Repressiya həqiqətlərindən söz açan ilk memuar əsərin müəllifi

 

Süleyman Vəliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Romanlar, povestlər, hekayələr müəllifidir. Sovet dönəmində yaşamış, dövrün ağrı-acılarını da, ziddiyyətlərini də görmüş, yaradıcılığında əks etdirmişdir. II Dünya müharibəsinin iştirakçısı olmuş, əsirlik çəkmiş, alman düşərgəsindən qaçaraq faşizmə qarşı müqavimət hərəkatında vuruşmuş və ədəbiyyatımızda bu hərəkatı əks etdirən ilk romanın (“Mübahisəli şəhər”) müəllifi olmuşdur. Müharibədən sonra ədalətsiz olaraq repressiyaya məruz qalmış, Sibirə sürgün olunmuş, mənəvi əzab və yaşantılarını hekayələrində, “Düyünlər” romanında qələmə almışdır. S.Vəliyev Azərbaycan ədəbiyyatında repressiya həqiqətlərindən söz açan ilk memuar əsərin (“Qanadı qırıq quş da uçarmış”) müəllifidir. Ümumən yazıçının yaradıcılığı sovet dövründə Azərbaycan xalqının həyatının bütün mərhələlərini ümumiləşmiş şəkildə əks etdirir.

1916-cı ilin dekabrında Bakının Ramana kəndində dünyaya gəlmişdir. Ramanada səkkiz illik məktəbi yüksək qiymətlərlə bitirmiş və dövrün qabaqcıl məktəblərindən sayılan “Qulam şqolası”nda təhsilini tamamlaya bilmişdir. Neft mərkəzi olan Sabunçu rayonunda ədəbiyyat, dram və musiqi dərnəkləri fəaliyyət göstərirdi. Bütün bunlar barədə S.Vəliyev sonralar həmin məktəbin müdiri haqqında qələmə aldığı “Qulam müəllim” oçerkində bəhs etmişdir.

“Neft Bakısı”nın uşaqlıq xatirələri Süleyman Vəliyevin “Şor cüllütü” (1939) povestində də əksini tapmışdır. Povestdə XX əsrin əvvəlləri neft Bakısının səciyyəvi obrazını görə bilirik. Mədən sahibi Musanın surətində ağa sinfinin firavan həyatı, zəngin məişəti, psixologiyası və əxlaqı təsvir olunursa, mədən fəhləsi Qulunun timsalında kasıb təbəqənin ağır həyatı, yarıac, yarıtox yaşayışı, həyat uğrunda mübarizəsi qələmə alınmışdır.

Süleyman Vəliyevin yaradıcılığında dil açıb danışan canlı həyat epizodları, süjetləri idi. İlk hekayəsi “Əmanət kassası” 1932-ci ildə “Hücum” jurnalında çap olunan S.Vəliyev dövrün ədəbi prosesinə istedadlı gənc yazıçı kimi qədəm qoymuş, “fəhlə kadrı” kimi rahat qəbul olunmuşdur. 1937-ci ildə hərbi qulluğa çağırılana qədər məhz istedadlı qələm sahibi kimi Lökbatanda çıxan aztirajlı “Neft uğrunda” qəzetində, bir müddət “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərində müxbir olmuş, “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 21 yaşında ikən, 1937-ci ildə qələmə aldığı, inqilabi fəhlə hərəkatından bəhs edən “Bığlı ağa” povesti “Azərnəşr”də ayrıca kitab şəklində çapdan çıxdıqdan sonra imzası ədəbi mühitdə parlamış və birdəfəlik olaraq taleyini ədəbiyyata bağlamışdır.

