İqtisadi inkişafda Kouz “xətt”i

 

XV əsrə qədər dünyanın, demək olar ki, bütün ölkələrində əhalinin həyat səviyyəsi bu gün geridə qalmış üçüncü dünya dövlətlərindəki həyat səviyyəsində idi. Lakin XV əsrdə baş vermiş renessansdan başlayaraq avropalılar dünyanın digər xalqlarından sıçrayış nəticəsində kəskin uzaqlaşdılar və artım tempinə görə analoqu olmayan bir sürətlə inkişaf etməyə başladılar. Bu cür dayanıqlı iqtisadi inkişaf, iqtisadi artım cəmiyyətdə inklüzivliyi kifayət qədər genişləndirdi və dərinləşdirdi. Daha sonra bu cür sürətli inkişaf Şimali Amerikaya, son 100 ildə isə bəzi Şərqi Asiya ölkələrinə keçdi.

İqtisadi sıçrayışın formulu varmı Dünyanın bir çox məşhur alimləri öz tədqiqatlarında həmin suala cavab tapmağa çalışır, iqtisadi inkişafın səbəbləri kimi müxtəlif amilləri qabardırlar. Lakin məsələ indiyəcən tam həllini tapmamışdır və bu problemlə əlaqədar elmi araşdırmalar, diskussiyalar hələ də davam edir.

Qərb ölkələrinin iqtisadi inkişafının səbəblərini bilmədikləri üçün keçmiş sosialist ölkələrindən bir çoxu hələ də nəzərə çarpan bir uğura nail ola bilmir. Burada bir məsələni qeyd etmək lazımdır ki, tarixdə baş vermiş iqtisadi böhranların heç biri öz dağıdıcı gücünə, miqyasına görə sosializm düşərgəsinin dağılması nəticəsində yaranan iqtisadi fəlakətlə müqayisə oluna bilməzdi. Bu bir sistem transformasiyası idi və əlbəttə ki, bütövlükdə sistemin dəyişməsi mövcud iqtisadi münasibətlərin əsasını sarsıtmalıydı və sarsıtdı da. Yaranmış bu cür ağır iqtisadi vəziyyətdən çıxmaq üçün siyasətçilərin təklif etdikləri proqramlarda iki müddəa xüsusi olaraq diqqəti cəlb edirdi: iqtisadiyyatın tam liberallaşdırılması, o cümlədən bazar qiymətlərinin sərbəstləşdirilməsi və dövlət mülkiyyətinin özəlləşdirilməsi. Bununla da onlar əhaliyə çatdırmaq istəyirdilər ki, həmin islahatları həyata keçirdikdən sonra qısa müddət ərzində cəmiyyətin hər bir üzvü XXI əsrin “qraf Monte Kristo”su olacaq. Lakin ötən dövr bütün çılpaqlığı ilə göstərdi ki, Qərb dünyasının nail olduğu bugünkü inkişaf səviyyəsi, firavan həyat onların təsəvvür etdikləri kimi asan və qısamüddətli bir proses deyil. Bəs, görəsən, bunun səbəbi nədir?

Bu məqamda monetar nəzəriyyənin banisi, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı M.Fridmenin sözləri yada düşür. O yazırdı: “İqtisadi siyasətdəki səhvlər siyasətçilərin və ya iqtisadçıların qərəzli, pis niyyətləri səbəbindən deyil, iqtisad elminin öz qüsurları, nöqsanları və çatışmazlıqları ucbatından baş verir”. Onun dediyindən belə bir nəticə çıxarmaq olur ki, hələlik iqtisad elmi inkişafın əsas səbəblərini əks etdirən universal bir nəzəriyyə yarada bilməmişdir. Şübhəsiz, əgər belə bir nəzəriyyə mövcud olsaydı, onda dünyanın bütün ölkələri həmin nəzəriyyədən istifadə edərək yüksək inkişaf səviyyəsinə çatardılar. Deməli, bu məsələdə hələ də iqtisad elminə bəlli olmayan qaranlıq, gizli mətləblər və problemlər mövcuddur. İqtisad elmi hələ də təsərrüfat həyatında baş verə biləcək böhranların, disbalansların və s. neqativ halların qarşısını almaq, onların nə vaxt meydana çıxa biləcəyini öncədən proqnozlaşdırmaq imkanlarına, iqtisadi inkişafla əlaqədar sanballı mexanizmləri əks etdirən nəzəriyyəyə malik deyildir. Hazırda iqtisad elmində mövcud olan nəzəriyyələrin tam əksəriyyəti mahiyyət etibarilə sərvətin səmərəli və ədalətli bölgüsünü, daha dəqiq desək, iqtisadi tənzimləməni əks etdirən nəzəriyyələrdir. Bu nəzəriyyələr sırf iqtisadi metod və prinsipləri əks etdirdikləri üçün hələlik iqtisadi inkişafla, onu yaradan səbəblərlə, xüsusən problemin siyasi iqtisadi aspektləri ilə əlaqədar konkret bir resept təklif edə bimirlər.

