Musiqi dühası

 

18 sentyabr Milli Musiqi Günüdür

 

18 sentyabr Azərbaycan mədəniyyətində çox möhtəşəm bir gündür. Azərbaycanın dahi bəstəkarı və musiqişünas alimi, pedaqoq, dramaturq, publisist, ictimai xadim Üzeyir bəy Hacıbəylinin anadan olduğu bu günÜzeyir musiqi günü”, “Musiqi bayramı” kimi qeyd edilir.

Bu bayram xalqımıza ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1995-ci ildən bəxş olunmuşdur. Üzeyir Hacıbəylinin yaradıcılığına böyük qiymət verən Heydər Əliyev onu Azərbaycanın milli-mədəni sərvəti kimi dəyərləndirmiş, əbədiyaşarlığını təmin etmişdir.

Prezident İlham Əliyevin fərmanı əsasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu musiqi bayramı miqyasını genişləndirərək 2009-cu ildən hər il 18-26 sentyabr tarixlərində Üzeyir bəy Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı ilə təntənəli şəkildə qeyd olunur.

Müasir dövr Azərbaycanın professional musiqi mədəniyyəti - bəstəkarlıq, musiqişünaslıq, musiqi ifaçılığı, musiqi kollektivləri, peşəkar musiqi təhsili sistemi - bütün bunlar Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır.

Azərbaycan musiqi mədəniyyəti uzun əsrlər boyu təkamül yolu keçərək rəngarəng xalq musiqisi janrları, zəngin aşıq yaradıcılığı irsi, şifahi ənənələrə əsaslanaraq peşəkar musiqiçi nəsilləri tərəfindən yaradılan muğam sənəti xalqımızın musiqi sərvəti, insanların əsas zövq mənbəyi və mədəniyyətimizin bünövrəsi olmuşdur. XX əsrdə bunun əsasında Üzeyir bəy Hacıbəyli tərəfindən peşəkar bəstəkarlıq sənəti inkişaf etdirilmiş və Azərbaycan musiqi xəzinəsini zənginləşdirən, mədəniyyətimizi rövnəqləndirən güclü bir yaradıcı qüvvəyə çevrilmişdir.

Bu gün də Azərbaycan musiqisinin bu iki qolu - şifahi ənənəli musiqi və bəstəkarlıq sənəti qarşılıqlı əlaqə və təsir şəraitində inkişaf edərək musiqimizin dünya miqyasında tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə bəstəkarlarımızın yaradıcılığı önəmli rol oynayır.

Üzeyir bəy Hacıbəyli üç ictimai-siyasi cəmiyyətdə yaşamışdır: rus imperiyası dövründə; Azərbaycan Xalq Cümhuriyyəti dövründə; sovet dövründə. Dahi bəstəkarın yaradıcılığı, ideyaları, mövzuları bu günçox aktualdır.

Üzeyir bəyin həyatı, fəaliyyəti, yaradıcılığından vətənpərvərlik, azərbaycançılıq, türkçülük, multikulturalizm və tolerantlıq ideyaları qırmızı xətlə keçmişdir. O, bu ideyaların carçısı olmuş və onları musiqiyə gətirərək inkişaf etdirmişdir.

Üzeyir bəy Hacıbəylini bütün Şərqin, bütün türk dünyasının bəstəkarı adlandırmaq olar. Türk xalqlarının məhəbbət dastanları - “Leyli və Məcnun”, “Əsli və Kərəm”, qəhrəmanlıq eposu olanKoroğlu” operaları, “Milli marş”, “Azərbaycan” himnis. vokalinstrumental əsərləri, yəni həcmindən və janrından asılı olmayaraq hər bir əsəri dərin köklərlə ümumtürk mədəniyyəti ilə bağlıdır.

Üzeyir bəyin yaradıcılığı Azərbaycan mədəniyyətində Şərq və Qərb musiqi ənənələrinin qarşılıqlı əlaqələndirilməsi istiqamətində atılmış mühüm addım idi. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu, ənənəvi olaraq öz davamını tapır, yeni xüsusiyyətlər kəsb edir. Məcazi mənada desək, Şərq və Qərb elə Azərbaycan bəstəkarlarının musiqi dilində qovuşur.

Dahi bəstəkar Azərbaycanda musiqi təhsili sisteminin qurucusu olmuş, musiqi mədəniyyətinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmişdir. O, musiqi elmində yeni səhifə açmış, nəticədə həm şifahi ənənəvi musiqi yaradıcılığının, həm də bəstəkar yaradıcılığının tarixi və nəzəri məsələlərinin tədqiqi güclənmiş, etnomusiqişünaslığın ayrı-ayrı sahələri - folklorşünaslıq, aşıqşünaslıq, muğamşünaslıq, alətşünaslıq kimi elm sahələri formalaşmışdır.

Müasir Azərbaycan cəmiyyətində Üzeyir bəy Hacıbəylinin ən böyük nailiyyəti Azərbaycan Bəstəkarlar İttifaqının yaradılması ilə bağlıdır.

XX əsrin birinci yarısını, sözün əsl mənasında, Azərbaycan musiqi tarixinin Üzeyir bəy Hacıbəyli mərhələsi adlandıra bilərik. O, neçə-neçə istedadlı bəstəkarın və musiqişünasın sənət yoluna işıq salmış, yaradıcılığı, tövsiyələri ilə örnək olmuşdur. Bütün bu dövr ərzində Ü.Hacıbəylinin və onun yolunu davam etdirən sənətkarlarımızın zəngin və çoxcəhətli yaradıcılığı Bəstəkarlar İttifaqının fəaliyyəti ilə sıx bağlı olmuşdur. Təsadüfi deyil ki, Bəstəkarlar İttifaqı dedikdə, Azərbaycan musiqi mədəniyyətinin ən parlaq simaları yada düşür.

