Bu, həmin Kərimov idi ki...

 

Kosmonavtikanın zirvəsinə yolu Bakıdan başlanmışdı

 

- Yoldaş Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri! Heyət uçuşa hazırdır!

- Proqramı müvəffəqiyyətlə yerinə yetirməyinizi və doğma torpağa sağ-salamat qayıtmağınızı arzu edirəm!

Keçən əsrin 60-80-ci illərində Baykonur kosmodromunda bu dialoqun neçə dəfə səsləndiyini hesablamaq bir qədər çətindir. Amma məlum olan bir həqiqət var: uçuşa hazır olduqları və sonra da kosmik proqramı uğurla yerinə yetirdikləri barədə raport verən heyətlərin tərkibi dəyişir, onları dinləyən komissiya sədri isə dəyişməz qalırdı. Kosmonavtlar SSRİ-nin müxtəlif xalqlarının nümayəndələri, komissiya sədri isə azərbaycanlı idi. Azərbaycanlı Kərim Abbasəli oğlu Kərimov - artilleriya general-leytenantı, Lenin, Stalin və SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı...

Bu, həmin Kərimov idi ki, sovet kosmonavtikasında mərkəzi fiqurlardan, sovet kosmos proqramının banilərindən biri olmuşdur. Kapustin Yar təlim meydanında ilk kosmik raketləri sınaqdan keçirmişdi. Yüzlərlə raketin kosmosa buraxılmasında iştirak etmişdi. Nəhayət, 1966-cı ildə SSRİ-də Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədr təyin etmək üçün namizəd arayanda yalnız onun adı üzərində dayanmışdılar.

Bu, həmin Kərimov idi ki, Amerikanın Kosmik Agentliyi NASA belə bir mütəxəssisə sahib olmaq istəyi ilə onu “gözaltılamış”, Mərkəzi Kəşfiyyat İdarəsinin ona “yan almaq” cəhdlərinin isə hamısı boşa çıxmışdı.

Kərim Kərimovun adı uzun müddət, 1987-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adını alana qədər məxfi, necə deyərlər, yeddi qıfıl arxasında saxlanılmışdı.

Lakin Kərimov fenomeni bütün hallarda öz böyüklüyündə qalırdı.

O, kosmosa uçmamışdı. Lakin startdan öncə kosmonavtın həyəcanını bölən axırıncı, uçuş sona çatandan sonra isə onun sevincinə şərik çıxan birinci insan idi. Uçuşun davam etdiyi günlərdə, həftələrdə, hətta aylarda generalın bütün qəlbi ilə, varlığı ilə, diqqəti ilə kosmosda olduğu da öz yerində...

Kərimovu uzaq fəzalara, uca zirvələrə aparan bu yol isə Bakının qədim küçələrindən, Xəzərin qumlu sahillərindən, Pirşağı bağlarından başlanmışdı. Kərimov bu uzaq səfərə Azərbaycandan çıxmışdı...

O, Sankt-Peterburqda mükəmməl təhsil almış, ixtisasca mühəndis-texnoloq olmuş Abbasəli Kərimovun ailəsində 1917-ci ildə dünyaya göz açmışdı. Atası müxtəlif sahələrə aid texnologiyalara dərindən bələd idi. Bununla belə, bilgilərini Bakının neft mədənlərində tətbiq etməli olmuşdu. İlk Bakı-Batumi neft kəmərinin tikintisində və istismarında yaxından iştirak etmişdi.

Anası Sürəyya xanım gimnaziyada təhsil almış ziyalı qadın idi. Lakin çox gənc ikən - 24 yaşında vəfat etmişdi və onun ən böyüyü Kərim olan üç körpə oğlu anadan yetim qalmışdı.

Təkrar evlənməyi ağlına belə gətirməyən Abbasəli uşaqlarını həyat yoldaşının ata-anası ilə əl-ələ verərək böyütmüşdü. O vaxt Kərimin babasının evi Mustafa Sübhi küçəsində yerləşirdi və gündüzlər atası Qara şəhərə işə gedəndə uşaqlar burada qalırdılar.