Bu gün dünyanın əksər ölkələrində istifadə olunan monetar və fiskal tənzimləmələrdən başqa, demək olar ki, heç bir tənzimləmə metodundan istifadə olunmur. Çünki sadəcə olaraq üçüncü bir metod hələlik yaradılmayıb. Lakin mövcud olan bu metodlar da onlar üçün yaradılan münbit bazar iqtisadiyyatı şəraitində səmərə verir. Hansı ölkədə bazar iqtisadiyyatının, bazar mexanizminin tam gücü ilə işləməsi üçün münbit şərait yaradılıbsa, həmin ölkələrdə mövcud obyektiv iqtisadi konyunkturun tələblərindən asılı olaraq bu nəzəriyyələrdən istifadə səmərəli olur. Hansı ölkədə belə bir mühit, zəmin yoxdursa, bu iki tənzimləmə mexanizmi sadəcə olaraq formal xarakter daşıyır, imitasiyadan başqa bir şey olmur və buna görə də onların tətbiqindən heç bir fayda əldə edilmir. Yəni bu tənzimləmə mexanizmlərindən yalnız bazar iqtisadiyyatının mövcudluğunu təmin edən institutların və ya “oyun qaydaları”nın hökm sürdüyü münbit şəraitdə istifadə etmək səmərə verir.

 

“Bazar iqtisadiyyatına keçmək həllini tez tapan məsələ deyil”

 

Toxunduğumuz məsələ ilə əlaqədar başqa bir maraqlı fikri iqtisadiyyat üzrə digər Nobel mükafatı laureatı R.Kouz demişdir. O yazırdı: “Keçmiş sosializm düşərgəsinə daxil olan dövlətlərin liderlərinə biz məsləhət görürük ki, bazar iqtisadiyyatına keçsələr, daha yaxşı olar. Etiraf etmək lazımdır ki, həmin liderlər də bunu etmək istəyirlər. Amma bazar iqtisadiyyatına keçmək həllini tez tapan asan məsələ deyildir. Bazara keçmək üçün ilk növbədə bazarın səmərəli fəaliyyətini təmin edən institutları yaratmaq lazımdır. Biz hələlik öz iqtisadiyyatımız haqqında az şey bilirik. Nə vaxt biz öz iqtisadiyyatımız haqda çox şey bilsək, onda həmin liderlərə məsləhət verməyə haqqımız çatar”. Avstriya iqtisadi məktəbinin görkəmli nümayəndəsi, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, “Köləliyə aparan yol” kimi ən antisosialist kitablardan birinin müəllifi F.Hayek isə birmənalı olaraq qeyd edirdi ki, əgər biz bazar haqqında hər şeyi bilsəydik, onda sosializmdə mövcud olan planlı iqtisadiyyat tamamilə haqlı olardı. Göründüyü kimi, məsələnin nə qədər ciddi olması bu üç böyük zəka sahibinin dediklərindən məlumdur.

Odur ki, iqtisadi inkişafla əlaqədar kamil, universal bir nəzəriyyənin yaradılması üçün cəhdlər edilir və bu istiqamətdə Qərbdə, xüsusilə ABŞ-da hətta müəyyən iqtisadi məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə institusional iqtisadi nəzəriyyənin əsas simaları aparıcı rol oynayır. Artıq bu yolda onlar iqtisadi təhlillərdə institutların əsas rol oynamasını qabartmaqla iqtisad elmində yeni bir nəzəri istiqamət müəyyənləşdirirlər. Həmin alimlərin yaratdıqları neoinstitusional nəzəriyyənin inkişafından sonra iqtisadi artımın amili olan institutlara diqqət artmağa başlayıb. Buna qədər isə institutlara ikinci dərəcəli yanaşma ilə endogen bir məhsul kimi baxışlar dominant rol oynayırdı. Neoklassik nəzəriyyələrdə əsas kapitala investisiya qoyuluşu, innovasiya, miqyas effekti, təhsil, insan kapitalı və s. iqtisadi artımın, inkişafın fundamental amilləri hesab olunduğu halda, neoinstitusionalistlər öz tədqiqatları ilə sübut etdilər ki, sadalanan bu amillər iqtisadi inkişafın, artımın səbəbləri deyil, elə artımın özü, onun nəticələridir. İrəli sürülən bu hipotez bir sıra məşhur tədqiqatçılar tərəfindən praktikada dəfələrlə yoxlamalara məruz qaldıqdan sonra iqtisadi nəzəriyyənin ayrılmaz tərkib hissəsi kimi tanınıb qəbul edildi. Digər tərəfdən, həm də sübut olundu ki, klassik və neoklassik nəzəriyyələr iqtisadiyyatın ümumilikdə necə fəaliyyət göstərdiyini təsvir etdiyi halda, institusional nəzəriyyə iqtisadiyyatın zaman və məkan daxilində necə inkişaf etdiyini öyrənir.

