Naxçıvanda bütün işlər böyük
məhəbbətlə, zövqlə görülür
Naxçıvan şəhər 3 nömrəli tam orta
rus məktəbinin binası əsaslı yenidənqurmadan
sonra istifadəyə verilib
Yanvarın 11-də Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə burada görülən işlərlə bağlı ətraflı məlumat verildi.
Qeyd edildi ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Məktəbdə 42 kompüter quraşdırılıb və internetə qoşulub.
Məktəbin kitabxana fondunda 6900 dərslik və 4603 bədii ədəbiyyat olmaqla 11503 kitab var. Məktəbdə 460 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.
Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu.
Sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Naxçıvan Muxtar Respublikasında yenidən olmağımdan çox şadam. Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Bu, mənim Prezident kimi muxtar respublikaya sayca 13-cü səfərimdir. On üç il ərzində on üçüncü dəfədir ki, Naxçıvandayam. Bu rəqəm özlüyündə bir göstəricidir, onu göstərir ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir.
Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, respublikanın problemlərinin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm və Naxçıvana həmişə çox böyük diqqət verilir, böyük qayğı göstərilir.
Çox şadam ki, respublikanın uğurlu inkişafı təmin edilir. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var.
Bu gün mən üç rayonda - Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində olmuşam. Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək. Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir. Son illərdə bir neçə stansiya tikilmişdir. Xatırlayıram, 2010-cu ildə Biləv Su Elektrik Stansiyasının açılışını qeyd etmişdik, 2014-cü ildə Arpaçay Su Elektrik Stansiyasının, 2015-ci ildə isə Günəş Elektrik Stansiyasının açılışları olmuşdur. Bunlardan əvvəl isə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Yəni, respublikanın enerji potensialının möhkəmləndirilməsi işində çox böyük addımlar atılmış və enerji təhlükəsizliyi tam təmin edilmişdir.
Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra isə enerji təhlükəsizliyi daha da möhkəmlənəcək və eyni zamanda, Naxçıvanın ixrac potensialı daha da artacaq. Çünki bu gün respublika elektrik enerjisini ixrac edir.
Naxçıvanda qazlaşdırma layihələri artıq neçə ildir ki, başa çatıb. İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Elə bir yaşayış məntəqəsi yoxdur ki, orada qaz olmasın. Bu da böyük nailiyyətdir. Bildiyiniz kimi, 2005-ci ildə burada mənim iştirakımla İran İslam Respublikasından Naxçıvana mübadilə yolu ilə təbii qazın verilməsinə başlanmışdır. Artıq üstündən on ildən çox vaxt keçib və bu layihə çox uğurla icra edilir. Ordubad Su Elektrik Stansiyasının yaradılması da İran ilə Azərbaycan arasında imzalanmış və təsdiqlənmiş saziş əsasında baş verir. Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi həm İranın, həm də Azərbaycanın enerji gücünü artıracaq və eyni zamanda, bu layihə İran-Azərbaycan dostluğunun təzahürüdür. Biz enerji sahəsində, digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu yaxınlarda Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu qatarı yola salındı.
Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır.
Bununla bərabər, əlbəttə
ki, digər infrastruktur layihələri daim diqqət mərkəzindədir.
Naxçıvan şəhərini digər şəhərlərlə
birləşdirən gözəl və çox keyfiyyətli
yollar salınıb. Bu gün mən bu yollardan keçmişəm.
Onlar bir neçə ildir ki, istifadəyə verilib, amma elə
bil ki, dünən tikilib. Yəni, çox gözəl, keyfiyyətli
yollardır. Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz,
Naxçıvan-Sədərək yolları ən yüksək
standartlara cavab verir. Bir yol layihəsi hələ ki, öz həllini
gözləyir. Bu da Culfa-Ordubad layihəsidir. Biz onu da növbəti
mərhələdə həll edəcəyik və beləliklə,
şəhərlərarası yollar problemi aradan
götürüləcək. Kənd yollarının tikintisi də uğurla gedir və
bu proses davam edəcək.
