Etibarlı tərəfdaş sayılan Azərbaycana xarici investorların marağı artır

 

Yeni əsrin müqaviləsi”nin imzalanmasından sonra kapital qoyuluşu daha da çoxalacaq

 

2008-ci ildə başlanan qlobal maliyyə böhranı dünyada kapital qoyuluşu sahəsində də problemlər yaratdı. Çünki investorlar kapital qoyuluşunda riskləri sevmir. Onlar əmin olmadıqları ölkələrə kapital yatırımından qaçırlar. Bir neçə il dünya iqtisadiyyatında kapital qoyuluşu bu üzdən kəskin şəkildə azalmağa başladı. Lakin az sayda ölkələrə kapital qoyuluşu davam edirdi. Belə ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə olan münbit investisiya mühiti, yabançı kapitalın qanunla qoyulması və dinamik iqtisadi inkişaf sayəsində xarici sərmayədarlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Bu səbəblərdən iqtisadiyyatımıza kapital qoyuluşunda ciddi dəyişiklik olmadı.

Sözsüz ki, Azərbaycan iqtisadiyyatında ən çox sərmayə neft sənayesinə yatırılıb. “Əsrin müqaviləsi” imzalanandan indiyədək bu sahəyə 33 milyard dollar sərmayə qoyulub. Təbii ki, neft sənayesinə qoyulan sərmayə paralel olaraq digər sahələrin də inkişafına təsir edir. Çünki neft sənayesini inkişaf etdirmək üçün çoxlu yardımçı sahələrin də yaradılması tələb olunur. Beləliklə, ölkəmizdə neft sənayesi ilə bağlı digər sahələrin də inkişafı təşəkkül tapdı.

Bu il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilib. “Yeni əsrin müqaviləsi” adlanan bu sənədin imzalanması ölkəmizin iqtisadi həyatında yeni səhifənin açılmasına gətirib çıxaracaq. Belə ki, yeni müqaviləyə əsasən, ölkəmizə 40 milyard dollar kapital qoyuluşu nəzərdə tutulub. Bu, neft sənayesi ilə bərabər, bir sıra sahələrin inkişafına da təkan verəcək.

Dövlət “Əsrin müqaviləsi”nin imzalanmasından sonra əldə edilən neft gəlirlərindən ölkənin ümumi sosial-iqtisadi inkişafına kapital qoyuluşuna start vermişdi. Bunun sayəsində ölkəmizdə ilk növbədə, dünya standartlarına uyğun çoxşaxəli infrastruktur yaradılmışdı. Artıq Azərbaycan bu sahədə dünyanın inkişaf etmiş ölkələri ilə bir sıradadır. Yeni müqavilədən sonra əldə ediləcək gəlirlərdən də iqtisadi inkişafın təmin edilməsində istifadə olunacaq. Xüsusilə, qeyri-neft sənayesinin və aqrar sektorun inkişafı diqqət mərkəzində olacaq. Ölkəmizin gələcək inkişafında bu iki sahənin rolu böyükdür. Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması üçün sənayenin inkişafı əsas şərtdir. Bununla yanaşı, aqrar sektorda məhsul istehsalının sənaye üsulu ilə emalı da son dərəcə vacibdir. Dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaq üçün bu istiqamətdə atılan addımlar davam etdirilərək yüksək səviyyəyə çatdırılmalıdır. Dövlətin həyata keçirdiyi iqtisadi siyasətdə bu iki istiqamət prioritet kimi qeyd edilir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında iqtisadisosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9868,5 milyon manat vəsait yönəldilib. İstifadə olunan vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilib.

Ölkədə sahibkarlığın inkişafı kapital qoyuluşunda da özünü göstərir. Hesabat dövründə ümumi sərmayənin 30,4 faizi dövlət, 69,6 faizi isə qeyri-dövlət sektorunun səhmdarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 39 faizini təşkil edir. Əsas kapitala yönəldilən vəsaitin 72,9 faizi tikinti-quraşdırma işlərinə sərf olunub.

Kapital qoyuluşunun mənbələri də müxtəlifdir. Belə ki, əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6885,7 milyon, bank kreditləri 1168,4 milyon, büdcə vəsaitləri 1167,3 milyon, büdcədənkənar fondların vəsaitləri 141,2 milyon, əhalinin şəxsi vəsaitləri 442,3 milyons. vəsaitləri isə 63,6 milyon manat təşkil edib.

Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkədir. Belə ki, hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6019,5 milyon manat vəsait yönəldilib. Qeyd edək ki, xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən sərmayənin 87,9 faizi Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ, Yaponiya, ÇexiyaNorveç sahibkarlarına məxsusdur.

İqtisadisosial sahələrə qoyulan kapital yeni istehsal, emal, xidmət və sosial obyektlərin tikintisi ilə nəticələnir. Cari ilin yanvar-avqust aylarında Bakıda Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahıda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu, Yevlaxda Varvara Balıqartırma və Balıqyetişdirmə Zavodu, Balakəndə Balakən Su Elektrik Stansiyası, Gədəbəydə limonad zavodu, 35/10 kilovoltluq “Gədəbəy” Elektrik Yarımstansiyası, Göygöldə respublika süni mayalanma mərkəzi, Qaxda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası istifadəyə verilib. Saatlıda 110/35/10 kilovoltluq “Sarıcalar” Elektrik Yarımstansiyası, Şəmkirdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatalada “Bəhmətli” Elektrik Yarımstansiyası, Naxçıvan Muxtar Respublikasında 2136 şagirdlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Cəbrayılda Cocuq Mərcanlı kəndində 96 şagirdlik ümumtəhsil məktəb binası tikilərək bu ilin yeni bina və obyektləri sırasına daxil olmuşdur.

Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində son dövrlər inşaat sektorunda canlanma müşahidə olunur. Cari ilin yanvar-iyul aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 99,3 min nəfərə çatıb. Onların da orta aylıq əməkhaqları ötən ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artaraq 805,4 manata yüksəlib. Bununla yanaşı, binaların tikintisində işləyənlərin əməkhaqları 6,9, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqları 10,1 faiz artıb.

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2017.-28 sentyabr.- S.1.