Dünyanın məşhur alimlərinin iqtisadi inkişafda institutların rolunun öyrənilməsinə həsr olunmuş tədqiqatlarında iki amilə xüsusi yer ayrılır: hüquqi sistemin keyfiyyəti və maliyyə sisteminin inkişaf səviyyəsi. Hüquqi sistem iqtisadi artıma birbaşa deyil, maliyyə bazarlarının inkişaf səviyyəsi vasitəsilə təsir göstərir. Bununla da iqtisadçılar iqtisad elminin “ərazi”si ilə kifayətlənməyərək siyasət, sosiologiya, hüquq, ekologiya və s. kimi elmlərin “ərazi”sinə daxil olmaq məcburiyyətində qaldılar. Elmin digər sahələrində mövcud olan problemlərin iqtisadi vasitələrlə təhlili ona gətirib çıxardı ki, müasir iqtisadi nəzəriyyə çərçivəsində əsas diskussiyalar institutların əhəmiyyətinə deyil, müvafiq səbəb-nəticə əlaqələrinin təbiətinin dəqiqləşdirilməsinə həsr olundu.

İqtisadi inkişafla əlaqədar aparılan tədqiqatlarda artım amilləri ya birbaşa amillər qrupuna, ya da fundamental, yaxud dərin amillər qrupuna aid olunur. Birbaşa amillərə ən çox artımın neoklassik determinantlarını aid edirlər: əmək, kapital, torpaq və eləcə də məhsuldarlıq. Fundamental amillər qrupuna isə milli

institutların keyfiyyəti, milli bazarın ölçüləri, ölkənin beynəlxalq ticarətə cəlb olunma dərəcəsi ilə ölçülən xarici iqtisadi inteqrasiya səviyyəsi və ölkənin coğrafi xarakteristikaları (faydalı qazıntılar, iqlim, ekvatordan uzaqlığı, dəniz ticarəti yollarına çıxış) aid edilir. Bir çox tədqiqatlarda artımda ölkələrarası fərqin daha bir mənbəyi kimi cəmiyyətin fundamental sosial xarakteristikalarını əks etdirən sosial mütəşəkkilliyin, həmrəyliyin (sosial kapital) mühüm əhəmiyyət daşıdığı ön plana çıxarılır. Yuxarıda söylənən fikirlərə baxmayaraq, müasir institusional tədqiqatlarda iqtisadi inkişaf üçün hələlik heç bir universal təkliflər irəli sürülmür və yəqin ki, yaxın gələcəkdə sürülməyəcək də.

 

İki nəzəriyyə, iki baxış

 

Söylənilən fikirlərə tam aydınlıq gətirmək üçün neoinstitusional iqtisadi nəzəriyyə ilə neoklassik iqtisadi nəzəriyyələr arasındakı prinsipial fərqin izah olunmasına zərurət yaranır. Baxaq görək iqtisad elmində bu iki böyük cərəyan arasındakı fundamental fərq nədən ibarətdir? Burada bir məsələni qeyd etməliyik: neoinstitusionalistlər transaksiya xərcləri adlanan yeni bir xərc növündən, kateqoriyadan geniş istifadə edirlər. Onlar belə hesab edirlər ki, transaksiya xərcləri həmişə sıfırdan fərqli müsbət ədəddir; iqtisadi subyektlərin bazar haqqında məlumatları məhduddur; iqtisadi subyektlər məhdud rasionallığa malikdirlər; iqtisadi təhlillərdə institutlar aparıcı amildir; bazarın “iflas”ına səbəb mülkiyyət hüquqlarının dəqiq müəyyən olunmamasıdır (dövlətin iflası); bazar mexanizmi müftə işləmir və cəmiyyətdən müəyyən xərclər tələb edir (transaksiya xərcləri).

Neoklassik nəzəriyyə isə neoinstitusional nəzəriyyənin, demək olar ki, tam əksini ifadə edir. Neoklassiklər iqtisadi təhlillərində belə bir mövqedən şıxış edirlər ki, transaksiya xərcləri mövcud deyil və onlar sıfıra bərabərdir; iqtisadi subyektlər bazar haqqında tam məlumata malikdirlər; iqtisadi subyektlər tam rasional davranırlar; institutlar ümumiyyətlə mövcud deyil (institusional vakuum); bazar “iflas”a uğradıqda dövlət iqtisadiyyata mütləq müdaxilə etməlidir; bazar mexanizmi “müftə” işləyir və cəmiyyətdən heç bir xərc tələb etmir.

Hər iki nəzəri məktəbin iqtisadi məsələlərin təhlilinə fərqli yanaşmasına əsaslanaraq iqtisadiyyat üzrə Nobel mükafatı laureatı D.Nort belə hesab edirdi ki, neoklassik nəzəriyyələr mahiyyətinə görə iqtisadi inkişaf strategiyasının işlənilməsi üçün əlverişli alət deyil. Neoklassiklər öz riyazi aparatından geniş istifadə etməklə statik dünyanı modelləşdirirlər, institusional nəzəriyyə isə iqtisadi dinamikanı öyrənir. R.Kouz isə ironiya ilə qeyd edirdi: “Mənim gənc olduğum illərdə deyirdilər ki, əgər ağılsızlıq çox böyükdürsə, onu söyləmək üçün mahnı kimi oxumaq lazımdır. Müasir iqtisad elmində isə bunu riyaziyyatın dilində söyləmək olar”. Bununla o, tədqiqatlarını dərinləşdirərək transaksiya xərcləri adlanan bir xərc növünü kəşf etdi və iqtisadi inkişafın əsl səbəblərinin açılması istiqamətinə işıq salaraq iqtisadçıların əlinə onun özünün şərəfinə adlandırılan Kouz teoremi kimi qüdrətli bir silah verdi. Bu teoremdən təkcə iqtisadi nəticələr deyil, eyni zamanda bir çox sanballı siyasi nəticələr alınır. Teoremin möhtəşəmliyi də elə bundadır.

