Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Neftçala rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Neftçala Sənaye Məhəlləsi yaradılmış, iri istehsalemal müəssisələri açılmış, Rayon Mərkəzi Xəstəxanası, Şəhər Mədəniyyət və İncəsənət Sarayı, Uşaq-Gənclər Şahmat Məktəbi əsaslı təmir olunmuş, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 3 yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, 31 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, yeni yollar çəkilmiş, Kür çayı sahilində bulvar salınmış, genişmiqyaslı  abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Neftçala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 sentyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-26 sentyabr.- S.7.