Süleyman Vəliyevin sovet dönəmində uğurla başlayan həyat və yazıçılıq bioqrafiyası çox keçmir ki, keşməkeşlərlə üzləşir. Əslində, həyatının hər mərhələsində örnək olan insan xarakteri yaşayan və bunun bədii obrazını yaradan ədibi zaman özü sınağa çəkir, stalinizm epoxasının və qatı sovet ideologiyasının amansız zərbələrinə məruz qoyur. 1937-1939-cu illərdə Ukraynada hərbi xidmətdə olan Süleyman Vəliyev Böyük Vətən müharibəsi başlayan kimi, 1941-ci il iyun ayının 23-də hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Səməd Vurğunun arxada qalmaq və vətənpərvərlik təbliğatı ilə məşğul olmaq tövsiyəsini gənc ədib qəbul etmir. 1941-ci il iyunun 29-da “Ədəbiyyat qəzeti”ndə yazıçıların xalqa ünvanlanmış “Qəhrəman ordu sıralarına” adlı müraciətinin altında görkəmli yazıçılarla yanaşı gənc Süleyman Vəliyevin də imzası var idi.

S.Vəliyev azərbaycanlıların məşhur 416-cı milli diviziyasının tərkibində Şimali Qafqazda, daha sonra Kerç yarımadasında vuruşur, 1942-ci ilin may ayının 8-də kontuziya olub Krım yaxınlığında əsir düşür. Bu zaman o, 416-cı Azərbaycan diviziyasının “Azərbaycan döyüşçüsü” adlı qəzetində hərbi müxbir kimi fəaliyyət göstərmişdir. Yüz minlərlə əsirlər kimi düşərgədən düşərgəyə düşən yazıçı Almaniyanın dərinliklərinə doğru aparılır. 1944-cü ilin yazında S.Vəliyev müttəfiqlərin ağır bombardmanı zamanı düşərgədən qaçıb Triyest vilayətinin dağlarında məskən salmış partizan dəstələrinə qoşulur, burada Sila adı ilə cəsur döyüşçü və qisasçı kimi qəhrəmanlıqlar göstərir. Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadənin, Mirdaməd Seyidovun keçdiyi müqavimət hərəkatını əli qələmli Süleyman Vəliyev də keçir. Yazıçının “Kerç səhəri” povestində, bir çox hekayələrində (“Mənə “sən” de”, “Çörək”, “Zorən qoca”, “Qurtuluş”, “Həyatın dadı”, “Gözlənilməyən məktub” və s.) döyüş cəbhələrində yaşanan müharibə həqiqətləri real boyalarda əksini tapmışdır.

Bununla belə, yazıçının müharibə mövzusunda ən böyük uğuru “Mübahisəli şəhər” romanı hesab olunur. Bu, qeyd olunduğu kimi, Azərbaycan ədəbiyyatında II Dünya müharibəsində müqavimət hərəkatını işıqlandıran ilk romandır. 1946-1947-ci illərdə yazılıb, yalnız 1957-ci ildə çap oluna bilən əsərin taleyi də müəllifinin bioqrafiyası kimi keşməkeşlidir. Roman hadisələrin birbaşa izi ilə, prototipi yazıçının özü olmaqla Aslanın gizli partizan fəaliyyətini, əsirlikdən necə qurtulmasını, Yuqoslaviyada Triqlava dağlarında, Triyest şəhərində şücaətlərini, rus, sloven, azərbaycanlı və s. millətlərdən olmaqla faşizmə qarşı xalqların birgə mübarizəsini olmuş əhvalatlar, maraqlı bədii intriqalar, təsvirlər vasitəsilə oxucuya çatdırır. Milli vətənpərvər Aslanın obrazı ilə yanaşı, romanda Sila, Zora, Anita, Pavlo, Rade, Avqust, Çuq və b. rəngarəng obrazlar yaradılmışdır.