Keçmiş sosializm düşərgəsinə daxil olan ölkələrdə gedən transformasiya prosesinin son 15-20 illik tarixi Kouzun haqlı olduğunu göstərdi və sübut edildi ki, bazar mexanizminin aşağı səmərəliyinin əsas səbəbi adekvat institusional mühitin yoxluğudur. İnstitusional mühitin keyfiyyəti aşağı olduğundan transaksiya xərcləri də yüksək və səmərəsizdir. Həmin ölkələrdə transaksiya xərclərinin səmərəsizliyini və institusional mühitin təkmil olmamasını şərtləndirən əsas amillər isə bunlardır: mülkiyyət hüququnun spesifikləşdirilməsi və müdafiəsi üçün yüksək xərclər; əhəmiyyətli inzibati və informasiya baryerləri; qanunvericilik bazasının ziddiyyətli olması; aşağı səviyyəli korporativ idarəetmə; bərabər olmayan rəqabət şəraiti; yüksək paya malik “gizli iqtisadiyyat”; ümumi iqtisadi müəyyənsizlik; biznesin inkişafı üçün investisiyaların əldə olunma çətinlikləri; iqtisadi inkişafın tormozlanması mexanizminin bürokratik təbiətə malik olması. Sadalanan bu xüsusiyyətlər sahibkarlıq riskini artırır, işgüzar fəallığı və ölkə iqtisadiyyatının investisiya cəlbediciliyini azaldır, ümumilikdə isə səmərəsiz transaksiya xərclərini yüksəldir.

 

Transaksiya xərcləri nədir

 

İnstitutların saxlanmasına sərf olunan transaksiya xərcləri cəmiyyətdə qəbul edilmiş mülkiyyət və azadlıq hüququnun ayrılması, başqa birisinə keçməsi, ötürülməsi, verilməsi və mənimsənilməsi prosesində fərdlərin öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsinə nəzarət etmək üçün sərf olunan resurslardır (pul, əmək, vaxt, əsəb və s.). Bu tərifdən məntiqi olaraq belə bir nəticə çıxır ki, mülkiyyət insan muxtariyyətinin əsası, azadlıq isə bu muxtariyyəti reallaşdırmaq üçün şəraitdir. Transaksiya xərcləri nəzəriyyəsinin əsas tərkib hissəsi olan R.Kouzun “kənar effektlər”ə (eksternallara) həsr olunmuş teoremində deyilir: “Əgər mülkiyyət hüquqları dəqiq müəyyən olunubsa və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda resursların allokasiyası (istehsalın strukturu, resursların bölgüsü, yerdəyişməsi) mülkiyyət hüquqlarının bölgüsündə gedən dəyişikliklərdən asılı olmayaraq dəyişməz və səmərəli olaraq qalacaq”. C.Stiqlets Kouz nəzəriyyəsini qısa şəkildə bu cür ifadə edir: “Mükəmməl rəqabət şəraitində fərdi xərclər sosial xərclərə bərabər olur”. Kouz nəzəriyyəsinə görə, sosial xərclər fərdi xərclərlə (transformasiya və ya istehsal xərcləri) eksternal xərclərin (transaksiya xərcləri) cəmindən ibarətdir. Yəni mükəmməl bazar rəqabəti şəraitində transaksiya xərcləri sıfıra bərabər olur və institutlara heç bir ehtiyac qalmır. Reallıqda isə institutlar (yazılan və yazılmayan oyun qaydaları) hər bir cəmiyyətdə və dövlətdə sərvətin yaradılmasında, onun artımında və səmərəli bölgüsündə müstəsna rol oynayır. Kouz bu nəzəriyyə ilə demək istəyir ki, hər bir cəmiyyət, dövlət daim, dayanıqlı olaraq sərvəti artırmaq, əhalinin rifahını yüksəltmək istəyirsə, ilk növbədə elə bir institusional mühit və ya elə bir institusional infrastruktur yaratmalıdır ki, cəmiyyətin yaratdığı sərvətin əksər hissəsi ədalətli və səmərəli şəkildə bazar mexanizmi vasitəsilə bölünsün.

Burada fərdi xərclər dedikdə istehsal xərcləri, yəni resursların hazır məhsula çevrilməsi, transformasiya olunması xərcləri, eksternal xərclər dedikdə transaksiya xərcləri, yəni bazar mexanizminin, iqtisadi sistemin saz, işlək vəziyyətdə saxlanılması xərcləri nəzərdə tutulur. D.Nort hər iki xərc növünü marksist terminologiyası ilə adlandırmağı təklif edirdi. Norta görə, transformasiya (istehsal) xərcləri məhsuldar qüvvələrin vəziyyəti, transaksiya xərcləri istehsal münasibətlərinin xarakteri ilə şərtlənən xərclərin mahiyyətini ifadə edir. O hesab edirdi ki, transformasiya (istehsal) xərclərinin səviyyəsi ilk növbədə texnoloji, transaksiya xərclərinin səviyyəsi isə institusional amillərlə müəyyən olunur. Transaksiya xərcləri institutlar öz funksiyasını yerinə yetirdiyi, transformasiya xərcləri təşkilatlar, müəssisələr, firmalar fəaliyyət göstərdiyi zaman meydana çıxır.