Bu gün biz Culfa və
Şahbuz rayonlarında içməli su və kanalizasiya layihələrinin
rəsmi açılışını qeyd etdik. Bu da çox
önəmli layihələrdir. Hər iki
şəhərə təmiz, Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun içməli su verilməsinə
başlanmışdır. Ondan əvvəl
Naxçıvan şəhəri su ilə təmin
edilmişdir. Bu gün biz artıq digər
şəhərlərə də suyun verilməsini təmin edə
bildik. Bu da çox önəmlidir. İnsan sağlamlığı üçün əsas
amillərdən biri də təmiz sudur. Biz
onu da həll etmişik. Bu il Dövlət
İnvestisiya Proqramında Naxçıvan Muxtar
Respublikasının digər şəhərlərinin
su-kanalizasiya problemlərinin həlli məsələləri də
öz əksini tapacaq.
Yəni, bunlar əsas
infrastruktur layihələridir - elektrik enerjisi, təbii qaz,
içməli su, yollar. Artıq demək olar ki, bu işlərin
mütləq əksəriyyəti görülübdür.
Bu, respublikanın potensialını göstərir,
eyni zamanda, sosial infrastruktur da yaradılır. Bax, bu məktəb bunun bariz nümunəsidir. Son illər ərzində Naxçıvan Muxtar
Respublikasında artıq 200-ə yaxın yeni məktəb
tikilib, yaxud da ki əsaslı şəkildə təmir olunub.
Təmirə ehtiyacı olan cəmi bir neçə
məktəb qalıb. Əminəm ki,
yaxın gələcəkdə bu məsələ də həllini
tapacaq.
Digər sosial infrastruktur
layihələri səhiyyə ilə bağlıdır. Hesab edirəm
ki, Naxçıvan bu istiqamətdə də nümunəvi
bir respublikadır. Burada bütün şəhərlərin
və rayonların mərkəzi xəstəxanaları yenidən
tikilib. Mən onların bəzilərinin
açılışlarında iştirak etmişəm.
Naxçıvan şəhərində doğum
evi, diaqnostika mərkəzi, respublika xəstəxanası,
bütün bu tibb ocaqları ən yüksək standartlara
cavab verir və ən müasir avadanlıq
quraşdırılıb.
Naxçıvanın gözəlləşməsi,
abadlaşması məni çox sevindirir. Əminəm
ki, sizi də sevindirir. Binalar təmir
olunur, yeni, gözəl binalar tikilir, geniş prospektlər
salınır. Abadlıq-quruculuq işləri
bir tərəfdən ölkəmizin gücünü, digər
tərəfdən Naxçıvan rəhbərliyinin səmərəli
işini, sakinlərin bu işlərə olan münasibətini
göstərir. Bütün bu işlər
böyük məhəbbətlə, zövqlə və səliqə
ilə görülür.
Naxçıvan dünya
miqyasında öz gözəlliyi ilə seçilən bir
şəhərdir. Əlbəttə ki,
Naxçıvanın qədim və zəngin tarixi bizim milli sərvətimizdir.
Naxçıvan Azərbaycanın qədim
diyarıdır, qədim torpağıdır. Burada tarixi abidələr qorunur. Bu
tarixi abidələr bizim qədim tariximizi göstərir.
Onu göstərir ki, əsrlər boyu Azərbaycan
xalqı bu diyarda yaşayıb, yaradıb. Bu, bizim böyük milli sərvətimizdir.
Bu gün, eyni zamanda, hərbi
hissədə olarkən bir daha gördüm ki,
Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də
böyük iş aparmışdıq və bu gün də
aparırıq. Bu gün Naxçıvan ordusu
istənilən vəzifəni icra etməyə
hazırdır, öz sərhədlərini qoruyur və siz
burada düşmənlə üz-üzə
yaşayırsınız, cəsarətlə
yaşayırsınız, rəşadət göstərirsiniz
və göstərmisiniz. 1990-cı illərin
əvvəllərində Heydər Əliyevin rəhbərliyi
ilə naxçıvanlılar öz diyarını qoruya
bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən
yüksək səviyyədədir. Ən
müasir texnika, silah, sursat buraya göndərilir və
döyüş qabiliyyəti artır, xidmət şəraiti
yaxşılaşır. Bu gün
olduğum hərbi hissədə ən yüksək şərait
yaradılıb.
