Bakı Şopinq Festivalının Bakının vizit kartına çevrilməsi xarici KİV-də də etiraf olunur

 

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi dövlət televiziya kanalı Azərbaycan paytaxtında keçirilən Bakı Şopinq Festivalı barədə reportaj yayımlayıb.

Reportajda Avropa və Şərq mədəniyyətlərinin, keçmişlə müasirliyin qovşağında yerləşən Azərbaycan turistlərin istirahət və əylənmək üçün üz tutduqları məkan kimi təqdim edilib. Qeyd olunub ki, Bakı gecə və gündüz həyatın qaynadığı bir şəhərdir. Buna isə Bakı Şopinq Festivalı kimi turizm təşviqi tədbirləri sayəsində nail olunub.

Reportajda həmçinin bildirilib ki, Bakı Şopinq Festivalı Azərbaycan hökumətinin ölkə iqtisadiyyatını inkişaf etdirmək, çoxlu sayda turisti cəlb etmək üçün həyata keçirdiyi müxtəlif tədbirlər sırasında keyfiyyətcə yeni təşəbbüsüdür. Endirimlər dünya şöhrətli brendlərdən tutmuş, dəbdəbəli hotellərə, ləziz Azərbaycan yeməklərini də təklif edən restoranlara qədər - hər şeyə şamil edilir.

Abu-Dabi telekanalının qənaətinə görə, Bakı Şopinq Festivalı bundan sonra əcnəbi turistləri cəlb edən Azərbaycan paytaxtının vizit kartlarından biri olacaq.

 

Azərbaycan.- 2017.-28 oktyabr.- S.4.