Kouz nəzəriyyəsi sübut edir ki, rəqabətin sonsuzluğa, transaksiya xərclərinin isə sıfıra yaxınlaşdığı bazar innovasiyaların hökm sürdüyü mükəmməl bazardır, burada heç bir bazar subyektinə imtiyaz verilmir. Mənfi kənar effektlərin, yəni eksternalların yaranmasına səbəb qanunvericilikdəki nöqsanlardır. Qiymət (bazar) mexanizminin təkmil olmamasından yaranan itkilər dövlətin iqtisadiyyata müdaxiləsi xərclərindən həmişə az olur. Əgər mülkiyyət hüquqları dəqiq müəyyən olunubsa və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda bazar mexanizmi dövlətin iştirakı olmadan da kənar effektlərin öhdəsindən gələ bilər. Əgər qiymət mexanizmi məsrəfsiz işləyərsə, yəni transaksiya xərcləri sıfıra bərabər olarsa, onda istehsalın son nəticələri hüquqi sistemdən asılı olmaz. İqtisadi siyasətin incəliyi cəmiyyətə daha ucuz başa gələn səmərəli institutların seçilməsindədir, institut nə qədər səmərəli fəaliyyət göstərərsə, onun transaksiya xərcləri də bir o qədər aşağı və səmərəli olar. Nəzəriyyə göstərir ki, cəmiyyətin hüquqi quruluşu ilə iqtisadi mexanizmin səmərəliyi bir-biri ilə sıx əlaqədə və asılılıqdadır, hakimiyyət institutunun səmərəliyinin ölçüsü ölkə iqtisadiyyatı miqyasında transaksiya xərclərinin, xüsusilə dövlət transaksiya xərclərinin azaldılmasıdır.

Transaksiya xərclərini isə iki hissəyə ayırmaq olar: rəsmi və qeyri-rəsmi. Qeyri-rəsmi transaksiya xərcləri elə korrupsiyanın özüdür. İqtisadçı alimlər sübut edirlər ki, qeyri-rəsmi transaksiya xərclərinin mövcudluğu şəraitində maraqlı qruplar dövlətin məcburetmə gücünü öz maraqlarına xidmət etməyə yönəldirlər. Yaranan bu cür vəziyyətin aradan qaldırılması üçün Kouz hakimiyyətin ictimai zəruri qaydasına nail olmaq təklifini irəli sürür.

 

İqtisadi inkişafda şəxsiyyətin rolu

 

Dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün təkcə institusional islahatlar kifayət etmir. İslahatlar zamanı ilk növbədə hansı institutların əsas, birinci olması, hansılarının isə törəmə institutlar olmasını dəqiqləşdirmək zərurəti meydana çıxır. Hesab edirik ki, mülkiyyət hüququ, sosial kapital və s. institutlar törəmə institutlardır. İnkişaf etmiş ölkələrin iqtisadi inkişaf təkamülü və tarixi göstərir ki, ilk növbədə siyasi iradə və liderlik institutları olmasa, onların törəməsi olan digər ikinci dərəcəli institutlar da yaranmaz. Tarix göstərir ki, ictimai marağı şəxsi maraqlardan üstün tutan böyük liderlər apardıqları islahatlar vasitəsilə dayanıqlı iqtisadi inkişafa nail olurlar. Yalnız belə liderlər proteksionist-oliqarx maraqlarının deyil, monopoliyasız, liberal dəyərlər üzərində qurulmuş əsl bazar mexanizminin hökm sürdüyü innovativ demokratik iqtisadiyyat yaradırlar.

Keçmiş sosializm düşərgəsinə daxil olmuş ölkələrin siyasət meydanındakı iqtisadi islahatçıları məhz bu cür incə məqamları öz proqramlarında nəzərə almadıqları üçün ilk illər onların irəli sürdükləri proqramlar cəmiyyət üçün ciddi bir fayda vermədi. Həmin proqramlar mahiyyət etibarilə cəmiyyətin malik olduğu sərvətin hakimiyyətdə təmsil olunan müəyyən qruplar arasında təkrar bölgüsünü reallaşdırdı və bugünkü oliqarxların meydana çıxmasına səbəb oldu.