Yəni,
Naxçıvanın hərbi potensialı və müdafiə
qabiliyyəti daim diqqət mərkəzindədir. Mən
çox şadam ki, bu məsələlər də uğurla
öz həllini tapır və əlbəttə ki,
respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı
çox önəmli addımlar atılır. Naxçıvanda sənaye müəssisələri
yaradılır, kənd təsərrüfatı inkişaf
edir, bir çox kənd təsərrüfatı məhsulları
ilə siz özünüz-özünüzü təmin
edirsiniz. O cümlədən inşaat materialları
sektoru inkişaf edir. Bu gün Fövqəladə
Hallar Nazirliyi üçün tikilmiş yaşayış
binasında olmuşam və orada da, bu məktəbdə də
istifadə olunan materialların demək olar ki, hamısı
yerli məhsullardır. Bu, onu göstərir
ki, sənaye də inkişaf edir, yeni müəssisələr
yaradılır və Naxçıvanın ixrac potensialı
da artır və artmalıdır.
Nəhayət, biz
Naxçıvanın nəqliyyat problemlərinin həlli
üçün də çalışırıq. Qeyd etdiyim
kimi, Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə
başlayıb. Bildiyiniz kimi, biz indi
İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub
nəqliyyat dəhlizi üzərində işləyirik.
İşlərin bizə aid olan hissəsi
artıq başa çatıb. Bu dəhliz
tam işə düşəndən sonra Naxçıvan dəmir
yolu ilə İran vasitəsilə Azərbaycanın əsas
hissəsi ilə də birləşəcək. Biz bu
layihəni sürətləndirmək istəyirik ki, tezliklə
bu, baş versin. Ondan sonra Naxçıvanda
istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla
çıxa biləcək və insanlar üçün bu, əlbəttə
ki, əlavə imkanlar yaradacaq.
Bir sözlə,
bugünkü səfərim mənim üçün çox
xoş keçir. Ona görə ki, sizinlə
görüşürəm. Ona görə
ki, bir daha görürəm, respublika yaşayır, uğurla
yaşayır, siz yaradırsınız, qurursunuz, belə
gözəl məktəblər yaradırsınız. Bu məktəbin özəlliyi ondan ibarətdir ki,
bu, rus məktəbidir. Artıq bizim
ölkəmizdə 300-dən çox məktəbdə tədris
rus dilində aparılır. Ancaq bu məktəb
sırf rus məktəbidir və bu da bir göstəricidir.
Biz burada da öz siyasətimizi, öz niyyətimizi
göstəririk. Bunu nəzərə
alaraq mən rus dilində də bir neçə kəlmə
söz demək istəyirəm.
Mən müəllimləri,
pedaqoqları salamlamaq və bu məktəbin
açılışı münasibətilə onları təbrik
etmək istəyirəm. Bu məktəb rusdillidir. Mənə dedilər ki, bu məktəb 600 şagird
üçün nəzərdə tutulub və artıq 400
şagird burada təhsil alır. Bu, onu
göstərir ki, rus dilinin öyrənilməsinə təkcə
Bakıda deyil, Naxçıvanda və başqa bölgələrdə
də maraq var. Mən bunu alqışlayıram. Bizim vətəndaşlarımız nə qədər
çox müxtəlif dil bilsələr, onlar
üçün bir o qədər yaxşı olacaq. Əlbəttə, qonşu ölkələrin dillərini
bilməliyik ki, onlarla ünsiyyət saxlayaq, dostluğu
möhkəmləndirək. Bu, həm də
dövlətlərarası münasibətlər
üçün mühüm amildir. Ona
görə də mən məktəbin bütün
çoxmillətli kollektivini salamlayır, ona uğurlar
arzulayıram. Arzu edirəm ki, bu məktəbin
məzunları Azərbaycanın layiqli vətəndaşları
olsunlar.
