Şərqin Qərb möcüzəsi - Honkonq

 

Müasir dünya təcrübəsi

 

Dünyada mükəmməl, kamil heç nə olmasa da, Honkonq ideal kapitalizmin bariz nümunəsi sayılır. “Şərqin mirvarisi”, “Asiya Manhetteni “, “Gələcəyin şəhəri”, “Əfsanəvi şəhər”, “Asiya Hollivudu”... Honkonqa verilən adların sayı-hesabı yoxdur. Yəqin bu “Şərq əfsanəsi”nin çox güman ki, misilsiz sərvətləri, tükənməyən ehtiyatları olduğunu fikirləşəcəksiniz.

Əslində isə yararlı torpaqlara malik olmayan bu ölkənin demək olar ki, heç nəyi yoxdur! Ərazisinin 90 faizi dağlar və təpəliklərdir.

Bütün ərzaq məhsulları, yanacaq, xammal və hətta su da xaricdən gətirilir. Tez-tez baş verən zəlzələlər, qasırğalar və tufanlar, həddən ziyadə yüksək rütubət və dözülməz istilər “əfsanəvi şəhər”dən daha çox “lənətlənmiş məkan” təsəvvürü yaradır. Amma necə olur ki, tanrının üzü döndüyü bu yer cənnətə çevrilir və bütün dünyaya özünü ağlasığmaz möcüzə kimi sevdirir?

“IMD World Competitiveness”in reytinqinə əsasən, 2016-cı ildə dünyanın ən rəqabətqabiliyyətli iqtisadiyyatına görə Honkonq birinci elan olundu. İkinci yeri İsveçrə tutdu, ABŞ isə birinciliyi əldən verərək üçüncü yerdə lövbər saldı. Honkonq həmçinin “Heritage Foundation”un reytinqlərinə görə 20 ilə yaxındır ki, ən yüksək iqtisadi azadlıqların birinci pilləsində qərar tutur. Adambaşına düşən ÜDM 40 min dolları keçməklə Fransa, Almaniya və Yaponiya kimi dövlətləri arxada qoyub. Böyük Britaniyanın keçmiş koloniyası olan Honkonq bir çox sosial-iqtisadi göstəricilərinə görə keçmiş ağalarını belə ötə bilib. Dollar milyarderlərinin sayına görə (40 nəfər) birincidir. Bütün Çin seriallarında xanımlar bir qayda olaraq varlı honkonqluya ərə gedirlər. Şopinq aludəçiləri üçün bura əsl cənnətdir, nəhəng ticarət mərkəzləri ən tələbkar alıcıları da dünyanın məşhur brendləri və aşağı qiymətləri ilə cəlb edir.

Honkonq London və Nyu Yorkdan sonra dünyanın 3-cü maliyyə mərkəzidir və gələcəkdə birinci qlobal maliyyə mərkəzinə çevrilmək üçün bütün şanslara malikdir. Onun bankları dünyada hamıdan etibarlı sayılır və valyuta ehtiyatlarına görə 8-ci yerdədir. Bütün dünya investorları üçün Honkonq Asiyaya və Çinə açılan əsas qapıdır. Burada ildə iki dəfə keçirilən nəhəng beynəlxalq sərgilərə dünyanın hər yerindən yüz minlərlə sahibkar axışır. İxrac və idxalın həcmi ÜDM-dən artıqdır.

Paytaxt rahatlığı və Qərb müasirliyi ilə insanı heyrətə salan ən varlı şəhərlərdən biridir. Honkonq dünyada milyonçuların sayına görə də Sinqapurdan sonra ikincidir. Bu ölkənin şəninə tərifləri sonsuzluğadək uzatmaq mümkündür. Məhz buna görə də Honkonq “ideal kapitalizm”in rəmzi sayılır. İdeal sözü bir tərəfdən mükəmməl və qüsursuz mənalarını daşısa da, digər tərəfdən də qeyri-mümkün, həqiqətdə olmayan bir şey kimi yozulur. Bəs Honkonq bunlardan hansıdır?

Güzgülü göydələnlər, urbanik cəngəlliklər, şüşəli boru keçidlər, qayğısı çəkilən adalar reallıqdan daha çox ağlasığmaz əfsanəyə bənzəyir. Bura o qədər işıqlı, əzəmətli və qəlbə yatandır ki, bir dəfə cəlb etdiyi kəsi daha özündən heç yerə buraxmır.