Əfsanəvi Mixaylodan bəhs edən Həsən Seyidbəyli və İmran Qasımovun “Uzaq sahillərdə” əsərindən əvvəl yazılmış, “hərbi-vətənpərvərlik ədəbiyyatının incisi” sayılan “Mübahisəli şəhər”in ilk dəfə 1957-1958-ci illərdə “Azərbaycan” jurnalında çap olunması yazıçının müharibədən sonra repressiyaya uğraması ilə bağlı idi. Əsər 1948-ci ildə tamamlanmışdır. “Bakinski raboçi” qəzetinin 1948-ci il 8 fevral tarixli sayında xalq şairi Süleyman Rüstəm bir məqaləsində digər əsərlər sırasında “Mübahisəli şəhər” romanının da adını çəkmişdir. Lakin çap olunduqdan sonra da roman maneə zolağına tuş gəlir. Yuqoslaviya-sovet əlaqələrində soyuqluq yarandığına görə kitab şəklində çapına icazə verilmir. Yalnız 1961-ci ildə roman Moskvada rus dilində çıxdıqdan sonra 1962-ci ildə Azərnəşr tərəfindən kitab şəklində işıq üzü görür. Elə həmin il “Moskvada çap olunan “Məlumat bürosunda deyilməyənlər haqqında” adlı kitabda (Dövlət Siyasi Ədəbiyyat Nəşriyyatı) S.Vəliyevin də adı faşizmə müqavimət hərəkatı iştirakçıları sırasında çəkilmişdir.

1944-cü ilin iyul ayında Triyest şəhəri Amerika-ingilis müttəfiq qoşunları tərəfindən azad edildikdən sonra yazıçının yolu alman əsirliyində olmuş digərləri ilə birgə Avstriya, Fransa, Yuqoslaviya, Misir, İraq və İran ərazisindən vətənə doğru keçir. Müqavimət hərəkatında iştirak etmiş əsirlərin özlərinin təşkil etdikləri bölmədə S.Vəliyev Alay qərargahının rəisi seçilir. ABŞ kəşfiyyat orqanlarının vətənə dönən əsirlərin Sibirə göndəriləcəkləri barədə təbliğatlarına baxmayaraq, S.Vəliyev heç nədən çəkinmədən vətənə qayıdır. Amma həqiqətən də, növbəti sınaqlarla üzləşir. 1944-cü il dekabrın 30-da gələn keçmiş əsirləri Bakıda dustaq kimi qarşılayırlar. Saysız-hesabsız yoxlamalardan sonra 1945-ci il yanvarın 1-də Moskva yaxınlığındakı Podolsk şəhərindəki düşərgəyə salınan yazıçı ona qarşı yürüdülən bütün böhtanlardan təmiz çıxır, yenidən cəbhəyə, 29 saylı hücum batalyonuna təyin olunduqdan bir neçə gün sonra alman faşizmi üzərində qələbə xəbəri gəlir.

Bununla belə, Stalin rejimi keçmiş əsirlərə normal hüquqlu vətəndaş kimi baxmır, onların “cərimə” batalyonunu Çelyabinsk şəhərindəki Kirov adına sink zavodunda işləməyə yollayır. Burada “onbaşı” təyin olunan Süleyman Vəliyev əqidəli vətəndaş olduğunu sübut edir, hətta şəklini şərəf lövhəsinə vururlarsa da, azad olunmur. Qəlbi Vətənə qayıtmaq həsrəti ilə çırpınan yazıçı RSFSR Yazıçılar İttifaqı Çelyabinsk vilayət şöbəsinin rəhbəri Lyudmila Tatyaniçevaya müraciət edir. Bakıdan şair Əhməd Cəmilin imzası ilə S.Vəliyevin həqiqətən də Yazıçılar İttifaqının üzvü olmasını təsdiqləyən, hətta yaradıcılığı barədə də məlumat verən müsbət arayış gəlib çıxdıqdan sonra L.Tatyaniçeva Süleyman Vəliyevin zavoddan işdən azad edilməsinə və vətənə qayıtmasına nail ola bilir.