Lakin elə həmin dövrdə sosializm düşərgəsinə daxil olan ölkələrin bir neçəsində aparılan islahatlar kifayət qədər uğurlu oldu. Buraya Polşa, Çexiya, Sloveniya, Macarıstan və digər Şərqi Avropa ölkələrini, Baltikyanı respublikaları, Cənubi Qafqazda Azərbaycanı, Orta Asiyada isə Qazaxıstan kimi ölkələri aid etmək olar. Bu ölkələrin indiki iqtisadi vəziyyəti onu göstərir ki, XX əsrin 90-cı illərində reallaşdırılan islahatlar nəticəsində dayanıqlı iqtisadi artım təmin edilmişdir. Qeyd etmək lazımdır ki, Şərqi Avropa və Baltikyanı ölkələr bu cür iqtisadi artıma Qərbi Avropanın və ABŞ-ın güclü siyasi, iqtisadi, maliyyə dəstəyi nəticəsində, Azərbaycan və Qazaxıstan isə öz resursları, gücü hesabına nail olmuşlar. Onu da qeyd edək ki, Azərbaycanın daha böyük uğura imza atmasının qarşısını ölkəmizə kənardan sırınan ərazi iddialı münaqişə ocağı kəsib. Bu məsələ xüsusi bir tədqiqat mövzusu olsa da, qısaca olaraq bir reallığı qeyd etmək zəruridir. Aparılan iqtisadi islahatların qarşısını həm daxildən, həm də xaricdən nə qədər almağa çalışsalar da, ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasi iradəsi qarşısında heç bir maneə duruş gətirə bilmədi və ulu öndər yaradılan bütün süni baryerləri dəf edərək nəzərdə tutduğu iqtisadi layihələrin, demək olar ki, hamısını reallaşdırmağı bacardı. Azərbaycan islahatların birinci mərhələsini uğurla arxada qoyaraq son 10 ildə yüksək iqtisadi artım templəri göstərdi. Bu gün isə ölkəmiz artıq islahatların ikinci mərhələsini reallaşdırmaq əzmindədir və ümummilli liderin böyük işlərini layiqincə davam etdirən Prezident İlham Əliyev ortaya ciddi siyasi iradə qoymuşdur. Son dövrlər atılan addımlar, imzalanan fərman və sərəncamlar bunları deməyə əsas verir ki, ölkə islahatların ikinci mərhələsini də uğurla başa vuracaq. Kouzun iqtisadi inkişafda şəxsiyyətin rolu ilə bağlı irəli sürdüyü nəzəriyyədən alınan nəticələr də elə bu deyilənləri özündə əks etdirir.

Belə bir nəzəriyyəni irəli sürməklə Kouz hətta öz vətəni ABŞ-da da bəzilərinin şəxsi maraqlarına toxunmaqla ciddi tənqidlərə məruz qalmışdır. “İntellektual komfort”un pozucusu R.Kouz bir çox intellektualların hiss etdiyi “koqnitiv dissonans” kimi fenomeni şərh edərək yazırdı ki, dövlət qulluğu bu mütəxəssislərin az qala yeganə məşğulluq sahəsi olduğu üçün onlar hər yerdə “bazarın iflası”nı axtarıb taparaq bu əsasda konsepsiyalar, doktrinalar irəli sürürlər və dövlətdə ixtisaslarına tələb yaratmaqla öz məşğulluqlarını təmin edirlər. Tam elmi əsası olmayan yeni sosial və siyasi doktrinaların irəli sürülməsi nəticəsində yaranan eksternallar isə bir çox insanlar üçün faciəyə çevrilə bilər, vətəndaş müharibəsinə, etnik qarşıdurmalara, hətta bütöv xalqların və sivilizasiyaların məhvinə gətirib çıxarar. Hazırda dünyada baş verən hərbi-siyasi konflikt və müharibələr, qanlı toqquşmalar bu deyilənlərin əyani sübutudur. Bundan əlavə, Kouz nəzəriyyəsi həm də siyasi iqtisadın əbədi problemlərindən birini həll edir: görəsən, səmərəlik və istehsal qanunlarının bölgü qanunlarından asılı olmadığı şərait, dünya varmı? Nəzəriyyə bu suala belə cavab verir: bəli, var, bu dünya transaksiya xərclərinin sıfıra bərabər olduğu mistik bir dünyadır. Transaksiya xərcləri sıfırdan fərqli müsbət ədəd olduqda artıq mülkiyyətin, nemətin bölgüsünü şərtləndirən hüquqlar və bu əsasda yürüdülən siyasət iqtisadi sistemə birbaşa təsir etməyə başlayır. Transaksiya xərcləri yalnız ibtidai icma quruluşunda, dövlətin olmadığı bir mühitdə və bir də innovativ bazarın bərqərar olduğu yüksək texnoloji cəmiyyətdə sıfıra bərabər ola bilər. İnnovativ bazara malik yüksək texnoloji cəmiyyətdə hər bir fərd bütün ehtiyaclarını şəxsən özü ödəyir və heç bir istehsalçıya ehtiyac duymur. Məhz dövlət yarandıqdan və mülkiyyət hüquqları tanındıqdan sonra istehsal fəaliyyəti, bol nemət yaratmaq istəyi cəmiyyətdə özünə yer tutmağa başladı və bu əsasda transaksiya xərcləri meydana çıxdı. Lakin transaksiya xərclərinin özü deyil, onun strukturu iqtisadi inkişaf və artım məsələsində əsas, aparıcı rol oynayır.