Honkonq Cənubi Koreya, Sinqapur və Tayvanla birlikdə “Kiçik Asiya əjdahaları” titulunu qazandı və qısa müddətdə - Yaponiyadan 4, ABŞ-dan 8 dəfə sürətlə dünyanın yüksək texnologiyalarla inkişaf edən postindustriya ölkəsinə çevrildi. Analitiklər bu “əjdahalar”ın sürətli tərəqqisini xarici və daxili amillərlə izah edirlər. Xarici amillər bunlardır: əgər Tayvan və Cənubi Koreya ABŞ-ın geopolitik maraqları dairəsində idisə, Honkonq 150 ildən artıq Böyük Britaniyanın koloniyası idi. Hər üç ölkə bu mövqelərdən bəhrələnərək ciddi iqtisadi və hərbi yardımlar alırdılar. Daxili amillər isə əlverişli coğrafi mövqe ilə bağlıdır. Bu ölkələrin hamısı əsas iqtisadi-ticarət yollarının kəsişməsində yerləşdiyindən ABŞ, Yaponiya, Çin kimi dünyanın fərqli bir templə inkişaf edən ölkələrinə yaxın idilər. Honkonqun yarımadada və 260 adada yerləşməsi ona dənizin sahilində unikal mövqe və imkanlar verir. Dünyanın ən dərin təbii limanı məhz burada yerləşir və ən nəhəng gəmilər də sahilə yan ala bilir. Hələ XIX əsrdə Britaniya imperiyasının tərkibində olarkən bura azad gömrük zonası və azad anbar statusunu aldı. ÇXR elan olunanda Honkonq Qərblə Çin arasında vacib kanala çevrildi, onun iqtisadiyyatına investisiyaların yatırılmasında vacib rol oynadı. Bu gün Honkonq limanına gündə 300 böyük gəmi yan alır, yükdaşımaların həcminə görə dünyada dördüncüdür.

1949-cu ildə ÇXR elan olunan kimi Honkonq və Tayvana kommunist rejimindən xilas olmaq istəyən qaçqınların böyük axını baş verdi. Honkonq ucuz və ixtisaslaşmış işçi qüvvəsi əldə etdi. Honkonqlular dünyada hamıdan çox - gündə 12, həftədə 50 saat işləyirlər.

“Aşiya əjdahaları”nın demək olar ki, hamısında iqtisadi islahatları sərt idarə edən və xarici investorların sərmayələrinin qorunmasına yüksək təminat verən avtoritar siyasi rejimlər mövcud olub. Honkonq isə 1997-ci ilədək ingilislərin koloniyası kimi qalırdı və burada heç bir demokratiyadan söhbət gedə bilməzdi. Honkonqun Çinlə birləşməsi “bir ölkə iki sistem” formulu ilə baş verdi: kapitalist iqtisadiyyatı və geniş idarəetmə. 2047-ci ilə kimi o, müdafiə və xarici siyasət istisna olmaq şərtilə öz hökumətini, gerbini, bayrağını, qanunlarını, valyutasını və tam iqtisadi müstəqilliyini saxlayacaq. Pekin isə icra və qanunvericilik hakimiyyətinə tam nəzarət edir, demokratiyanın genişlənməsinə bir o qədər də qol-qanad vermir.

Honkonqun uğurlarının ən vacib sirlərindən biri əhalinin mentaliteti, psixologiyasıdır. Bütün təbii sərvətlərdən məhrum olan honkonqlu hər gün yorulmadan çalışmalı, heç kimin qəyyumluğuna güvənməli deyil. Burada uşaqları balacalıqdan zəhmətə alışdırır, kompromissiz uğura can atmağı öyrədirlər. Ölkənin yalnız bir şüarı var: “İşləyin, işləyin və yenə də işləyin!” Burada nəinki işləməyən, heç dincələn honkonqlunu axtarsan da, tapa bilməyəcəksən. Yerli əhali qanuna hörmət edir, hər şeydə səliqə və sahmanı sevir, qənaətcil və praqmatikdirlər. Onların ən böyük amalı qazanmaq və qənaətlə xərcləməkdir.

Biz adamı paltarına görə qarşılayıb, ağlına görə yola salırıq. Xarici görünüş, izafi dəbdəbə bizim üçün müqəddəsdir. Honkonqda isə varlı adamlar çox olsa da, sadəliyə daha meyillidirlər. Məsələn, qarşına sadə geyimdə, ucuz ayaqqabılarda 82 yaşlı qoca çıxa bilər. Asketik və bir də qədər kasıb olduğunu, plastmas saat taxdığını görəcəksən, ürəyin yanacaq, əlini cibinə salıb əl tutmaq istəyəcəksən... O isə imtina edib gülümsəyərək deyəcək ki, mən Honkonq milyarderlərinin siyahısına başçılıq edirəm.

Honkonqda hakimiyyətin özü də dəyişikliklərə və yeniliklərə həssasdır, xarici investorları müasir yeni texnologiya və avadanlıqları inkişaf etmiş ölkələrdən sürətlə cəlb edir. Burada sənayeləşmə sürətlə gedir, daxili tələbatın azlığı səbəbindən xarici ticarətə xüsusi diqqət verilir, sənaye məhsullarının böyük əksəriyyəti xaricə ixrac olunur. Elmi tutumu olan məhsulların istehsalı genişlənir, şəhər dünyanın ən innovativ mərkəzlərindən birinə çevrilir. Turizm, telekommunikasiya, daşınmaz əmlak əməliyyatları, sığorta və s. iqtisadiyyatın əsas sahələri sırasındadır. Məhz bu sektor ÜDM-in 90 faizini təşkil edir. Əhalisi 8 milyon olan bu ölkə 40 milyon ətrafında turist qəbul edir. Hələ 90-cı illərdən Honkonq bank və maliyyə mərkəzi kimi tanındı. Ucuz çətir və qalstuk istehsal edən ölkə böyük zavodların, konstruktor bürolarının və başqalarının maliyyə resurslarını idarə edən nəhəng mərkəz oldu.