Kərim məktəbli olanda babasının evinin yaxınlığında Uşaq Texniki Stansiyası açılır. Orada radio dərnəyi də yaradılır. Yeniyetmə Kərim Kərimov həmin dərnəyə yazılır və elə hər şey də buradan başlanır.

Orta təhsilini rus dilində alan Kərimin arzusu Moskva Rabitə Akademiyasına daxil olmaq idi. Bu məqsədlə də 1936-cı ilin avqustunda Moskvaya gedir. Orada akademiya yataqxanasının abituriyentlər üçün ayrılmış hissəsində Rostov-Dondan olan gənclərlə bir otaqda qalır. Təsadüf elə gətirir ki, həmin otağın sakinlərinin heç biri müsabiqədən keçmir. Bu zaman rostovlu oğlanlar öyrənirlər ki, onların şəhərinin yaxınlığındakı Novoçerkask Energetika İnstitutunda boş yerlər var. Kərim də onlara qoşularaq Novoçerkaska gedir və həmin institutun elektromexanika fakültəsinə qəbul olunur.

Çox keçmədən Zara da Bakıdan buraya gəlir. Tağıyeva Zara Hənifə qızı ilə Kərim hələ orta məktəbdə oxuyanda tanış olmuşdu. Onlar bir-birini sevmiş və gələcəkdə həyat yollarını birləşdirməyi qərara almışdılar. Zaranın hər iki valideyni dünyasını erkən dəyişmişdi və tale bu yetim qıza sanki itirdiklərinin əvəzində belə bir güclü insana arxalanmağı, onunla xoşbəxt olmağı nəsib etmişdi.

Hələ tələbə ikən evlənirlər və ailənin ilki dünyaya gəlir. Kərim ona anası Sürəyyanın adını verir. Lakin 1937-1938-ci illər qarışıq bir dövr olduğundanmı, gənclərin uzaq şəhərdə çətinlik çəkdiyindənmi, ya hansısa başqa səbəbdənmi doğmaları birlikdə məşvərət edib onların Bakıya qayıtmasını məsləhət görürlər. Beləliklə, Kərim Kərimov üçüncü kursdan təhsilini Azərbaycan Sənaye İnstitutunun (indi Azərbaycan Neft və Sənaye Universiteti) energetika, həyat yoldaşı isə Azərbaycan Dövlət Universitetinin (indi BDU) kimya fakültəsində davam etdirirlər.

Kərimin ali təhsilini bitirməsi ilə Böyük Vətən müharibəsinin başlaması üst-üstə düşür. Cəbhədə radio mühəndislərinə böyük ehtiyac duyulur. Bununla belə, Kərim Kərimovun müharibə ilə bağlı Səmərqənd şəhərinə təxliyə edilmiş Dzerjinski adına Moskva Artilleriya Akademiyasına daxil olmasına təyinat verirlər. Çünki onun bir sıra ideyaları artıq hərbi mühəndisləri maraqlandırmışdı. Təsadüfi deyil ki, biliklərini yoxladıqdan sonra bu istedadlı gənci akademiyanın sonuncu kursuna qəbul etmişdilər və o, beşillik təhsili bir ilə başa çatdırmışdı. 1943-cü ildə Kərim Kərimov artıq topçu-mühəndis idi və ona Qvardiya Minaatan Hissələri Baş İdarəsinin müvəkkili kimi zavodlarda

“BM-13” - o zaman “Katyuşa” adı ilə tanınan yaylım atəşi qurğusu üçün mərmilərin istehsalına nəzarət etmək vəzifəsi tapşırılmışdı. Lakin gənc mütəxəssis bununla kifayətlənməyərək daim həmin silahın təkmilləşdirilməsi barədə düşünürdü və hətta təkliflərini də irəli sürmüşdü.

İndi Kərimov seçdiyi yolda daha geniş sahəni əhatəyə alaraq raket texnikası istiqamətində irəliləyirdi.