R.Kouz göstərir ki, transaksiya xərcləri mövcud olmadıqda hüquqi sistem heç bir əhəmiyyət kəsb etmir. Belə bir dünyada iqtisadi sistemi yaradan institutlar heç kimə və heç nəyə lazım deyil. Transaksiya xərcləri sıfıra bərabər olduqda, yəni bu xərclər mövcud olmadıqda xüsusi mülkiyyət hüququ haqqında fərziyyə kənara atılmalıdır və bu, Kouz nəzəriyyəsini dəyişməyəcək. Bu xərclər olmadıqda nəyisə sürətləndirməyə heç bir ehtiyac yoxdur və hər bir qarşılıqlı iqtisadi fəaliyyət elə reallaşacaq ki, sanki əbədiyyət bir anda yaşanır. Belə bir dünyanın xüsusiyyətlərinin tədqiqinin heç bir mənası, əhəmiyyəti yoxdur. Ona görə də real həyatda real şəkildə obyektiv mövcud olan həqiqi dünyanın öyrənilməsi üçün iqtisadi təhlillərdə müsbət transaksiya xərcləri mütləq nəzərə alınmalıdır.

R.Kouz dövlətlə xalqın uğurlu qarşılıqlı fəaliyyət prinsipini qısa və dürüst şəkildə ifadə etdiyinə görə 1991-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür və bununla sübut etmişdir ki, inkişaf səviyyəsindən asılı olmayaraq heç bir dövlət eksternallar problemini optimal səviyyədə həll etməyə qabil deyil. Dövlət kənar effektləri, yəni eksternalları düzgün qiymətləndirə, xərc və gəlirləri müqayisə edə, tərəflərin maraqlarını razılaşdıra bilməz. Dövlətin bu tip proseslərdə iştirakı böyük xərc tələb edir. Bununla da Kouz göstərmişdir ki, problemi yalnız maraqlı tərəflər arasındakı razılıq əsasında, yəni bazar vasitəsilə həll etmək mümkündür. Ölkə miqyasında isə bu problem maraqlı tərəflər kimi hakimiyyətlə əhali arasında razılıq əsasında öz həllini tapa bilər. Bu münasibətdə xalq xidmətlərin sifarişçisi, qanunverici orqan və hökumət isə həmin sifarişləri yerinə yetirən icraçılar, xidmətçilər rolunda çıxış edirlər.

D.Nort və bir sıra alimlər öz hesablamalarına əsaslanmaqla milli hesablar sistemini tənqid edərək yazırlar ki, ÜDM, ÜMM və s. kimi milli hesabatların tərtib olunmasında bu gün istifadə edilən prinsiplər artıq köhnəlmişdir. Çünki bu prinsiplər transaksiya xərclərinin iqtisadi fəaliyyətdə nəzərə alınmadığı dövrlərdə işlənmişdir. Buna görə də həmin prinsiplər yenidən müəyyənləşdirilməlidir. Həmin alimlər milli məhsulda üç əsas iqtisadi fəaliyyət sahəsinə uyğun olaraq üç əsas kateqoriyanın müəyyən olunmasını təklif edirlər: bunlar istehsal, nəqliyyat və transaksiya sektorlarıdır. Onlar qeyd edirlər ki, iqtisadi artım nəzəriyyələrində hələ bir çox fundamental problemlərin tədqiqinə ehtiyac var və gələcəkdə həmin problemlərin həllinə yönəldilmiş istənilən cəhdlərdə transaksiya xərcləri mütləq nəzərə alınmalıdır.

Kouzun bu xərclər haqqındakı fikirləri bir çox modifikasiyalara, dəyişikliklərə, əlavələrə məruz qalsa da, transaksiya xərcləri anlayışı müasir iqtisadi nəzəriyyə tərəfindən qəbul edildi və zaman ötdükcə çox böyük analitik əhəmiyyət kəsb etməyə başladı. Bu gün müasir iqtisadi nəzəriyyədə nəzərə alınmayan transaksiya xərcləri anlayışı olmadan iqtisadi sistemin necə fəaliyyət göstərdiyini başa düşmək, burada meydana çıxan bir sıra problemləri təhlil etmək, islahat proqramları hazırlamaq, eləcə də siyasi təkliflər irəli sürmək üçün əsas əldə etmək mümkün deyildir.

 

Kasıblıqdan zənginliyə keçməyin yolu

 

İndi isə məqaləmizin əvvəlinə qayıdaq. Məsələ belə qoyulmuşdu ki, bir çox məlum ölkələrdə inkişafın səbəbi nədir?

