Azadlığı vəsf edən fırça

 

Onunla düz iki il əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində görüşmüşdük. Təbii ki, görüşümüz təsadüfi deyildi. Qəzetimizin “Məhkum əməyi” rubrikası altında bir neçə cəzaçəkmə müəssisəsində olub məhkumların əmək qabiliyyəti ilə tanış olmuşduq. Bu zaman sözügedən cəzaçəkmə müəssisəsində peşəkar rəssam kimi ad çıxaran Bəhram Məmmədovun əl işləri də diqqətimizi çəkmişdi. İndi isə onunla azadlıqda, öz evinin bir küncündə saldığı emalatxanasında görüşürük.

1960-cı ildə İrəvan şəhərində anadan olub. Tale elə gətirib ki, 2006-cı ildə, 46 yaşında Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən azadlıqdan məhrum edilib. 10 il məhkumluq həyatı yaşadıqdan sonra 2016-cı ilin martında azadlığa buraxılıb. Rəssamlığın sirlərinə də məhz cəzaçəkmə müəssisəsində yiyələnib. Bundan əvvəl nə vaxtsa rəssam olacağı heç ağlına da gəlməyib. Məhkumluq həyatı ona təkcə sənət qazandırmayıb, həm də törətdiyi cinayət əməlinin peşmançılığını dərk edib. Birinci görüşümüzdə “Cəmiyyət həbsxana barədə birmənalı düşünmür, qoy görsünlər ki, elə deyil, buradakılar da insandır və hansı işləri bacarırlar...” - deyən Bəhram kişi növbəti görüşdə azadlığın dəyərindən, bunun qiymətsiz bir nemət olduğundan danışdı.

 

“Sənəti cəzaçəkmə müəssisəsində öyrənmişəm”

 

Vaxtilə cəzaçəkmə müəssisəsindəki balaca emalatxananın divarlarından asılan irili-xırdalı o rəsm əsərləri indi öz evini bəzəyir.

- Əvvəllər azadlıqda olanda qətiyyən bu işlə məşğul olmamışam. Sənəti cəzaçəkmə müəssisəsində öyrənmişəm. Vüqar adında bir məhkum vardı, 2009-cu ildə onun yanında sənətin sirlərinə yiyələndim. İlk dəfə ustanın otağına girəndə oradakı rəsmlərin qoxusu məni özünə çəkdi, nədənsə bu sənətə həvəsim yarandı. Fikirləşdim ki, necə olursa-olsun, mən də bu işi görəcəm. Beləcə, rəssamın yanında öyrənməyə başladım və işləyə-işləyə təkmilləşdim. 2009-cu ildən etibarən özüm fərdi şəkildə rəssamlığa başladım. Tam bir ildən sonra böyük bir sərgidə çıxış etdim. Düşünürəm ki, bunun özü həm də Allah vergisidir. Çünki istəsən də, bu sənəti bir ilə öyrənə bilməzsən...

B.Məmmədov 2013-cü il yanvarın 15-də “Avropa” hotelində özünün fərdi sərgisini keçirib. Dediyinə görə, həmin sərgi anşlaqla qarşılanıb. Təbii ki, bu sərgilərin təşkilində Ədliyyə Nazirliyinin və müəssisə rəhbərliyinin böyük rolu və dəstəyi olub. Eyni zamanda, Penitensiar xidmətin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə məhbusun məhkumluq dövründə işlədiyi rəsm əsərlərinin bu şəkildə təqdimatını dövlət tərəfindən məhkumlara göstərilən diqqətin bariz nümunəsi hesab etmək olar.

 

Bu sənəti öyrənməsəydim, indi azadlıqda çətinlik çəkərdim”

 

Həyatın xoşagəlməz sürprizləri ilə üzləşən B.Məmmədovun rəsm əsərlərində təbiət gözəllikləri, Azərbaycan qadınının xarakteri və mənəvi dünyası özünəməxsus ustalıqla təsvir olunub:

- 150-ə yaxın əl işim var. Amma onların əksəriyyəti özümdə deyil, çoxunu elektron formatda saxlamışam. Rəsmlərimin hər biri öz təxəyyülümün məhsuludur. Fikrimə nə gəldi, beynimdə nə canlandı onu da çəkirəm. Xüsusən də məni narahat edən məqamları canlandırıram. Əsər işləyərkən içimdə hiss etdiyim narahatlıqları üzə çıxarmağa çalışıram.