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir bəy Hacıbəylidən sonra idarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olmuşlar. Bu ənənə bu gündavam edir. Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri, xalq artisti, UNESCO tərəfindən “Dünya artisti” fəxri adına layiq görülmüş professor Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir, zəngin ənənələrə malik olan Azərbaycan musiqi mədəniyyətinin nailiyyətlərinin daha da artmasına, insanların mənəvi, estetik və vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verməsinə çalışır.

Bəstəkarlar İttifaqında hər il Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkara həsr olunmuş konsertlərin, elmi konfransların, beynəlxalq simpoziumların təşkili çox önəmlidir. İttifaqın təşkilatçılığı ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan musiqişünas alimləri, eləcə də xarici ölkələrdən gəlmiş tədqiqatçıları öz ətrafına toplayan bu elmi tədbirlər mövzu genişliyi, qoyulan problemlərin yeniliyi ilə respublikanın musiqielmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.

Azərbaycan musiqisi müasir dünya musiqi mədəniyyəti xəzinəsinə öz layiqli töhfələrini verir. Bəstəkarlarımızın əsərləri beynəlxalq festivalların bəzəyinə çevrilərək bəşər mədəniyyətinin inciləri sırasına daxil olub. Xarici bəstəkarların, dirijorların və musiqi ifaçılarının respublikamıza gəlişi və konsertlər verməsi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmələri, xarici ölkələrdə bəstəkarlarımızın yaradıcılığına müraciətlər Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Üzeyir bəy Hacıbəylinin yaratdığı milli bəstəkarlıq məktəbi deyiriksə, hazırda bunun bəhrəsini hər bir azərbaycanlı bəstəkarın yaradıcılığında görürük.

Üzeyir bəyin sənət amalları müasir musiqiçilərin səhnə və pedaqoji fəaliyyətinə nəsil-nəsil ötürülür və hər gün adı anılır.

Dahi bəstəkarın əsərləri yarandığı dövrdən bugünə kimi daim öz coğrafiyasını genişləndirir. Dünya səhnələrində və ekranlarında Üzeyir bəyin operamusiqili komediyaları ən müxtəlif dillərə tərcümə olunaraq öz təcəssümünü tapır. Bu əsərlərlə yeni ifaçılar nəsli yetişir.

Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyası peşəkar musiqiçilərimizin əsas təhsil ocağıdır və onlar sənətə sanki Üzeyir bəyin xeyir-duası ilə gəlirlər.

Böyük bəstəkarın irsinin təbliği istiqamətində geniş işlər aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən böyük bir layihə “Üzeyir dünyası” adlanaraq onun musiqielmi əsərlərinin nəşri, tədqiqi və təbliği ilə bağlıdır. Müasir musiqi elmində üzeyirşünaslıq sahəsi yaranmışdır, bu da Üzeyir bəy fenomeninə, Üzeyir bəy yaradıcılığına tükənməz elmi maraqla bağlıdır.

Üzeyir bəyin Memorial Muzeyi - bəstəkarın yaradıcılığının və irsinin təbliğini və tədqiqini, ustadın səs yazılarının toplanmasını və bərpasını həyata keçirən mərkəz olaraq fəaliyyət göstərir.

Ü.Hacıbəylinin yaradıcılığına həsr olunmuş böyük informasiya tutumuna malikMusiqi dünyası” ünvanlı saytlar dünya internet şəbəkəsində təqdim olunaraq müxtəlif millətlərdən olan insanların marağını və diqqətini cəlb edir.

Üzeyir bəy hələ sağlığında xalqın qəlbində heykəlini ucaltmışdı: sənətkarlığı, vətənpərvərliyi, azərbaycançılıq ruhunu yaşatması ilə. Üzeyir bəyin Bakıda və Azərbaycanın bir çox bölgələrində, eləcə də xarici ölkələrdə qoyulan heykəlləri, onun adını daşıyan təhsil və mədəniyyət müəssisələri, küçələr, xatirə lövhələri, abidələr gələcək nəsillərə böyük qürur və fəxarət hissi yaşadır.

Üzeyir bəyin adı ilə bağlı musiqi günləri, onun yubiley tarixləri həm xalqımız tərəfindən, həm də Üzeyir sənətinə pərəstiş edən xalqlar tərəfindən geniş qeyd olunaraq mədəniyyət tariximizə yazılır. Üzeyir bəy Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı ildən-ilə əhatə dairəsini genişləndirərək dünyanın ən məşhur musiqiçilərini və musiqi kollektivlərini Azərbaycanda qarşılayır.

Musiqi mədəniyyətimizə dahi bəstəkarın adı ilə daxil olmuş əlamətdar hadisələr həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.

Biz hər il, hər gün Üzeyir dühası ilə yaradılan zəngin musiqi irsi ilə təmasda oluruq... Bu, bizim dünyamızdır...

Təsadüfi deyil ki, Üzeyir bəyin ənənələrinin davamçısı olan böyük bəstəkarımız Fikrət Əmirovun dediyiBiz hamımız Üzeyir məktəbindən çıxmışıq” sözləri dilimizdə aforizmə çevrilib.

Bəli, biz Üzeyir bəyin varisləriyik və təbii ki, böyük bəstəkarın yaratdığı musiqi dünyasını qorumaq, yüksəltmək və onu dünyaya tanıtmaq, gələcək nəsillərə ötürmək missiyası bizim üzərimizə düşür.

 

Cəmilə HƏSƏNOVA,

sənətşünaslıq üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.-17 sentyabr.- S.5.