Naftalan dünya əhəmiyyətli müalicə mərkəzinə çevrilir

 

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən gəlirli sahələrindən biri kimi qəbul edilir. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət yetirilironun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirələrdə ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi dəyərləndirir və ilk növbədə bölgələrdə turizmin imkanlarından istifadə edilməsini prioritet məsələ kimi qarşıya qoyur.

Məlum olduğu kimi, Azərbaycan təbii şəraitinə, flora və faunasının zənginliyinə görə dünya dövlətləri arasında ön sıralarda gedir. Ölkəmizdə turizmin bütün sahələrinin inkişafı üçün geniş imkanlar vardır. Götürək Naftalanı. Bu gün Naftalan həm nadir neftinə, həm də müalicə və istirahət üçün yaradılan müasir infrastrukturuna görə turistlər üçün cəlbedici məkana çevrilmişdir. Məhz bunun nəticəsidir ki, son illər burada dincələn və müalicə olunan turistlərin sayı xeyli artmışdır. Yalnız bu ilin ötən dövrü ərzində Naftalana  dünyanın 60-dan çox ölkəsindən qonaq gəlmişdir. Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Meksika, Hindistan, Polşa, İtaliya, Şimali Koreya, Kanada, Amerika Birləşmiş Ştatları və digər ölkələrdən gələn qonaqlar onlara göstərilən xidmətdən və yaradılan şəraitdən hədsiz dərəcədə razı qalmışlar.

Bu gün şəhərdə fəaliyyət göstərən 3-5 ulduzlu 10 sanatoriya və müalicə mərkəzi 2200 turisti qəbul edə bilir. Həmin müalicə və istirahət ocaqlarında hər cür imkan və şərait, o cümlədən dünya standartlarına cavab verən infrastruktur yaradılmışdır. Üstəlik turistlərin marağı nəzərə alınaraq onların mənalı istirahəti üçün Azərbaycanın digər bölgələrinə səfərləri təşkil edilir.

Sağlamlıq turizminin daha geniş təbliği məqsədilə Naftalanın turizm obyektləri ölkəmizdə və xaricdə keçirilən sərgilərdə fəal iştirak edir, ziyarətçilərə Naftalan şəhəri, onun unikal müalicəvi əhəmiyyətə malik olan nefti haqqında ətraflı məlumat verilir. Nəticədə bir çox xarici ölkələrlə əlaqələr genişlənir. Hazırda Naftalan şəhəri Fransanın Leqi, İtaliyanın Pozitano, Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq edir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərə aid son misal: Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardin bu günlər Naftalanda olmuşdur. Səfirlə əməkdaşlıq haqqında maraqlı müzakirələr aparılmış, Naftalan neftinin müalicəvi xüsusiyyətləri barədə ona ətraflı məlumat verilmişdir. O öz ölkəsində Naftalan müalicə kurortuna böyük maraq göstərildiyini vurğulamış və gələcəkdə meksikalıların burada istirahət edib müalicə olunmaları arzusunu bildirmişdir.

Naftalan kurort şəhərinin inkişafı və keçmiş şöhrətinin bərpası dövlət başçısının da daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsinin təsdiq edilməsi barədə Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanına uyğun olaraq Naftalanda turizmin inkişafı məqsədilə mühüm tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bunlardan biri Naftalan nefti əsasında mövcudyeni sağlamlıq məhsullarının hazırlanmasıdır. Artıq bu istiqamətdə işlərə başlanılmışdır. Yeni fəaliyyətə başlayan “Qətransız Naftalan məlhəmi” MMC-nin istehsal etdiyi məhsullar hazırda “Made in Azerbaijanbrendi altında xarici bazarlara çıxarılır.  Naftalan dünya şöhrətli kurort şəhəri olduğu üçün bura gələn qonaqlara göstərilən xidmət də yüksək səviyyədə təşkil olunur. Bu məqsədlə istirahət və sanatoriya mərkəzlərində çalışan işçilərin qonaqlarla rəftarı, göstərdikləri xidmətin səviyyəsini yüksəltmək məqsədilə onlar üçün tez-tez treninqlər və seminarlar keçirilir ki, bu da müsbət nəticələr verir.

Bundan başqa, turistlərin zövqünü oxşamaq, onların rahatlığını və mənalı istirahətini təmin etmək üçün şəhərdə abadlıq və yenidənqurma işləri aparılır. Parkxiyabanlarda, əyləncə mərkəzlərində təmizlik və bərpa işləri görülür, şəhərin ümumi görünüşünə xələl gətirən tikililər sökülərək yerində yaşıllıq zonaları salınır.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2017.-27 oktyabr.- S.1; 7.