Həyatının həmin çətin dövrləri haqqında yazıçı ilk dəfə bütün açıqlığı ilə yalnız “Qanadı qırıq quş da uçarmış” (1989) bədii memuar-əsərində bəhs edir. Mülayimləşmə dövründə S.Vəliyev “Ərəb hekayələri” səpkisində Şərq ölkələrində gördüyü hadisə və süjetlərdən bəhs edən bir sıra hekayələr (“Əncir ağacı”, “Nil suyu”, “Bir salxım üzüm”, “Dağılmış yurd” və s.) qələmə almışdır. “Əncir ağacı” kitabında (1959) dərc olunan həmin əsərlərlə yanaşı, kitabda yazıçının “İtaliya- Misir” xatirə oçerki də dərc olunmuşdur.

Lakin daha böyük “tufanlar” Süleyman Vəliyevi vətəndə gözləyirmiş. Bu barədə də oxucular sonralar “Qanadı qırıq quş da uçarmış” əsərində xəbər tutacaqdılar. “Süleyman 1946-cı ilin 10 oktyabrında Çelyabinskdən Bakıya qatara bilet alır. Lakin yemək pulu olmadığından o, Moskvada biletini satıb çörək almalı olur. Bakıya isə qatarların tamburunda gecələr biletsiz qayıdır. Beş günə Bakıya çatan Süleyman Ramanaya - evlərinə gedir. Həmin gün öyrənir ki, 1943-cü ildə atası və anası aclıqdan vəfat ediblər. Kənddəki evlərində başqa adamlar yaşayır”.

Böyük şair Səməd Vurğunun bilavasitə müdaxiləsi ilə S.Vəliyevə Bakıda mərkəzdə Tolstoy küçəsində ev verilir. “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi kimi işə düzəlir. Lakin 1948-ci ildə başlanan növbəti repressiya dalğası keçmiş hərbi əsirlərlərdən də yan ötmür. S.Vəliyevi də istintaqa cəlb edir və jurnaldakı işindən çıxarırlar. Məxfi siyasi orqanlar ona əməkdaşlıq və Səməd Vurğunun “millətçiliyi”nə qarşı gizli işləmək təklif edirlər. Xarakter etibarilə mərd və əqidəli insan olan Süleyman Vəliyev belə bir alçaldıcı əməkdaşlıqdan imtina edir. Səməd Vurğun daim onun xeyirxahı olmuş, əsgərlikdə və müharibədə olanda ədəbiyyat fondu ata-anasına yardım etmişdir. Ata-anası vəfat edəndən sonra Süleymanın kiçik qardaşı Murtuzu Suvorovçular məktəbinə də Səməd Vurğun düzəltmişdi. Məhz taleyin istehzasıdır ki, 1949-cu ilin yayında Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilən yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıdan da yaxşı hiss etmişdir. Gizli sorğu-suallardan, mənəvi alçaldılmalardan qurtulan S.Vəliyev taleyin onun üçün hazırladığı imtahanlardan mərd-mərdanə çıxmışdı. Bu sırada ailəsi də ona dayaq olmuşdu. 1950-ci ildə oğlu Seyran, 1953-cü ildə isə qızı Leyla dünyaya göz açmışdır.

Zamanın ziddiyyətlərindən, eniş və yoxuşlarından keçən həyat yolunda ədəbiyyat həmişə Süleyman Vəliyev üçün bir talisman rolunu oynamışdır. Hələ 1939-cu ildə Qərbi Ukraynada hərbi xidmətdə ikən cavan yazıçı bura görüşə gəlmiş görkəmli rus yazıçısı Aleksey Tolstoyla Lvov Yazıçılar İttifaqında elə əsgər geyimində tanış olmuşdu. N.Ostrovskinin ev muzeyinə baş çəkən S.Vəliyev həmçinin Ukrayna yazıçıları Oleksa Desnyak, Paiç Petro, Vanda Vasilevskaya ilə də tanış ola bilmişdi. Yazıçının hərbi xidmətdən qayıtdığı 1940-cı ilin oktyabrında isə o, xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri təyin olunmuşdu.

