Əsrlərin savaşına son qoyan “Əsrin müqaviləsi”

 

Hər bir xalq perspektivləri və inkişaf yollarını aydın görmək istəyirsə, mütləq keçmişinə nəzər salmalı, tarixi hadisələri araşdırmalı və gələcəyin konturlarını özü təyin etməlidir. Keçmişi ötəri də olsa, nəzərdən keçirmək kifayətdir ki, Azərbaycan xalqının qismətinə yazılan misilsiz faciələrin, ağla sığmayan toqquşmaların, müharibələrin şahidi olaq. Bütün baş verən müdhiş hadisələrin, aramsız təzyiqlərin və məhrumiyyətlərin iki səbəbi var. Birincisi, biz çox böyük sərvətlərin sahibiyik, ikincisi isə ölkəmizin geopolitik mövqeyi tarixən bütün fatehləri maqnit kimi özünə çəkib, ən böyük güclərin yaxında və uzaqda yerləşməsindən asılı olmayaraq, maraqlarının toqquşmasına səbəb olub.

İngilis jurnalı “Near East” 1918-ci ildə yazırdı: “Bakı dünyanın ən nəhəng neft mərkəzidir. Əgər neft şahdırsa, Bakı onun tacıdır”. Abşeronda neft fəvvarə vuran gündən Bakı Rusiyanın ürəyinə çevrildi. Artıq ötən əsrin əvvəlindən hamı yaxşı bilirdi ki neftin varsa, hökmranlıq edə bilərsən: mazutun varsa dənizlərdə, benzinin varsa quruda və havada qələbə sənin əlindədir. Bakıda neft tapılan gündən onun uğrunda qaydasız savaş başladı və neft taxt-tacına bilavasitə və dolayısı sahib çıxmaq ən qüdrətli dövlətlər üçün bir nömrəli məsələyə çevrildi. İki dünya müharibəsində amansız döyüşə çıxan tərəflərin hədəfində Bakı nefti idi.

Bu il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. Dövlət başçısı mərasimdəki nitqində tədbirin mahiyyətindən danışmaqla yanaşı, tarixə nəzər saldı, “Əsrin kontraktı”nın imzalanması mərasimini xatırlatdı, bu müqavilənin ölkəmizin uğurlu inkişafına necə təkan verdiyindən, buna qədər ölkədə gərginləşən və xaosa çevrilən siyasi mühitdən danışdı.

Aradan 23 il keçməsinə baxmayaraq, baş verən hadisələr, ölkəmizin bu 23 ildəki dinamik inkişafı, nüfuzlu bir ölkə imicini qazanması, geniş beynəlxalq əlaqələr qurması, ciddi beynəlxalq nüfuza malik olması - bunların hamısı uğurlu neft strategiyasının sayəsində olmuşdur. Əgər Heydər Əliyevin siyasi dühası və nəhəng təcrübəsi olmasaydı, Azərbaycan fərqli bir aqibətin sahibi ola bilərdi. Məhz neft müqaviləsinin yenidən imzalandığı bir dövrdə bir daha keçmişə qayıtmaq, nəinki Azərbaycanda, hətta bütün dünyada neftlə bağlı münaqişə və müharibələrin tarixinə nəzər salmaq zərurəti yaranır.

1914-1918-ci illər. Birinci Dünya müharibəsi tarixə “Mühərriklər müharibəsi” kimi həkk olundu, çünki artıq döyüşlərdə hərbi texnika tətbiq edilməyə başladı, yanacaq sərfiyyatı kəskin surətdə artdı. Döyüşən tərəflər əsasən neft-qaz yataqlarına nəzarəti ələ keçirməyə çalışırdılar. Ən nəhəng neft istehsalçıları ABŞ, Rusiya, Avstriya-Macarıstan, İndiki İndoneziya (o zaman Niderlanda məxsus idi) və Hindistan (Böyük Britaniyanın koloniyası idi) sayılırdı. Rusiya dünyada Bakı neftinə görə öndə idi və ən ağır savaşlarda əsas məqsəd Bakı neftinə sahib çıxmaq, bütünlükdə Azərbaycanı ələ keçirmək idi. Şaumyanın Leninin səlahiyyətli nümayəndəsi kimi Qafqaza gəlməsi, Azərbaycanda etnik təmizləmələr aparması, Bakı qırğınlarına görünməmiş vəhşiliklə başçılıq etməsini lokal erməni-müsəlman qarşıdurması kimi qiymətləndirmək səhv olardı. Ermənilər bir tərəfdən Rusiyanın, digər tərəfdən isə ümumdünya erməni lobbisinin vasitəsi ilə Qərb dövlətlərinin maraqlarına xidmət etmək adı altında neft gəlirlərində əlverişli mövqeləri qamarlamaq üçün ölüm-dirim savaşına çıxdılar. Əgər Şaumyanın imkanı olsaydı, bir gecəyə bütün Azərbaycanı qırardı və ermənilərə də Bakını xonçada təqdim edərdi. Onun əlində real imkanlar yox idi.

