Leyli və Məcnun” operası ilk dəfə Rusiyada tamaşaçılara təqdim olunacaq

 

Şərqdə ilk operanın banisi, Azərbaycan milli musiqi tarixində silinməz izlər qoyan dahi bəstəkar Üzeyir bəy Hacıbəyli daim dünya xalqlarının  diqqət mərkəzində olub.

Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirən, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirən böyük bəstəkarın 1907-ci ildə yazdığı, 1908-ci ildə isə H.Z.Tağıyev teatrında tamaşaya qoyulanLeyli və Məcnun” nəinki  doğma vətənində, eləcə də Şərqdə opera sənətinin təməlini qoyan səhnə əsəridir.

Dünyanın bir çox mədəniyyət mərkəzlərini dolaşan 100 yaşlı “Leyli və Məcnun”un ilk dəfə olaraq Rusiyanın ən məşhur konsert salonlarından biri kimi tanınan “CROCUS STİY HALL”da nümayiş etdirilməsi barədə qəbul olunan qərar heç də təsadüfi deyil.

Bununla bağlı  dünən keçirilən mətbuat konfransında Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi bildirdi ki, xalqımızın milli-mənəvi sərvətlərindən olan bu musiqisinin daha geniş və beynəlxalq səviyyədə təqdim edilməsi ilk növbədə onun təbliği deməkdir: “Müstəqil Azərbaycan dövləti özünün hərtərəfli inkişafı ilə artıq nəinki yerləşdiyi coğrafi məkanda, hətta ayrı-ayrı qitələrdə belə diqqət çəkməkdədir. Burada keçirilən, silsilə xarakterli beynəlxalq mədəniyyət tədbirləri məhz  dövlətimizin siyasətinin prioritetlərindəndir. “Leyli və Məcnun” operasının oktyabrın 16-da ilk dəfə Moskvada tamaşaya qoyulması da  məhz milli musiqimizin zənginliyinin nümayişi, xalqımızın sərvətinin təbliği baxımından çox vacib məsələdir”.

Bu klassik səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı  Azərbaycan Mədəniyyət və İncəsənət Studiyası ilə  Azərbaycan  Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə nümayiş olunacaq.

Xalq artisti Mənsum İbrahimov media mənsublarının suallarını cavablandırarkən əsərin keçdiyi yola nəzər salaraq qeyd etdi ki, “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb: “Həmçinin bu əsərlə müsəlman Şərqində opera janrının əsası qoyulub. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb və ilk tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub. Tamaşada Hüseynqulu Sarabski (Məcnun), Ə.Fərəcov (Leyli), C. Dağıstani (İbn Səlam), M. Kazımovski (Məcnunun anası), Mirzə Muxtar (Məcnunun atası), İ. Qasımov (Leylinin atası) çıxış edib. Bu gün isə tale elə gətirib ki, həmin korifeylərin missiyasını biz daşımalı oluruq. Əsərin möhtəşəmliyi, auditoriyasının genişliyi (6 min  yerlik salon), tamaşaçılarının yalnız azərbaycanlılardan ibarət olmaması, əlbəttə, müəyyən həyəcan və məsuliyyət yaradır”.

Tamaşada əsas partiyaları Azərbaycan OperaBalet Teatrının solistləri ifa edəcəklər. 140 dəfə Məcnun rolunu oynayan  xalq artisti Mənsum İbrahimovun Leylisi Beynəlxalq müsabiqələrin laureatı,  gənc xanəndə Arzu Əliyeva olacaq. Simfonik orkestrin dirijoru xalq artisti Yalçın Adıgözəlov, operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Rusiyadakı  Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının təmsilçisi Aytac Həsənova KİV nümayəndələrinə müraciətlə bildirdi ki,  4 aydan artıqdır təşkilati  işlər gedir. Operanın təqdim olunmasına az vaxt qalır. Qalan müddət ərzində yalnız sosial şəbəkələrdə təbliğat xarakterli məlumatların yayılmasında dəstəyə ehtiyacları var. Rusiya KİV-i ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən media qurumları da vətənpərvərlik  göstərməlidir ki, bu da milli birliyimizin  nümayişi olsun.

Səfərə hazırlaşan “Leyli və Məcnun”dan bir parçanı  ifa edən Mənsum İbrahimovla Arzu Əliyeva bununla bir daha təsdiqlədilər ki,  dahi bəstəkar Üzeyir bəy Hacıbəyli  Məhəmməd Füzuli dühasına heç də ötəri yerə müraciət etməyib. Çünki məhəbbət aşiqlərinin qəlb yanğısını ifadə etmək üçün ancaq muğama baş endirilməlidir.

Tədbirin sonunda “Əfsanəvi Məcnun”- respublikanın xalıq artisti, professor Arif Babayev bu gününLeyli və Məcnun”larına uğurlu yollar, tamaşaçı alqışı arzuladı.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.-22 sentyabr.- S.9.