Honkonqlular deyir ki, gəmiyə necə ad versən, elə də üzəcək. Bu gün deyilən söz real işlərə təkan verir, gələcəyə təsir edir. Honkonq sözünün mənası ətir qoxuyan liman deməkdir. İngilislərin burada saldığı birinci şəhərin adı da Viktoriya idi. Elə bu adlar Honkonqun simasına, insanların psixologiyasına müsbət təsir edib və bəlkə də fond bazarları, ticarət sövdələşmələri, sərmayə layihələri vasitəsilə milyardlarla dolların yatızdırılmasına təkan verib. Adın arxasınca gələn şöhrətə inanmamaq mümkündürmü? Əlbəttə, ideal kapitalizmin yaranmasında addan başqa azad bazar, kapitalın, məhsulların və əməyin azad hərəkəti də rol oynadı. İngilislər 150 illik kolonial idarəçilik müddətində liberal siyasətin əsaslarını aşılaya bildilər. Bütün iqtisadi fəaliyyət bu gün özəl əllərdədir. Uğurlu biznes mühitinə qanad verən vergi sistemi yaradılıb, vergi yükü ən aşağı həddədir və ƏDV, gömrük rüsumları, dövriyyədən gəlir vergiləri yoxdur. Dividendlərdən gəlir, sosial ödəmələr də yoxdur. Bura aşağı səviyyəli vergilərə hesablanan azad limandır.

Qanunlara ciddi əməl olunması çoxsaylı xarici sərmayədarların ən yaxşı təminatıdır. Bundan başqa, biznes-proseslərin mexanizmi səlis işləyir, məxfilik gözlənilir, tənzimləmə sistemi şəffafdır, hakimlər isə satılmır, buradakı korrupsiya da ən aşağı həddədir. Mükəmməl maliyyə, ofis və nəqliyyat infrastrukturu yaradılıb. Bütün adalar bir-birinə körpülər, estakadalar və yeraltı tunellərlə bağlıdır. Dünyada yük terminalı birinci yeri tutan super müasir aeroport fəaliyyət göstərir. Gecə və gündüzdən asılı olmayaraq burada hər dəqiqədə havaya bir təyyarə qalxır. Dünyanın ən nəhəng rüsumsuz konteyner limanı, Honkonqun özündə üzən 660 və xaricdə qeydiyyata alınan 570 gəmidən ibarət dəniz ticarəti donanması var.

Ölkədə 250 bank fəaliyyət göstərir, dünyanın ən nəhəng 100 bankının 70-nin burada nümayəndəlikəri var. Bu bank sistemi hətta böhran illərində belə sabitliyini qoruya bildi.

Burada Silikon vadisinin analoqu olan “Science & Technology Park”da perspektiv ideyaların üzərində çalışan şirkətlər üçün bütün imkanlar yaradılıb. Müasir ofislər, laboratoriyalar, avadanlıqlar güzəştli şərtlərlə icarəyə verilir. Məhz bu amillərə görə Honkonq biznesin aparılması şəraitinə görə dünyada üçüncüdür.

Banklara, sərmayədarlara geniş imkanlar yaradılır və intellektual mülkiyyəti müdafiə edən Britaniya qanunvericiliyi tətbiq edilir. Honkonq dolları dünyada ən sabit valyutadır, inflyasiya ən aşağı həddədir.

Əhalinin əksəriyyəti ingilis dilini səlis bilir, demək olar ki, bütün ofislərdə xaricilər çalışır. Honkonq çinliləri ingilis adları və çin familiyalarını daşıyırlar. Çin ixracının 60 faizi Honkonqdan keçir. Həmçinin burada Asiyada yerləşən nəhəng transmilli şirkətlərin qərargahları yerləşir.

Əlbəttə, Honkonqun çətinlikləri də az deyil. Lakin bütün bunlara baxmayaraq, planetin çiçəklənən regionlarından biridir. Ən vacibi isə odur ki, Honkonq dünya iqtisadiyyatının ağırlıq mərkəzinin tədricən Qərbdən Şərqə keçməsində mühüm rol oynayır. Beləliklə, ən vacibi odur ki, Honkonq uğurları ilə “ideal kapitalizm” modelinin mümkünlüyünü isbat etdi. Qərb kapitalizminin ideal variantının Şərqdə təşəkkül tapmasının özü möcüzədir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2017.- 29 sentyabr.- S.6.