Azərbaycanın hərbi qüdrəti daha da artıb

 

Silahlı Qüvvələrimizin ötən il qazandığı şanlı zəfər növbəti hərbi nailiyyətlərin təməlidir

 

2016-cı ilin mühüm hadisələri sırasında Azərbaycanın ən yeni tarixinə aprel zəfəri kimi əlamətdar bir gün də qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aprel döyüşlərinə də toxunaraq, Azərbaycan Ordusunun şücaətini belə dəyərləndirdi: “2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir”.

Xatırladaq ki, ötən ilin aprelin 1-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhə boyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutuldu. Düşmən təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirlərinin görülməsi barədə qərar qəbul edildi.

 

Dördgünlük müharibə Azərbaycan Ordusunun qüdrətini dünyaya göstərdi

 

Ermənistan silahlı qüvvələri ağır hərbi texnikadan istifadə etməklə təmas xəttində təxribat xarakterli hərəkətlər edərək növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətlərini göstərdilər. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olundu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Aprelin 5-də Azərbaycan tərəfi sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verdi. Müdafiə Nazirliyi bir daha bəyan etdi ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq.

Silahlı Qüvvələrimizin düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən də qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupu konstruktiv danışıqlar məcrasına qayıtmaq üçün rəsmi İrəvana təzyiq göstərdi.

Azərbaycan Silahlı Qüvvələrinin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurdu. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduqlarını bildirmələri də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.

 

Ali Baş Komandanın cəbhə bölgəsinə səfərləri psixoloji üstünlüyü daha da artırdı

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən rayonlara səfərləri orada yaşayan əhalinin, xüsusən də əsgər və zabitlərin əhvali-ruhiyyəsini daha da yüksəltdi. Dövlət başçısının cəbhə bölgəsinə səfərləri həm də göstərdi ki, həbçilərimizin döyüş əzmi çox güclüdür. Əsgər və zabit heyəti Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını bir daha hiss etdilər.

Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi. Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri düşmənə layiqli cavab verərək istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha göstərdi.

Ötən ilin may ayının 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında oldular. Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə baş çəkdi. Hərbi hissənin şəxsi heyəti ilə görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı ordumuzun aprel zəfərindən söz açdı və Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim etdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxış keçirdi. Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirdi. Dövlət başçısı və xanımı Tərtər rayonunun Qapanlı kəndinə də baş çəkdi.

Ali Baş Komandan Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində də mövcud durumla maraqlandı. Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğulayıb və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirdi. Eyni zamanda, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirdi.

Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri bir daha göstərdi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir.

Ölkə başçısı hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün lazımi tədbirləri görür. Prezident İlham Əliyev Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşündə bildirmişdi: “Mən gəlmişəm ki, bu ağır günlərdə sizinlə bərabər olum, sizə öz dəstəyimi, hörmətimi, məhəbbətimi ifadə edim. Bilirsiniz ki, aprel ayının əvvəlində Ermənistanın silahlı təxribatı nəticəsində bizim mövqelərimizə hücum çəkildi, biz şəhid verdik, o cümlədən mülki əhali arasında həlak olanlar olmuşdur. Ermənistan görəndə ki, təmas xəttində, döyüşdə məğlub olur, bax, bu çirkin əməllərə əl atır. Yenə də mülki əhalini hədəfə götürür, necə ki 1990-cı illərin əvvəllərində. O vaxt da mülki əhali ilə müharibə aparırdı. Əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi, yerinə oturtdu. Təmas xəttində tam üstünlük əldə etmişik. Bu gün hərbi hissədə olarkən hərbçilər mənə bir daha məruzə etdilər. Gedən döyüşlərlə, indiki vəziyyətlə bağlı, əlbəttə ki, məlumatım var. Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək”.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərinə səfərləri çərçivəsində Müalicə-Diaqnostika Mərkəzində düşmənin dinc əhalini hədəfə alması nəticəsində yaralanan Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin sakinlərinə də baş çəkdilər. Bu səfər bir daha Prezident İlham Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında xalqımızın və ordumuzun qəhrəmanlığının, şücaətinin, vətənpərvərliyinin təcəssümü idi. Ali Baş Komandanın Qarabağa, birbaşa cəbhə xəttinə gedişi şübhəsiz ki, dövlət başçısının bölgələrə sistemli və mütəmadi hal alan səfərləri kontekstində əlahiddəliyinə görə xüsusi fərqləndi. Çünki bu səfərin əsas məqsədi Prezidentin məhz Ali Baş Komandan statusunda əsgərləri və savaşda zərər çəkən vətəndaşları ilə görüşü idi. Ali Baş Komandan hərbi riskə baxmayaraq, ön səngərə getdi, cəsarət və mərdliyi ilə şəxsi nümunə göstərdi, ümumilikdə xalqımızın və ordumuzun qorxmazlığını nümayiş etdirdi. Eyni zamanda, dövlət başçısı onu göstərdi ki, Ali Baş Komandan kimi ön səngərdəki əsgərlə, Prezident kimi düşmənlə üz-üzə yaşayan sadə vətəndaşlarla birlikdədir.

