Gözünə mərd baxan gözdən “utanır”...

 

Hörmətli Bəxtiyar müəllim!

Bu günlərdə qəzet səhifələrində gördüm ki, növbəti görüşləri zamanı Ermənistan prezidenti əlini üzünə tutub Azərbaycan Prezidentindən “gizlənmək” istəyir.

Çox təsirləndim.

Kişi olan heç bir Allah bəndəsi (düşmən olsa belə) bu vəziyyəti özünə rəva görməzdi,  xüsusən də Qafqaz adamı ola. Daha bir ölkə prezidentini demirəm.

Söhbət adicə insani ləyaqət hissindən gedir.

Cənab Prezidentimiz İlham Əliyevi mənim yaş nəslim çox yaxşı tanıyır. Bizim gözümüzün qabağında böyüyüb boya-başa çatmışdır.

O, bizim fəxrimizdir.

Onun ziyalılarımızla, ölkəmizə gələn yüksək səviyyəli qonaqlarla, regionlara səfərləri zamanı adi adamlarla, eləcə də xarici dövlət başçıları ilə, prezidentlərlə görüşlərini çox görmüşükindigörürük.

Dediklərimi bu münasibətlə yazdığım şeirimlə ifadə edirəm

Hörmətlə,

 

 

Cənab Prezident, fikir verməyin,

Üzüqara olmuş, sizdən “utanır”.

Günahı, taqsırı o qədərdi ki,

Üzü üzlər görüb, üzdən utanır.

 

Səsini alıblar, qalıbdı səssiz,

Bir görə bilmir qəsdsiz-qərəzsiz.

- Gəl, əyri oturaq, düz danışaq biz! -

O əyri oturur, “düzdən” utanır.

 

Burdan onu görüb tanıyacaqlar,

Qucağı boş qalan beşik qucaqlar.

Odda yandıracaq sönən ocaqlar,

Oddan bərk çəkinir, közdən “utanır”.

 

Niyə, nə deyiblər, o, dilxor olmuş,

Gözünün pərdəsi belə tor olmuş.

Nə qədər göz görüb gözü kor olmuş,

Gözünə mərd baxan gözdən “utanır”?!

 

26.10.2017

 

Nəriman HƏSƏNZADƏ,

xalq şairi

 

Azərbaycan.- 2017.- 29 oktyabr.- S.8.