Ölkəmizdə mədəni turizmə maraq ildən-ilə artır

 

Azərbaycanda yaşayan xalqların həyatı, adət-ənənəsi, əsrlərin yadigarı olan qalalar, abidələr, inanc yerləri, muzeylər, teatrlar, qədim memarlıq ənənələrini özündə ehtiva edən möhtəşəm ictimai tikililər və s. qədimdən bu diyara yolu düşənlərdə böyük maraq doğurur. Bütün bunlar dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də mədəni turizmin əsasını təşkil edən sahələrdəndir. Bu gün ölkəmizə səyahət edənlərin əksəriyyəti turizmin bu növünə daha çox üstünlük verirlər. Bu üstünlük müstəvisində yaşlılar, elm adamları, tarixçi və coğrafiyaçı tədqiqatçılar, rəssamlar, memarlar, mədəniyyət və incəsənət adamları çoxluq təşkil edir.

Məmnunluq doğuran odur ki, Bakıda, Naxçıvanda, Sumqayıtda, Qubada, Qusarda, Qəbələdə, Gəncədə və ölkəmizin digər şəhər və rayonlarında keçirilən beynəlxalq tədbirlərin iştirakçıları da istirahət vaxtlarında mədəni turizmə - tarixi yerlərə, muzey, teatrmilli xalq ənənələri ilə tanışlığa üstünlük verirlər.

Şəkidəki Kiş Alban məbədi turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. 2017-ci ilin ötən dövrü ərzində Şəkinin Kiş kəndində yerləşən qədim Alban məbədini 10 minə yaxın turist ziyarət edib. Gələnlərin 4300 nəfəri xaricilər olub. Bu il İran, İraq, BƏƏ, Türkiyə və digər ölkələrdən qədim Gəncəyə səfər etmiş mədəni turizm həvəskarlarının sayı əvvəlki illərə nisbətən 40-50 dəfəyə qədər artıb. İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gələn əcnəbi və yerli turistlərin sayı da əvvəlki illərdən qat-qat çox olub. Qəsəbənin relyefi, çay daşlarından salınmış dar küçələri, yerli memarlıq ənənələrinə uyğun qədim evlər, küçə boyu fəaliyyətdə olan misgərlik emalatxanaları, onların hazırladıqları suvenirlər, xalçaçı xanımların əl işləri və s. “gəlmələr”i məftunluqla özünə cəlb edir. Maraqlısı odur ki, bu tarixi kənddə şəkil çəkdirməmiş, yerli suvenirlərdən hədiyyə almamış gedənlərə, demək olar ki, nadir hallarda rast gəlinir.

Quba Soyqırımı Memorial Kompleksi, Gəncədə Nizami Məqbərəsi, “İmamzadə” dini kompleksi, Şah Abbas məscidi, ötən əsrin 18-20-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk günlər fəaliyyətdə olduğu inzibati bina, XVIII əsrin ikinci yarısı və XIX əsrin əvvəllərində Xanlar (indi Göygöl) rayonunda yaşamış almanlaronlara məxsus köhnə tikililər, məzarlar mədəni turizm iştirakçıları tərəfindən maraqla qarşılanır. Bu da son nəticədə ölkəmizə gələn yerlixarici turistlərin sayının çoxalmasına səbəb olur.

Kəpəzin qoynunda gözəlliyi və məkan baxımından heyranedici olan Göygöldə turizm infrastrukturunu daha da yaxşılaşdırmaq üçün Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: Bizim gözəl turizm məkanımız olan Göygölə gedən yol artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz indi Göygölü turizm mərkəzinə çevirərək oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir”.

Xatırladaq ki, bu ilin 8 ayı ərzində Azərbaycana 1 milyon 800 mindən çox xarici vətəndaş gəlib. Səfər edənlər arasında ilk yeri Rusiya, daha sonra isə Gürcüstan, İran və Ərəb ölkələrinin turistləri tutur. Cari ildə Azərbaycana Rusiyadan 592 828, Gürcüstandan 349 807, İrandan isə 249 228 xarici vətəndaş gəlib. 2016-cı ildə ölkəyə 1 milyon 800 minədək Avropadan ümumilikdə 2 milyon 242 min 783 xarici vətəndaş səfər edib. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. 2015-ci ildə Azərbaycana 2 milyondan çox xarici vətəndaş gəlib.

