Səhnədən deyilən söz təsirli olur

 

Teatrlarımız

 

O, 68 il öncə - 1949-cu ilin 19 aprelində Cəlilabad rayonunun Tahirli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Bakı Neft Sənaye Məktəbinə daxil olub. Teatr sənətinə tükənməz məhəbbəti onu bu sahəyə çəkdiyindən, qəbul olmaq üçün sənədlərini İncəsənət İnstitutunun Kinodram aktyorluğu fakültəsinə verib. Güclü və yatımlı səsə malik olmağı, natiqlik məharəti qabiliyyət imtahanı zamanı köməyinə çatıb, instituta qəbul olunub və 1973-cü ildə təhsilini başa vurub. Bundan sonra bütün həyatı və yaradıcılığı Lənkəran Dövlət Dram Teatrı ilə bağlı olub. Söhbət adı çəkilən teatrın görkəmli aktyoru, peşəsinin vurğunu, xalq artisti Qabil Əzizulla oğlu Quliyevdən - Qabil Mehdixanlıdan gedir.

Lənkəran Azərbaycanın dilbər guşəsi - “Cənub mirvarisiolmaqla yanaşı, həm də qədim mədəniyyət mərkəzlərindən biridir. İlk teatr tamaşaları burada 1850-ci ildə göstərilib. Teatrın yaşı isə 1891-ci il 18 yanvardan hesablanır. 1930-cu ildə teatrın bazasında H.Ərəblinski adına Lənkəran Musiqili Dram Teatrı yaranıb, 1949-cu ildən isə N.Vəzirov adına Lənkəran Xalq Teatrı kimi fəaliyyətini davam etdirib. O, 1973-cü ildə yenidən qurulub və N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı adlandırılıb.

Lənkəran teatrının səhnəsində vaxtilə Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi dahi aktyorlar qastrolda olub, Hacıbaba Bağırov (1950), Afaq Bəşirqızı (1973) kimi xalq artistləri ilk sənət addımlarını məhz burada atmışlar.

Qabil Quliyev də səhnə fəaliyyətinə Lənkəran Dövlət Dram Teatrında başlamış, bütün peşəkar işini bu mədəniyyət ocağında davam etdirmiş, burada əməkdar artist (1979), xalq artisti (2000) fəxri adlarına, 2012-ci ildən bəri, demək olar ki, hər il Prezident mükafatına, 2009-cu ildə isə Teatr Xadimləri İttifaqının “Şərəf” mükafatına layiq görülmüşdür.

Aktyor illəri hədər keçirməmiş, ötən 44 il ərzində 120-dən çox əsərdə rol almışdır. Cəlil Məmmədquluzadənin “Ölülər” və Üzeyir Hacıbəylinin “Olanlardan-keçənlərdən” əsərlərində yaratdığı Kefli İsgəndər və Mirzə obrazları respublika tamaşaçılarının rəğbətini qazanmışdır. Həmin tamaşaların lent yazıları “Qızıl fondda saxlanılır.

Qocaman aktyorla söhbətimiz zamanı dedi:

- Fikrimcə, aktyor nə qədər xaraktercə ciddi olsa, bir o qədər yaxşıdır. Mən bu ciddilikdən, rəsmilikdən heç vaxt ziyan görməmişəm. Bir mənə deyin görüm, Oqtayı (“Oqtay Eloğlu” - C.Cabbarlı), Qacarı (“Vaqif” - S.Vurğun), İsgəndəri (“Ölülər” - C.Məmmədquluzadə) necə qeyri-ciddi qəbul edəsən? Axı, Mirzə Cəlilin yaratdığı Kefli İsgəndər təkcə gülüş hədəfi deyil, həm də ciddi insan obrazıdır. Cəmiyyətin avamlığı onu məcbur edib ki, kimlərisə başa salmaq, anlatmaq üçün özünü belə aparsın.

- Yaxşı aktyor, yaxşı sənətkar yetişdirmək üçün teatr nə etməlidir - sualına özünəməxsus cavabı verdi:

- Əgər hər hansı bir teatr, sözün əsl mənasında, aktyor yetişdirmək istəyirsə, ilk növbədə klassik ədəbiyyata müraciət etməlidir. Çünki klassik ədəbiyyatın hər nümunəsi  tərbiyə məktəbidir.

Teatrın inkişafında, aktyorun yetişməsində klassik əsərlərin rolu danılmazdır. Məhz bu səbəbdən yaradıcı kollektivimiz klassik əsərlərə daha çox üstünlük verir.

Həyatından razı olan sənətkar deyir ki, şükür, bütün fəxri adları qazanmışam. Ümummilli lider Heydər Əliyevə daim rəhmət diləyirəm. Onun hakimiyyəti dövrlərində - 1979-cu ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adına layiq görülmüşəm. Ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət yetirərdi.  O,  mədəniyyətin sabahını düşünür, həm gənc istedadların üzə çıxarılmasına diqqətlə yanaşır, həm də onların yetişmələri, püxtələşmələri üçün hər cür şərait yaradırdı. Hər hansı bir tədbir keçiriləndən sonra səhnə arxasına keçib incəsənət xadimləri ilə görüşər, onların sosial-rifah halının yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verər, sərəncamlar imzalayardı. Ulu öndərin mədəniyyət və incəsənət xadimlərinə daim dövlət qayğısı göstərilməsi ilə bağlı əsasını qoyduğu ənənə bu gün də layiqincə davam etdirilir. Prezident İlham Əliyevin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncamı ilə 2017-ci ildə yenidən Prezident mükafatına layiq görüldüm. Əməyimə və səhnə fəaliyyətimə verilən qiymətə görə dövlətimizin başçısına minnətdaram. Bu mükafat məni yeni-yeni yaradıcılıq zirvələrini fəth etməyə ruhlandırır.

Bu gün Lənkəran Dövlət Dram Teatrında öz işinin ustası olan aktyorlar çoxdur. Mənimlə eyni vaxtda - 1973-cü ildə əmək fəaliyyətinə başlayan xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev, Sücəddin Mirzəyev, Zemfira Nəcəfova, Adil Zeynalov və digərləri tamaşaçıların qəlbinə yol tapır, onları, sözün yaxşı mənasında, sehrləməyi bacarırlar.

Çağdaş dövrümüzdə vətəndaşlarımızın mənəvi tərbiyəsi çox önəmlidir. Əgər bu sahədə teatrımız da bir görürsə, nə xoş! Kollektivimiz tez-tez paytaxt Bakıda, həmçinin yaxın xarici ölkələrdə qastrol səfərlərində olur. Həmin səfərlərdə uğurlar qazanır, mükafatlar əldə edirik. Teatrın direktoru Tofiq Heydərov və baş rejissor Tural Mustafayevin kollektivimizin uğurlarında özünəməxsus xidmətləri var. Bəli, teatrı məktəb hesab edənlər, məbəd adlandıranlar yanılmayıblar. Çünki teatrdan xalqa ünvanlanan söz çox güclü və kəsərli olur.  

 

Ağaddin BABAYEV,

Lənkəran şəhəri

 

Azərbaycan.- 2017.-10 sentyabr.- S.5.