SSRİ Yazıçılar İttifaqının uzun müddət sədri olmuş Georgi Markovla S.Vəliyev arasında ömürlərinin sonunacan davam edən dostluq münasibətləri olmuşdur.

Süleyman Vəliyev sovet dövrünün yazıçısı olsa da, zəmanəsinin ideologiyasını bölüşsə də, Vətəninə sadiq, doğma Azərbaycan torpağına dərindən bağlı sənətkar idi. Cəsarətli yazıçı xalq mövqeyindən günün həqiqətlərini yazmaqdan, təsvir etməkdən çəkinmirdi. Sürgündə üzləşdiyi gerçəklikləri o, hələ sovet ideologiyasının kəskin dövründə ayrı-ayrı əsərlərinə hopdurmağı bacarmışdır. “Şəlalə” hekayəsində Bodaybonun qılınc kimi kəsən şaxtalı günlərini, insanlar arasındakı mənəvi çarpışmaların təsvirini yazıçı inqilabdan əvvəlki dövrə keçirməklə təqdim edir. 1957-ci ildə işləyib “Səadət yollarında” adı ilə yenidən çap etdirdiyi “Bığlı ağa” povestində yazıçı Sibir həqiqətlərindən də danışır və bu zaman şəxsən yaşadığı həyat materiallarına əsaslanır.

1966-cı ildə Süleyman Vəliyevin “Düyünlər” romanı çap olunur. Roman Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən söz açan iri həcmli ilk əsərlərdən biri idi.

Süleyman Vəliyev onu ağrıdan əsl repressiya həqiqətlərini daha sonralar, artıq xatırlatdığımız kimi, 1980-ci illərdə qələmə aldığı “Qanadı qırıq quş da uçarmış” roman-memuarında etiraf və təsvir edir. Bu əsər həyat faktları və fakta yanaşma etibarilə ədəbiyyatımızda tamamən təzə olub, tarixi həqiqətlərin bədii formada bərpasına xidmət edirdi. Repressiya mövzusunda həqiqəti söyləyən bu xətt ədəbiyyatımızda yalnız 1990-cı illərdə, müstəqillik dövründə davam tapa bildi. O da təsadüfi deyil ki, Süleyman Vəliyev 1994-cü ildən Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətinin üzvü seçilir, rəsmən reabilitə olunur. Böyük bir dövr - sovet dönəmində Azərbaycan həqiqətlərinin nəsrdə ifadəçisi kimi əsərləri ədəbiyyatımızda layiqli yerini tutur.

Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakıda vəfat etmiş, xalqımızın iftixar mənbəyi olan insanların əbədiyyət tapdığı Fəxri xiyabanda dəfn olunmuşdur.

Süleyman Vəliyevin yazıçı əməyi daim dəyərləndirilmiş, Azərbaycan Rəyasət heyətinin fəxri fərmanı (1967-1986), “Xalqlar dostluğu” ordeni (1984) və medallarla təltif olunmuş, ədib Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1977), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), əmək veteranı (1976), müharibə veteranı (1981) fəxri adlarını qürurla daşımışdır. Ömrü boyu dövrün, zamanın qarşısına çıxardığı çətinliklərlə üzləşən yazıçı bu təltifləri fədakar xalqının yaradıcılığına verdiyi qiymət kimi qəbul etmiş, eyni zamanda, xalqının həqiqətlərini fədakarcasına qələmə almışdır. Süleyman Vəliyevi oxucularına bu gün də sevdirən onun həqiqət dolu əsərləridir.

 

Faiq ŞİRİNOV,

Sumqayıt Dövlət Universitetinin tədris bölməsinin müdiri

 

Azərbaycan.- 2017.- 7 yanvar.- S.5.