Noyabrın 12-də Füzuli rayonuna səfər edən Prezident İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olduqdan sonra düşmənin mövqelərini izlədi. Sonra Ali Baş Komandan döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi. Hərbçilərlə görüş zamanı Prezident bir daha işğalçı Ermənistan hakimiyyətinə ciddi mesajlar verdi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan etdi ki, dördgünlük müharibə zamanı Azərbaycan Ordusunun qüdrətini işğalçı dövlət və eləcə də onların havadarları bir daha gördü: “Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır.

Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf - Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik”.

 

Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdikləri təxribat nəticəsində dağılmış evlər və sosial obyektlər qısa zamanda bərpa edildi

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfər ediblər. Aprel döyüşlərində ermənilərin atəşləri nəticəsində Tərtərdə ziyan dəymiş evlərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar. Silahlı Qüvvələrin Ali Baş Komandanı Tərtərdə yeni inşa olunmuş “N” saylı hərbi hissədə də olub. Hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.

Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna da səfər ediblər. Bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdikləri təxribat nəticəsində mülki obyektlərə, evlərə ciddi ziyan dəymişdi. Dövlət başçısı əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını vermiş, əlavə vəsaitin ayrılması üçün sərəncam imzalamışdı. Ordumuzun aprel döyüşlərində qazandığı parlaq qələbə insanlarda böyük ruh yüksəkliyi yaratmış, onlar da Ali Baş Komandanın rəhbərliyi altında hər an doğma torpaqlar uğrunda mübarizəyə qalxmağa hazır olduqlarını bildirmişlər. Sakinlərin hərbi əməliyyatlar zamanı dağıdılmış evləri artıq qısa vaxtda yenidən tikilib və bərpa olunub. Prezident və xanımı Ağdam rayonuna səfərləri çərçivəsində Mahrızlı kəndinə gedərək evlərdə yaradılan şəraitlə tanış olublar.

Cari il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, evlərə də ziyan dəymişdi. Təkcə bir fakt deyək ki, ermənilərin törətdikləri vəhşiliklər nəticəsində Ağdamda 743 ev dağıdılmış, Tərtərin yaşayış məntəqələrində isə 250 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev isə tamamilə dağıdılmışdı.

Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin mayında imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrılmışdı.

Ölkə rəhbəri Ağdam rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib: “O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. Bu gün isə 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti qısa müddət ərzində lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilib və cari təmir işləri aparılıb.

Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edildi və tikildi. Cəmi 6-7 ay ərzində. Bu, ilk növbədə, dövlətimizin gücünü göstərir ki, biz bunu etməyə qadirik. Digər tərəfdən, bu, apardığımız siyasətin nəticəsidir, onun təzahürüdür. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir.

O vaxt biz burada olarkən aprel döyüşlərindən cəmi 1 ay keçmişdi. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi - həm vətəndaşlar, həm hərbçilər. Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər, düşmənə layiqli cavab vermişlər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, o vaxt dağılmış bu evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların bir nəfəri yerindən tərpənmədi. Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar”.

Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş başlıca vəzifəni yerinə yetirdi. Son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu ərazilərdə, kəndlərdə təxribatları artıraraq əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edirdilər. Əhali arasında itkilərin qarşısının alınması üçün erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələrin endirilməsi, düşmənin hərbi birləşmələrinin bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilməsi ilkin mərhələ üçün başlıca hədəf idi.

Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib - 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər göz önündədir. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 13 ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatıb. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz edilən, döyüş ruhu yüksək olan Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızı işğalçılardan təmizləməyə gücü çatdığını sübuta yetirdi.

Cari il aprelin əvvəllərində cəbhə bölgəsində yaşanan məlum hadisədən sonra rəsmi Bakının danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin artırılması baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısa müddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir.

Azərbaycan dövləti danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə, münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Silahlı Qüvvələrimiz aprelin əvvəllərində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirdi. Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması insanlarımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur”.

 

Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynadı

 

Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər bu gün düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Ötən il dekabrın 12-də cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatının Azərbaycan Ordusu tərəfindən atəşlə məhv edilməsi də bunu bir daha sübuta yetirdi. Azərbaycan tərəfi bununla göstərdi ki, istənilən düşmən təxribatının qarşısı dərhal alınacaq və vurulan zərbə öldürücü olacaq!

Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır.

Ermənistanla təmas xəttində üstünlük əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin aprelində cəbhə xəttində erməni təxribatına cavab olaraq sarsıdıcı zərbələr endirməsi, düşmən tapdağında olan bir neçə yüksəkliyi azad etməsi Azərbaycan Ordusunun gücünün göstəricisi kimi dəyərləndirilə bilər.

Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynamışdır. Döyüşlərdə MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatları düşmənə qarşı tətbiq olunmuşdur. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilərək məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmişdir.

Bakıda ötən ilin sentyabrında II Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi keçirildi. “ADEX” sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, eləcə də 21 ölkədən 29 rəsmi nümayəndənin iştirakı tədbirin mühüm əhəmiyyət kəsb etdiyini göstərdi. Sərgidə Azərbaycanın milli müdafiə sektorunun güc və qüdrətinin nümayişi kimi təqdim edilən hərbi məhsullar tədbir iştirakçılarında böyük maraq yaratdı. “ADEX 2016” sərgisi çərçivəsində son illər ərzində ölkəmizdə istehsal edilmiş yüngül və ağır hərbi texnika təqdim olundu. Bunların arasında müxtəlif kalibrli atıcı silahla təchiz edilmiş “Gürzə” universal avtomobili, raket döyüş başlıqları, müxtəlif çaplı silahlar, eləcə də “Tufan” və “İldırım” ağır hərbi texnikası yer almışdı. Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının da təqdimatı böyük marağa səbəb oldu.

Azərbaycan tərəfi “ADEX 2016” beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını da nümayiş etdirdi. Bunlar “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatlarıdır. Bundan əvvəl istehsal olunan “Orbiter 2” 5 saat və “Aerostar” 12 saat müddətində havada qala bilirdisə, “Orbiter 3” 6 saat, “Orbiter 4” isə 24 saat havada qalmaq imkanına malikdir. “Orbiter 4” pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yük götürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir. “Orbiter 4” 150 km məsafəyə kimi uçub qayıda bilir. “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatları radara düşmür. Azərbaycanın yeni snayper tüfəngi də dünyanın aparıcı silah istehsal edən ölkələrində yüksək marağa səbəb olub. İri çaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir. Darağı 5 güllə tutumuna malik olan snayper tək atışlı sistemə malikdir. Həmçinin yeni snayper tüfənginin optik nişangahı yerli məhsuldur. Ölkəmiz ən müxtəlif hərbi texnika istehsalını ildən-ilə genişləndirərək bu məqsədlə aparıcı dövlətlərlə uğurlu əməkdaşlıq edir.

Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti yüksəldikcə, artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq artırılır. Ölkəmizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi 2017-cı il dövlət büdcəsi xərclərinin də prioritet istiqamətlərindən oldu. Bu məqsədlə müdafiə xərclərinə 2017-ci il dövlət büdcəsi xərclərinin 16,7 faizi həcmində vəsait ayrılıb ki, bu da cari illə müqayisədə 2,9 faiz çoxdur.

Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında istənilən an torpaqlarımızı düşməndən azad etmək iqtidarındadır! Zaman Azərbaycanın xeyrinə işləyir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 13 yanvar.- S.1, 5.