Onun rəsmlərinə baxdıqda hiss edirsən ki, Bəhram kişi yaratdığı portretlərdə personajların daxili-psixoloji aləmini, analıq hiss və həyəcanlarını, gözlərinə qonmuş kədərin səciyyəvi cizgilərini məharətlə əks etdirə bilib. Onun ana və qucağındakı körpə rəsmi deyilənləri tam mənası ilə təcəssüm etdirir. B.Məmmədovun əsərlərinin mahiyyətini, istifadə olunan rəngləri təhlil etsək, bunların intizar, həsrət və peşmançılıq hissləri yaşayan müəllif tərəfindən yaradıldığı barədə nəticəyə gəlmək elə də çətin olmaz. Bu gün səmimi peşmançılıq hissləri keçirən məhkumun çəkdiyi rəsmlər bir daha təsdiq edir ki, öz doğmasına qarşı törətdiyi cinayət onu daim düşündürür, mənəvi əzab verirbunun nəticəsidir ki, ərsəyə gətirdiyi əsərlərin heç birində nikbinlik ruhu hiss olunmur.

- Məhkumluq həyatının ümumi işə psixoloji və mənəvi təsirləri böyükdür. Düşünürəm ki, mən məhkumluqda bu sənəti öyrənməsəydim, indi azadlıqda çətinlik çəkərdim. İstəyirəm ki, azadlığın imkanlarından daha çox istifadə edim, həyatda mənə məxsus bir şeylər olsun. Ədliyyə NazirliyininPenitensiar xidmətin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Çünki belə bir mühitdə bu işləri təşkil etmək, məhkuma şərait yaratmaq elə-belə deyildi. Düşünürəm ki, mənim işimin təbliğ edilməsinin digər məhkumlara da xeyri olacaq.

 

İncəsənət insanı ram edir, onun rəhmini artırır

 

B.Məmmədov dedi ki, həbsxanada ancaq incəsənətlə məşğul olub. Onu əlavə heç bir işə cəlb etməyiblər. Əksinə, əllərindən gələn dəstəyi göstəriblər. Çünki çəkdiyi rəsmlərlə hər kəsin rəğbətini qazana bilib. Rəssam əlavə etdi ki, incəsənət adamı özü-özünə şərait yaratmalıdır. Onun sözlərinə görə, incəsənət adamının ürəyi heç vaxt qara ola bilməz, o heç vaxt bilə-bilə səhv etməz. Çünki incəsənət insanı ram edir, onun rəhmini artırır.

O, həbsxanada olduğu kimi, evində də hər hansı bir rəsmi musiqi dinləyərək çəkir. Təbii ki, bu zaman hər rəsmin özünə uyğun musiqi janrını seçir:

- Hər hansı bir tablonu çəkəndə fonda ona uyğun musiqi qoyuram. ÇaykovskininDörd fəsil” simfoniyası var. O musiqinin sədaları altında təbiət mənzərəsi çəkəndən sonra baxdım ki, həmin tabloda fəsillərin dördü də əks olunub. Özümdən asılı olmayaraq tabloda həm günəşi, həm qarı, həm yaşıllığı, həm də qızıl payızı çəkmişdim. Deməli, musiqinin əsərə təsiri böyükdür. Ona görə də hər dəfə yeni bir rəsm çəkməyə başlayanda mütləq ona uyğun musiqiyə köklənirəm”.

Sənətkar dedi ki, insan istəsə, hər şeyi edə bilər. Bu sənəti seçməklə heç kimə, heç nəyə ehtiyac olmadan yaşadığını göstərmək istəyib. Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Respublikasının Rəssamlar İttifaqı Bəhram Məmmədovu üzvlüyə qəbul edib. Eyni zamanda, Dövlət Neft Şirkəti (SOCAR) 1 saylı nəqliyyat departamentində onu işlə də təmin edib. Özünün isə gələcəklə bağlı ümidləri böyükdür. Təbii ki, 10 illik məhkumluq həyatından sonra yeni bir həyata alışmaq, yenidən insanlara qaynayıb-qarışmaq elə də asan deyil. Lakin Bəhram kişinin sahib olduğu iradə, həyata bağlılıq, doğmalarına məhəbbət bu çətinliklərin də öhdəsindən gəlməyi bacaracaq.

Deməli, məhkumlara münasibətdə humanizm prinsiplərinin düzgün tətbiqi və məhkumların tərbiyə işinin məqsədyönlü təşkili B.Məmmədovun və yüzlərlə digər məhbusun azad həyata yeni düşüncələrlə qovuşmasına zəmin yaradır. Məhkumluq həyatı yaşayan insanların əməyinin məhsulu olan hər hansı bir yaradıcılıq nümunələri onların mənəviyyatını, daxili peşmançılıq hisslərini, arzularını, vətənə, anaya, övladlarına, sevgilisinə olan sədaqətini və rəğbətini əks etdirən fikir və düşüncələrini ifadə etməyə şərait yaradır.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.-6 sentyabr.- S.15.