1918-ci ildə Bakıda neft və Bakı uğrunda amansız mübarizə gedirdi. Aramsız olaraq müsavatçılar, kommunarlar, proletar diktaturası, türklər və ingilislər bir-birini dəyişirdilər. Birinci Dünya müharibəsində döyüşən tərəflər Bakıya bütün varlığı ilə can atırdılar. 1918-ci ildə Sovet Rusiyası ilk dəfə neft şirkətlərini, o cümlədən xarici şirkətləri milliləşdirən kimi ABŞ, İngiltərə, Fransa ildırım sürəti ilə hərəkətə keçdi, “Qırmızılar”a məhəl qoymadan “Ağlara” dəstək verdi və hətta “dinc əhalinin iqtisadi maraqlarını qorumaq üçün” Rusiya ərazilərinə qoşunlarını yeritdi. Bakının dəfələrlə əldən ələ keçməsi, ilk demokratik cümhuriyyətin süqutu, bolşeviklərin istilasının əsas səbəbi yenə neftlə bağlı idi.

1938-ci ildə neft dünyada “ticarət müharibələri”nə səbəb oldu. Meksika İngiltərə və ABŞ şirkətlərini milliləşdirən kimi hər iki dövlət Meksikaya qarşı sanksiyalar tətbiq etdi.

1939-1947-ci illərdəki İkinci Dünya müharibəsi tarixə “birinci neft müharibəsi” kimi düşdü. Əsas məqsəd yenə də Rumıniyada, Bakıda, Yaxın və Uzaq Şərqdə neft yataqlarına nəzarəti ələ keçirmək idi. Faşist Almaniyası üçün Bakını ələ keçirmək hava və su kimi vacib idi. Hitler ya Bakını ələ keçirməli, ya da yerlə yeksən etməli idi. Stalin də işini elə qurmuşdu ki, ya Bakı ona qalmalı, ya da ki, bütün quyular partladılaraq Abşeron cəhənnəmə çevrilməli idi. Bu illərdə ermənilər də durmadan Bakı neftinə sahib çıxmaq üçün dəridən-qabıqdan çıxırdılar. Kremldə Stalinin yanında oturan Mikoyan Sovet İttifaqının birinci adamının “şəxsi rəqqası” titulunu daşısa da, əslində, o qədər də maymaq adam deyildi. O, İttifaq daxilindəki erməni havadarlarının və dünya erməni lobbisinin zurnası altında daha həvəslə oynayırdı. Və müharibə illərində bütün azərbaycanlıların Orta Asiyaya sürgün olunması barədə sənədə Stalinə az qala imza atdırmışdı. ABŞ və İngiltərə Rusiyanın müttəfiqi olsalar da, cənubdan Bakıya girmək üçün min oyundan çıxırdılar. Hətta ən uzaq Yaponiyanın belə, Bakı ilə bağlı planları var idi. Belə, ki, Yaponiya neftin 88 faizini Kanada, Holland və ABŞ şirkətlərindən alırdı. Bakı uzaq idi, ABŞ isə Yaponiyaya neft satışına embarqo qoymuşdu. Yaponiyanın ABŞ-a hücum etməsi də bununla bağlı idi. Yaponiya müharibədə özünü neftlə təmin etmək üçün İndoneziyanı da ələ keçirmişdi.

1951-ci ildə İranın baş naziri Məhəmməd Mosaddiq İran neft sənayesini milliləşdirəndə İngilis-İran Neft Şirkətinin ləğvi İngiltərənin iqtisadi maraqlarını tapdaladı. İngilislər danışıqlar yolu ilə öz maraqlarını qorumağa cəhd etdilər. Alınmadı. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və İngiltərənin M15 kəşfiyyatı İran şahını taxt-tacdan salan Mosaddiqi devirməyə qərar verdilər. 1953-cü ildə hərbiçilərin iştirakı ilə hakimiyyət çevrilişi baş verdi. Bu haqda tarixçi Stiven Kintser yazır ki, MKİ-nin başçısı Allen Dalles çevrilişə bir milyon dollar ayırmışdı, prezident Duayt Eyzenhauer (Dwight Eisenhower) isə çevriliş ideyasını bəyənmişdi. Hakimiyyətə qayıdan şah İran neft sənayesinin milliləşdirilməsini ləğv etdi. 1979-cu ildə İslam inqilabı baş verən kimi İran göz qırpımında müttəfiqdən ABŞ-ın rəqibinə çevrildi. Bir il sonra İraq İrana hücum edəndə neftlə zəngin müəyyən əraziləri ələ keçirmək niyyətini güdürdü. İraqa Fransa, SSRİ silah satırdı. Bu müharibə nəticəsində hər iki ölkənin neft sənayesi dağılmaq həddinə çatdı və neftin bareli dünya bazarında 13 dollardan 34 dollara qalxdı. Müharibədə hər iki tərəfdən 1,5 milyon insan qırıldı. 1990-cı ildə İraq Küveytə girəndə İranla müharibədə qalaqlanan borclarını bağlamaq niyyətini güdürdü. Versiyalardan biri də belədir ki, hətta 1994-cü ildə Çeçenistanda başlayan müharibə də Qafqazdan keçən neft kəmərlərinə nəzarəti ələ keçirmək məqsədini daşıyırdı.