Müharibədən sonra Kərim Kərimov SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışır. 1946-cı ildən başlayaraq ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparır. Onun araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılır. Bunun elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq edilir.

Müdafiə Nazirliyi sistemində Kərimov idarə rəisi vəzifəsinə, general rütbəsinədək yüksəlir. Beləcə, 20 il əvvəl işə tramvayla gedib-gələn baş leytenant öz dərin zəkası və gərgin zəhməti ilə SSRİ kimi nəhəng bir dövlətə son dərəcə vacib işlərdə gərək olan şəxsiyyətə çevrilir.

Artıq kosmik era başlanmışdı. Kosmos isə o qədər çətin, mürəkkəb və məsuliyyətli sahədir ki, orada ən kiçicik bir məsələ də adi, ikinci dərəcəli sayıla bilməz. O ki ola pilotlu kosmik gəmilərin inşa edilməsi... Kərim Kərimov bu məsələyə o dərəcədə dəqiq yanaşırdı ki, ilk vaxtlar kosmik raketlərin konstruktoru Sergey Korolyovla fikirləri haçalanır, bəzən mübahisələri də düşürdü. Belə ki, Korolyov vaxta tabe olmağa, gəmini tez tikib təhvil verməyə çalışırdı. Kərimov isə sifarişçi olaraq ən kiçik hissəciyi də dönə-dönə yoxlamaqdan yorulmurdu... Beləcə onlar “çəkişərək bərkişmiş”, ən yaxın dostlara və silahdaşlara çevrilmişlər.

Kərimova tapşırılan vəzifəni yerinə yetirmək sıradan bir iş deyildi. Təkcə bu faktın özü çox şeyi deyir ki, Yuri Qaqarinin kosmosa qalxmasından əvvəl uçuşu hazırlayan bir neçə nəfər onun yerə sağ-salamat qayıdacağına təminat verməli, bunu yazılı surətdə bildirməli və yazdıqlarının altında imza atmalı idilər. Həmin şəxslərdən biri olan Kərimov sonralar xatırlayırdı: “Bu işə canımızla, qanımızla, başımızla cavabdeh idik”.

1961-ci il aprelin 12-si general Kərimovun ömrünün ən unudulmaz günlərindən biri idi.

Baykonurda aydın bir səhər açılmışdı. Qazaxıstan çöllərini bəzəyən qıp-qırmızı lalələr sanki pıçıldaşırdılar. Xoş bir meh əsirdi. Meh artıq kosmik gəmiyə minməyə hazırlaşan Qaqarinin yanaqlarını allandırmışdı. Bu onu daha gümrah və olduğundan da yaraşıqlı göstərirdi.

O gün böyük bir tarix yazılırdı. Dünyada ilk dəfə insan kosmosa uçurdu. Azərbaycan xalqı birinci kosmonavtın SSRİ vətəndaşı olduğundan qürur duyur, sevinirdi. Lakin heç kəsin ağlına belə gəlmirdi ki, Qaqarini əngin fəzalara qaldıran “Vostok” gəmisi Azərbaycan oğlu Kərim Kərimovun rəhbərliyi ilə inşa edilib...

Nə yaxşı ki, tarix heç bir sirri gizli saxlamır!..

Sözügedən hadisədən 40 il keçəcək və Kərim Kərimov sanki adi bir iş görübmüş kimi sakitliklə deyəcək: “Qaqarinə həyat vəsiqəsini mən vermişəm”.

1966-cı ildən Kərim Kərimov Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına rəhbərlik etməyə başlayır. Bundan sonra da kosmik uçuşlar edən bütün pilotların uğurları, qayğı və problemləri, bəzən hətta faciələri də Kərimovun sanki qəlbindən və taleyindən keçir. Buna görə də kosmonavtlar onu çox sevirdilər. Müxtəlif illərdə kosmosa uçmuş Pavel Popoviç, Aleksey Leonov, Vladimir Şatalov, Musa Manarov və başqaları onun haqqında doğma, əziz insan kimi danışırdılar. Sergey Korolyovun qızı Natalya həmişə Kərimovu atası ilə qoşa xatırlayaraq kövrəlirdi...