Bir daha sizi salamlayıram və
sizə yeni uğurlar arzulayıram.
Sonra Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
çıxış etdi.
Ali Məclisin Sədri
Vasif Talıbovun çıxışı
-Möhtərəm cənab Prezident.
Regionlara etdiyiniz səfərlərin
birində demişdiniz ki, “Bizim ölkəmizin gələcək
inkişaf perspektivləri çox gözəldir və
çox aydındır. Mən çox istəyirəm ki, Azərbaycanın
hər bir bölgəsi inkişaf etsin, hər bir rayon mərkəzi
müasir standartlara cavab versin, bütün kəndlərdə
abadlıq işləri aparılsın, yollar salınsın,
elektrik enerjisi ilə təminat yaxşılaşsın.
Bir sözlə, insanların gündəlik həyatında
çox müsbət dəyişikliklər baş versin”.
Bu gün yeni inkişaf
dövrünü yaşayan ölkəmizlə bağlı
tövsiyələriniz muxtar respublikada da ardıcıl şəkildə
həyata keçirilir. Sizin rəhbərliyinizlə həyata
keçirilən quruculuq işləri, sabitlik və iqtisadi
inkişaf uğurla davam etdirdiyiniz ümummilli lider Heydər
Əliyev yoluna sədaqətin bəhrələridir.
2004-cü ildən ötən
dövr ərzində muxtar respublikaya səfərləriniz
zamanı müasir həyatın bütün sahələrini əhatə
edən 130-dan çox obyektin açılışını
həyata keçirmisiniz.
Vaxt var idi ki, qaz təsərrüfatı dağılmış vəziyyətdə olan muxtar respublikaya sutka ərzində 6-8 saat elektrik enerjisi verilir, qonşu ölkələrdən elektrik enerjisi alırdıq. Bu gün Sizin himayənizlə elektrik təsərrüfatı güclənmiş, yeni elektrik stansiyaları istifadəyə verilmiş, ərazi tamamilə qazlaşdırılmışdır.
Əvvəllər blokada səbəbindən muxtar respublika sakinlərinin gediş-gəlişində problemlər mövcud olduğu halda Sizin tapşırığınız əsasında hava limanında aparılan yenidənqurma işləri, yeni müasir terminalların istifadəyə verilməsi hesabına bir saatda sərnişin dövriyyəsi 600-ə çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası tarixən istər içməli, istərsə də suvarma suyuna görə tələbatın tam ödənilmədiyi ərazilərdən olub. Bu gün Sizin himayənizlə Naxçıvan Muxtar Respublikasında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi həyata keçirilir. Naxçıvan şəhərində, Şahbuz və Culfa rayonlarında başa çatdırılan layihələr 133 min nəfərin təmiz və ekoloji cəhətdən tam yararlı içməli su və müasir kanalizasiya sistemləri ilə təmin olunmasına şərait yaradır. Bununla bərabər, təsərrüfat sahələrinin suvarma suyu ilə təminatı da yaxşılaşdırılmış, aqrar sektor inkişaf etdirilmişdir.
Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlərin nəticəsi olaraq doğma Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında ərzaq və enerji təhlükəsizliyi təmin olunub, etibarlı müdafiə sistemi yaradılıb.
Bu gün Naxçıvan Muxtar Respublikası üçün daha bir əhəmiyyətli layihə olan 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyasının təməlini qoydunuz. Bu isə muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsini təmin edəcəkdir.
Möhtərəm Prezident, Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə minnətdarlığımızı, dərin hörmət və ehtiramımızı bildiririk. Sağ olun.
X X X
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2017.- 12 yanvar.- S. 5.