Bölgələrdə turizmin bir çox növləri, o cümlədən mədəni turizmin inkişafı üçün yaxşı imkanlar var. Şamaxı rayonunun Dəmirçi kəndində mədəni turizmin təşviqi ilə bağlı görülən işlər və Şamaxı Safari Parkının yaradılması buna bariz nümunədir. Dəmirçi Şamaxının ən qədim kəndlərindəndir. İsmayıllının Lahıc qəsəbəsi misgərlik sənəti ilə məşhur olduğu kimi, bu kənd də dəmirçilik sənəti ilə tanınır. Kəndin tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay idi, burada dəmirçilik sənəti geniş yayıldığından sonralar kəndə Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki köhnə tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Son illər ölkə rəhbərinin göstərişi ilə kəndin tarixi simasının bərpası və qorunması istiqamətində kompleks işlər görülüb. Ölkəmizin ən qədim (755-ci il) dini ocaqlarından olan Dəmirçi məscidi bərpa edilib. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidində (743-cü il) də bərpa və yenidənqurma işləri aparılıb.

Mədəni turizm səyahətində olanların gəzintisinin yaddaqalan olması üçün ölkəmizdə bir sıra maraqlı layihələr də icra olunub. Layihələr içərisində ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti xüsusilə diqqətçəkəndir. Burada turistlərə müxtəlif əl işləri təqdim olunur. Kənddə onlar üçün maraqlı əyləncə və istirahət yerləri təşkil edilib. Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradır. Turizm infrastrukturunda “Azərxalça” ASC də yer alıb. Toxunacaq xalçaların turistlərə satılacağı nəzərə alınıb. Bununla da həyata keçiriləcək layihə Azərbaycan xalçalarının şöhrətini daha da artıracaq.

Prezident İlham Əliyev oktyabr ayının əvvəllərində Şamaxı rayonuna səfəri zamanı bölgədə turizm infrastrukturunun yenilənməsi, tarixi abidələrin bərpası və abadlıq-quruculuq işlərinin icrası, habelə Dəmirçi kəndində turizm sahəsində həyata keçirilən layihələri nəzərdən keçirib. Sakinlərlə görüşündə Dəmirçi kəndinin turistik məkana çevrilməsi üçün əlavə tədbirlərin görüləcəyini, gələn il kəndə yeni yolun çəkiləcəyini bildirən Prezident İlham Əliyev deyib: “Necə ki, il ərzində Lahıca minlərlə turist gəlir, buraya da gələcək. Dəmirçi kəndi ölkəmizin ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Dünya da biləcək ki, Azərbaycanda, Şamaxıda belə bir kənd və onun qədim məscidi var, burada gözəl insanlar yaşayırlar”.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndəki tələb və tövsiyələrə əsasən, yeni yaradılmış Şamaxı Safari Parkı bölgədə mədəni turizmin imkanlarını daha da genişləndirəcək. Səfər zamanı ölkə başçısına inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyin layihəsi təqdim edilib. Yeni layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişi barədə məlumatlar və eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq. Prezident İlham Əliyevin 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı bu sahədə ötən illərdən tətbiq edilən islahatların uğurlu davamına güclü təminat yaradıb.

İslahatların uğurlu gedişatı üçün bu günlərdə Prezident İlham Əliyev rayonun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dəmirçi kəndini Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan yolun tikintisi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması göstərilmişdir.

Müşahidələrdən və xarici ölkələrin qəzet və jurnal materiallarından, hebelə Azərbaycana gələn turistlərin çoxalması ondan xəbər verir ki, ölkəmizdə turizmin bütün sahələrinə, o cümlədən mədəni turizmə maraq ildən-ilə artır.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2017.-28 oktyabr.- S.7.