Kərim Kərimov 25 il, yəni 1991-ci ilə qədər dövlət komissiyasının sədri olub. Kosmonavtlar deyirlər ki, göydə bəzən gözlənilməz hallar da baş verir. Bu zaman istər onların özü, istərsə də uçuşu yerdən idarə edən heyət dərhal, elə həmin an qərar qəbul etməlidir. Belə hallarda ən düzgün yolu komissiya sədri göstərirdi. Ən başlıcası isə bu idi ki, o, qərarı ildırım sürəti ilə qəbul edirdi.

1974-cü ildən Kərimov əsas vəzifəsi ilə yanaşı Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsində də çalışıb. Həmin dövrdə sovet kosmik aparatları onun birbaşa rəhbərliyi və fəal iştirakı ilə yaradılıb. Bu aparatların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Solyut” orbital stansiyası və sonradan çoxmodullu “Mir” stansiyası olub. SSRİ qarşısındakı misilsiz xidmətlərinə görə Kərim Kərimov əsas mükafatlarından əlavə bir çox ordenlərlə də təltif edilmişdi.

Kosmonavtika nə qədər ciddi sahə olsa da, demə, burada məzəli əhvalatlar da baş verirmiş. Uçuşların biri zamanı kosmonavt Gennadi Strekalovun qolu şişir və qızarır. Yerdən həkimlərin verdiyi göstərişlər, gəminin aptekindəki həblər kosmonavta kömək etmir. Strekalovun yadına düşür ki, hələ yerdə ikən bir dəfə onun ayağında da belə qızartı əmələ gəlibmiş və türkəçarə ilə məşğul olan bir qoca qarı onu qızaran yerə qırmızı dəsmal bağlamaqla sağaldıbmış. Kərimov söyləyirdi ki, biz çarəsiz qalıb kosmonavta qarının metodunu təkrar etməyi məsləhət gördük və Strekalovun qolu tezliklə sağaldı. Bundan sonra o, növbəti tapşırığı yerinə yetirmək üçün hətta açıq kosmosa da çıxdı.

General hər dəfə bu hadisəni xatırlayanda gülürdü... Ümumən götürəndə isə Kərim Kərimovun həyatının hər günü, bəlkə də hər anı ciddiyyətlə, məsuliyyətlə dolu olub.

1969-cu ildə Sov.İKP MK-nın müdafiə məsələləri üzrə katibi Dmitri Ustinov kosmik proqramlarla məşğul olan qurumların rəhbərlərini Kremldəki kabinetinə dəvət edir. Məsələnin qoyuluşu belə olur ki, nə üçün SSRİ Ayın öyrənilməsində və oraya kosmik uçuşların həyata keçirilməsində ABŞ-dan geridə qalır.

Görüşə dəvət olunanların hamısı yaxşı bilirdi ki, 1961-ci ildə Y.Qaqarinin kosmosa uçuşundan sonra ABŞ Prezidenti Con Kennedi hiddətlənərək amerikalıların Ayın öyrənilməsində sovetləri qabaqlaması və Amerika astronavtının Aya uçuşunun təmin edilməsi üçün 240 milyard dollar vəsait ayırmışdı. Sovet rəhbəri Nikita Xruşşovun isə öz ölkəsində bu işə sərf olunacaq vəsaiti düzgün istiqamətləndirməməsi nəticəsində SSRİ-də analoji sərəncam yalnız 1967-ci ildə, hakimiyyət başında artıq Leonid Brejnevin dayandığı vaxt verilmişdi. Yəni Amerikanın Aya uçacaq raketi startda dayananda və astronavtlar uçuş üçün məşqlər edəndə... Yalnız üç Amerika astronavtının 1967-ci ildə amansız qəza nəticəsində həlak olması ABŞ vətəndaşının Aya enməsini 1969-cu ilə qədər ləngidən yeganə səbəb idi.

