Avropa İttifaqı Azərbaycanın regionda
sabit və etibarlı tərəfdaş kimi rolunu, dünyəvi cəmiyyət
quran ölkə kimi əhəmiyyətini
yeksək qiymətləndirir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa
İttifaqının ölkəmizdəki nümayəndəliyinin
yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın
etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki,
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin
yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Kestutis Yankauskas etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham
Əliyev səfirlə söhbət etdi.
Avropa İttifaqının ölkəmizdəki
nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dedi: “Mən
qarşılıqlı faydaya, ümumi dəyərlərə
və bütün sahələrdə qarşılıqlı
maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin
bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərimi
əsirgəməyəcəyəm. Bu, təkcə enerji sahəsi
deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi,
müasir dövlət və cəmiyyət qurulması kimi sahələri
əhatə edir. Biz Azərbaycanın regionda sabit və
etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və
dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini
yüksək qiymətləndiririk. Cənab Prezident, mən əlaqələrimizin
bundan sonra da möhkəmləndirilməsi işində Sizinlə
qarşılıqlı etimada əsaslanan əməkdaşlığı
səbirsizliklə gözləyirəm”.
Ölkəmiz və əməkdaşlığımızın
perspektivləri ilə bağlı xoş sözlərə
görə minnətdarlığını bildirən dövlətimizin
başçısı qeyd etdi ki, biz Avropa İttifaqı ilə
tərəfdaşlığımızın səviyyəsindən
çox məmnunuq və Avropa İttifaqı bizim əsas
ticarət tərəfdaşımızdır. Əlbəttə
ki, əməkdaşlığımız yalnız ticarət
və energetika sahələri ilə məhdudlaşmır,
geniş sahələri əhatə edir. Brüsselə son səfərini
uğurlu səfər kimi dəyərləndirən dövlətimizin
başçısı qeyd etdi ki, səfərindən dərhal
sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa
dair yeni sənədin üzərində fəal
danışıqlar prosesi başlanıldı və bu
danışıqlar hazırda uğurla davam etdirilir. Prezident
İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı
arasında əməkdaşlığın çox geniş
gündəliyə malik olduğunu qeyd edərək siyasi əlaqələr,
ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat,
təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət,
multikulturalizm ilə bağlı məsələlər ətrafında
səmərəli müzakirələrin
aparıldığını vurğuladı. Dövlətimizin
başçısı qeyd etdi ki, əməkdaşlığımızın
daha da genişləndirilməsi üçün yüksək
səviyyədə qarşılıqlı anlaşma
mövcuddur. Prezident İlham Əliyev bildirdi ki, biz bu əməkdaşlığa
önəm veririk və Avropa İttifaqına üzv dövlətlərin
üçdəbirindən çoxu ilə artıq strateji tərəfdaşlıq
haqqında sənədlər, bəyannamələr
imzalanıb və ya qəbul olunub. Bunun əməkdaşlıq
üçün çox gözəl əsas olduğunu deyən
Prezident İlham Əliyev Azərbaycan ilə Avropa
İttifaqı arasında yeni müqavilənin yaxın
zamanlarda imzalanacağına əminliyini bildirdi.
Dövlətimizin
başçısı Avropa İttifaqının Azərbaycanın
ərazi bütövlüyü ilə bağlı
mövqeyinin dəyişməz qalacağına ümidvar
olduğunu ifadə etdi.
Prezident İlham Əliyevin ifadə
etdiyi fikirlərə görə minnətdarlığını
bildirən Avropa İttifaqının ölkəmizdəki
nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas uzun illər
təhlükəsizlik siyasəti ilə məşğul
olduğunu vurğulayaraq, bu sahədə əldə etdiyi
bilik və təcrübəsindən Azərbaycanın ərazi
bütövlüyü kimi çox mühüm məsələnin
həllində də istifadə edəcəyini dedi. Prezident
İlham Əliyevin Brüsselə səfərinə və tərəfdaşlıq
əlaqələrini özündə əks etdirən sənədə
toxunan səfir bunun əhəmiyyətini vurğuladı və
müqavilə ilə bağlı Brüsseldə fəal
iş aparıldığını dedi.
Azərbaycan.-
2017.- 13 sentyabr.- S.1.