Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı silsilə reportajlarını davam etdirir

 

Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı silsilə reportajlarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, növbəti reportajlarda respublikamızın cənub bölgəsinin folklorundançay ənənəsindən bəhs olunur.

Reportajlardan birində Lənkəranda fəaliyyət göstərən “Nənələr” folklor kollektivi haqqında məlumat verilir. Jurnalist yüz illərdən bəri nəsildən-nəslə ötürülən nəğmələrin bu kollektiv tərəfindən məharətlə ifa edilməsindən söhbət açır. Bildirir ki, bu nəğmələr həmin diyarın irsindən xəbər verir. Nənələr evlərində və əkin sahələrində işləyərkən gündəlik həyatlarının anlarını əks etdirən folklor tabloları yaradırlar. Ansamblın üzvü Gülbəzək Kərimova Əl-Cəzirə telekanalının müxbirinə müsahibəsində deyir: “Əsrlərdən bəri oxunan bu nəğmələrlə biz yaşadığımız gündəlik həyatımızı, arzularımızı tərənnüm edirik”.

Reportajda qeyd edilir ki, nənələr irsən aldıqları folklor rəqslərini və mədəniyyətlərini nəvələrinə öyrətməyə çalışırlar. “Biz uşaqlarımıza talış xalqı ilə yanaşı, başqa xalqların da folklorunu öyrədirik. Bununla da ölkəmizin mədəniyyətinin zəngin və rəngarəng irsinin sintezini çatdırmağa çalışırıq”, - deyə ansamblın digər üzvü Qızbəs Əhədova qeyd edir.

Reportajda bildirilir ki, azərbaycanlılar folklor rəqslərini gündəlik həyatlarının müxtəsər sənət əsərləri hesab edirlər. Bu rəqslər ölkədə yaşamış müxtəlif xalqların nəsildən-nəslə keçmiş və əsrlərdən gələn davranışlarını əks etdirir. Rəqslər ictimai tədbirlərdə, ümumxalq bayramlarında təqdim edilir və cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanır, həmçinin turistlərin marağına səbəb olur.

Reportajda folklorşünas Azad Həsənlinin fikirlərinə də yer verilir: “Azərbaycan folklorunda onlarla ifadə formaları var. Biz ölkəmizdəki multikulturalizmlə və folklorumuzun zəngin sintezi ilə fəxr edirik”.

Əl-Cəzirə telekanalının respublikamızın cənub bölgəsindən hazırladığı daha bir reportaj çayçılığa həsr edilib. Reportajda bildirilir ki, çay azərbaycanlıların həyat tərzidir, həm də ictimai əlaqə vasitəsi hesab olunur. Çay hətta diplomatik görüşlərin tərkib hissəsidir.

Qeyd edilir ki, cənub bölgəsində Lənkəran sakinləri çayı yüz illərdən başlayaraq müxtəlif meyvələrdən hazırlanan mürəbbələrlə içirlər. Bu, həmçinin ənənələrə bağlılığın göstəricisidir. Mürəbbələrdən daha çox qış fəslində istifadə olunur, çünki faydalıdır və soyuqdəymənin dərmanıdır.

Müəllif vurğulayır ki, çay süfrəsi insanları bir yerə toplayır. Müxtəlif mərasimlər, o cümlədən elçilik zamanı da çaydan istifadə olunur. Çay həm də iqtisadi baxımdan cənub bölgəsi üçün mühüm əhəmiyyətə malikdir. Yüzlərlə sakin çayın becərilməsi ilə məşğul olur. Reportajda Azərbaycan çayının kimyəvi tərkiblərdən uzaq olduğu diqqətə çatdırılır.

 

Azərbaycan.- 2017.- 10 yanvar.- S.4.