D.Ustinov bütün bunları bilsə də-bilməsə də, öz vəzifə borcunu yerinə yetirərək kosmosla məşğul olan qrupdan hesabat istəyirdi. Hamı susmuşdu. Xeyli sükutdan sonra dinən Kərimov olur. Ötüb-keçənləri qısaca xatırladaraq deyir ki, 1967-ci ildə bizə Ayla bağlı sərəncam veriləndə və tapşırılanda ki, bu işdə ABŞ-ı qabaqlamalıyıq, amerikalılar artıq uçuşa hazır idilər. Belə çıxır ki, biz möcüzə törətməliydik? Dmitri Fyodoroviç, indi siz bizi nəyə görə danlayırsınız? Möcüzə törədə bilmədiyimizə görə?!

Ortaya gərgin bir sükut çökür. Kim bilir, belə sərt bir cavabdan sonra həmyerlimizi nələr gözləyirdi? Əlbəttə, nəhayət, söhbət iştirakçılarından biri - SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Mstislav Keldış dinməsə idi. Akademik deyir ki, Dmitri Fyodoroviç, doğrudan da, sərəncam imzalananda onun yerinə yetirilməsinin mümkün olmayacağı artıq aydın idi. Mümkün olmayan işi isə necə gerçəkləşdirmək olardı?

D.Ustinov bu həqiqətin müqabilində bir kəlmə də demir və müşavirə bağlı elan olunur. Kərimov bu müşavirənin onun üçün təhlükəli sonluqla qurtarmadığına görə ömrü boyu Keldışa rəhmət diləyirdi...

2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin Kərim Kərimovu 4-cü dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif etmişdi.

General Kərim Kərimovun Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsinə də böyük köməyi dəymişdi. O, AMEA-nın Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməyi göstərmiş, bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsinə şərait yaratmışdır. K. Kərimov AMEA-nın fəxri üzvü seçilmişdi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev müstəqillik illərində ona “Şöhrət” ordenini təqdim edərkən bütün bunları xatırlatmış və vurğulamışdır ki, Kərimov Azərbaycanda yaşamasa da, ona başucalığı gətirən böyük işlər görmüşdür və xalqımız öz ləyaqətli oğlu ilə fəxr edir.

Kərim Kərimov Azərbaycandan uzaqlarda yaşamış, işi və çevrəsi ilə bağlı həmişə başqa dildə danışmış, tutduğu vəzifələrin onun üçün demək olar ki, boş vaxt qoymadığı üçün vətəninə gec-gec gəlmişdi. Lakin o, Azərbaycanı qəlbən sevirdi. Kitab rəfində Azərbaycan haqqında istənilən qədər əsər vardı. Azərbaycan musiqisini dinləməkdən zövq alır, evindəki valları dönə-dönə fırladaraq Zeynəbin nəğmələrinə qulaq asır, çayı armudu stəkanda içir, uşaqlıqda atasının öyrətdiyi “Kəlmeyi-şəhadəti” də əzbər bilirdi. Bakıda dəfn olunmadığının yeganə səbəbi isə yaxınlarının dediyinə görə, 1972-ci ildə Moskvada torpağa tapşırdığı ömür-gün yoldaşı Zara Hənifə qızı ilə yanaşı uyumaq arzusu olub.

General Kərim Kərimovun məzarı Moskvadakı Vaqankovo qəbiristanlığındadır. Ruhu isə bir zamanlar kosmosdan qoynundakı adaların, əfsanəvi Neft Daşlarının şəklini çəkdirdiyi dənizin - Xəzərin mavi suları üzərində qanad açır...

Bir neçə aydan sonra Kərim Kərimovun anadan olmasının 100 illiyi qeyd ediləcək. Prezident İlham Əliyevin hələ bu ilin əvvəlindən yubileyin keçirilməsi ilə bağlı sərəncam imzalaması Azərbaycan xalqının öz böyük oğluna sevgi və ehtiramının yüksək səviyyədə ifadəsidir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-10 sentyabr.- S.5.