümumi sahəsi 3500 kvadratmetrdən çox olan mərkəzin tikintisi yüksək səviyyədə həyata keçirilib. Burada ulu öndər Heydər Əliyevin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər və fotoşəkillər nümayiş olunur.

Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün 242 yerlik konfrans, rəqs zalları, elektron kitabxana var. Burada həmçinin rəsm, fotopoliqrafiya studiyaları, heykəltəraşlıq dərnəyi, intellektual oyun otağı, saz emalatxanası, həmçinin ingilis, rus və fransız dilləri kabinetləri, o cümlədən ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyətə başlayıb.

Son illər ölkəmizin mədəni həyatına xüsusi təkan verən genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yanaşı, bir-birindən dəyərli mədəniyyət ocaqları, məktəb və məktəbəqədər təhsil müəssisələri, muzeylər, qalereyalar, tarixi yerlər, qalalar və qoruqlar bölgələrin mədəni inkişafına yeni stimul verir. Mingəçevir Şəhər Tarix Muzeyinin, Qaxda və Beyləqanda bayraq muzeyinin yaradılması, Tərtərdə uşaq-gənclər şahmat məktəbinin yeni binası, Horadiz şəhərində dövlət rəsm qalereyasının açılışı, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin və digər yerlərdə bu kimi yeni mədəniyyət ocaqlarının istifadəyə verilməsi əhali tərəfindən məmnunluqla qarşılanır.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 6 oktyabr.- S.7.