Bu məqamda bir daha Azərbaycanda 90-cı illərdə baş verən hadisələrə qayıtmaq yerinə düşərdi. O illərdə qanlı “20 Yanvar” hadisələrindən sonra hər bir azərbaycanlının içini didən yeganə bir sual var idi. Sovet İttifaqı dağılırdı, bütün imperiyada milli zəmində münaqişələr və toqquşmalar baş verirdi. Lakin Bakıda bütün baş verən qanlı çaxnaşmaların ən ağırı törədildi. Biz özümüzə sual verirdik ki, niyə belə oldu, biz daha az qurbanlarla ötüşə bilməzdikmi?

Cavab sadədir, bu, mümkün deyildi, ona görə ki, bizim neftimiz var idi. Onun uğrunda hamı döyüşürdü, o cümlədən ermənilər də. Ola bilər ki, ermənilərin Bakı nefti uğrunda ölüm-dirim savaşına çıxması kiməsə qəribə gəlsin. Dünyanın qüdrətli dövlətlərinin yanında bir ovuc erməni daşnak terroristi belə xülyaya düşə bilərdimi? Bu suala ən yaxşı cavabı ABŞ-dan erməni yazıçısı, filosofu Ruben Anqaladyan verir. O yazır ki, Ermənistanın müstəqilliyi milli şüurun vacib hissəsi idi. Ermənistanın hansı sərhədlərin civarında mövcud olması sual altında idi. Niyə paytaxt İrəvan seçildi, ermənilərin Bakıda topladığı sərvətlər və insan resursları kimə qaldı: “Bakı nefti uğrunda geniş cəbhədə mübarizə gedirdi, bütün tərəflər oyuna daxil olmuşdu, amma erməni oyunçuları bu oyunda maraqlarını təmin edə bilmədilər. Niyə Ermənistanı İrəvanda yaratdılar? Axı, Bakının üçdə birini erməni əhalisi təşkil edirdi! (1926-cı ildə əhalinin siyahıya alınmasına görə, Bakı şəhərində cəmi yarım milyon adam yaşayırdı. Ermənilər isə şəhər əhalisinin üçdə birini yox, cəmi 15 faizini təşkil edirdilər - red.). Biz misilsiz neft sərvətlərini başqalarına verdik. Bakı həqiqətən də tarixi Ermənistana aid deyildi. Deyildi, amma ola bilərdi! Bolşeviklər sovet hakimiyyətini quranda elə bilirdilər ki, neft onlara qalacaq. Amma onilliklər ərzində Bakı nefti Azərbaycanlıların əlinə keçdi”. Bu fikirlər yüz il əvvəl yox, 2016-cı ildə internet resurslarına yerləşdirilib. Və biz erməni ideologiyasının nə qədər təhlükəli olmasını heç vaxt unutmalı deyilik.

Ələlxüsus, 90-cı illərdə baş verən bütün qanlı hadisələrin bilavasitə iştirakçıları ermənilər idi. Aqanbekyanın Paris mətbuatındakı çıxışı, Qorbaçovu üzük qaşı kimi mühasirəyə alan erməni məsləhətçiləri və onların xaricdəki havadarları yaxşı bilirdi ki, Bakı imperiyanın ürəyidir və birinci onu sıradan çıxarmaq lazımdır. Bunun üçün Dağlıq Qarabağ münaqişəsi ortaya atıldı və artıq Bakıya kimi gəlmək istəyən ermənilərin çiçəyi yenidən çırtladı. Məhz bu hadisələr ona gətirdi ki, Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda misli görünməmiş problemlərin ağırlığı ilə üzləşdi. İqtisadi tənəzzül dərinləşdi, sənaye potensialı kəskin surətdə azaldı, inflyasiya min faizlərlə ölçülməyə başladı, iqtisadi perspektivlər qeyb oldu. Siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos ölkəni bürüdü. Eyni zamanda, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti torpaqlarımızın böyük hissəsinin işğalına səbəb oldu. Qaçqınların və məcburi köçkünlərin sayı bir milyonu keçdi.

Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatalarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimindəki nitqində Prezident İlham Əliyev həmin gərgin məqamda Azərbaycan xalqının seçimini belə səciyyələndirdi: “Bax, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə Prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə başlamışdır. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir”.

Azərbaycan dövlətinin ən ağır məqamında ulu öndərin hakimiyyətə qayıdışı fəlakətlərin qarşısını almağa imkan verdi. O zaman xəzinə boş idi, ölkənin inkişafı üçün ciddi sərmayə lazım idi. Böyük xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək üçün xüsusi siyasi bacarıq və gərgin diplomatik səylər lazım idi. Dünyada “Brejnev komandasının birinci şəxsiyyət”i sayılan ulu öndər Heydər Əliyevin siyasi dühası, böyük müdrikliyi ona bu tarixi missiyanı uğurla icra etməyə imkan verdi və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı” imzalandı.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2017.-21 sentyabr.- S.5.