Həmin ölkələrin inkişaf tarixinə nəzər saldıqda görmək olur ki, onların inkişafı üçün yazılan proqram və islahat zərflərinin müəllifləri var. Yüksək iradi keyfiyyətlərə, vətənpərvərliyə və uzaqgörən siyasi təfəkkürə malik olan həmin müəlliflər öz xalqlarının bütövlükdə ictimai həyatında və onların firavan gələcəyində müstəsna rol oynamaqla tarixi şəxsiyyətlərə, yaşadıqları dövrdə liderlərə çevrilmişlər. Onlar mənsub olduqları xalqın mental, emosional, əqli və digər xüsusiyyətlərini dərindən bildikləri üçün özlərindən sonra öz orijinallığı, unikallığı ilə seçilən səmərəli bir iqtisadi sistem qoyub getmişlər. Belə bir sistemin unikallığı ondadır ki, yaradılan institusional mühit və infrastruktur dayanıqlı iqtisadi artıma, innovativ məhsul istehsalına, elmi ixtiraların istehsala tətbiqinə və ən əsası, daim artan kapital yaratma xüsusiyyətlərinə malikdir. Qərb ölkələrindəki tədrici inkişaf həm də onunla izah edilir ki, böyük elmi kəşflər və bu əsasda meydana çıxan ixtiralar istehsala tətbiq olunaraq innovativ iqtisadiyyatın inkişafına gətirib çıxarmışdır. Elmi biliklərin həmin bu artımı Qərbin iqtisadi inkişafını formalaşdırmış və qidalandırmışdır. Sözsüz ki, belə bir dayanıqlı və uzunmüddətli iqtisadi artım, inkişafın intensiv tipi Qərbin təsərrüfat sisteminin strukturunun dərinliklərində qurulan institusional mexanizmlər əsasında baş verə bilərdi.

Zəngin və kasıb ölkələrin inkişafındakı fərqi müqayisəli şəkildə təhlil etdikdə görmək olur ki, ikincilərin iqtisadi cəhətdən çiçəklənməsinin qarşısını kəsən əsas maneələrdən biri elə həmin elmi ixtiraların baş verməməsi, az-çox olanların da istehsala tətbiq edilməməsi və bunun nəticəsi kimi onların kapital yarada, kapitala çevrilə bilməmələridir. Belə ölkələrdə hətta əhalinin əlindəki real resursların da adekvat olmayan institusional mühitin yaratdığı çox zəif hüquqi sistem ucbatından real iqtisadi aktivlərə transformasiya edilməsi mümkün deyil. Əməyin məhsuldarlığını yüksəldən və sərvət yaradan əsas güc, qüvvə isə məhz kapitaldır. Kapital zəngin ölkələrin qan-damar sistemidir, tərəqqinin əsası, fundamentidir. Kasıb ölkələrdə əhalinin əlində olan aktivlərin hüquqi cəhətdən adekvat sənədləşməsi olmadığı üçün həmin aktivlər ölü kapitala çevrilir. Qərb ölkələrində isə əksinə, hər bir torpaq sahəsi, hər bir tikili, istehsal avadanlıqları öz hüquqi ifadəsini sənədlərdə tapır ki, bu da onların mülkiyyət hüquqlarını müəyyən edir. İnkişaf etmiş ölkələr hüquqi sənədləri iqtisadi müstəviyə gətirməklə maddi əşyaları gəlir gətirən və mərhələli şəkildə daim artan aktivə, kapitala transformasiya etmək kimi bir imkana malikdir. Məhz bu səbəbdəndir ki, onlar yeni kapitallar yaratmağı bacarırlar. Bu ölkələrdə kapital əvvəlkindən daha böyük həcmdə təkrar istehsal olunur və kapitalın “nəsilartırması” fasiləsiz olaraq əsrlərlə dayanıqlı şəkildə davam edir. Alimlər belə hesab edirlər ki, həmin dövlətlərdə kapitalın bu dayanıqlığının qidalandığı mənbə hələ də gizli qalır, o, heç kəsə bəlli olmayan qaranlıq bir dünyadadır, mexanizmi isə sanki “qara qutu”ya salınmışdır. Əslində isə bu, çox əzəmətli, möhtəşəm bir mexanizmdir və inkişaf etmiş ölkələrdə kifayət qədər səmərəli şəkildə fəaliyyət göstərir. Burada söhbət aysberqin yalnız görünən hissəsindən - mülkiyyət sisteminin əsasını təşkil edən hüquqi infrastrukturdan gedir. Aysberqin görünməyən böyük hissəsi isə insan əlinin müəmmalı, sirli əməllərinin nəticəsidir ki, o da maddi əşyaları və əməyi kapitala çevirir. Bu mexanizm kiminsə ixtirası, kəşfi deyil. O, bir instinkt kimi Qərb xalqlarının iqtisadi təhtəlşüurunun dərinliklərində gizlənmişdir.

Bəs necə oldu ki, Qərb xalqlarının iqtisadi şüurunda instinkt kimi yatan bu keyfiyyət birdən-birə onların inkişafına təkan verən yaradıcı, innovativ bir amilə çevrildi? Hansı amil onların bu keyfiyyətinin iqtisadi inkişafa, firavan həyata transformasiya edilməsinə səbəb oldu? Buna birmənalı belə cavab vermək olar: məhz Kouz teoreminin, demək olar ki, əsas tələblərinə cavab verən institusional mühitə malik iqtisadi sistemin qurulması həmin ölkələri bugünkü inkişaf səviyyəsinə gətirib çıxarmışdır. İqtisadi inkişaf üçün zəruri olan institusional mühit isə yalnız liderlik və siyasi iradə institutlarının təsiri əsasında yarana bilər.

İnkişaf etmiş ölkələrin xalqları çoxdan dərk etmişlər ki, kasıblıqdan zənginlik istiqamətində yerdəyişmə sosial mənada maddi durumun yaxşılaşması deməkdir. Bunun üçünsə onlar ilk növbədə onlara bu cür firavan həyatı bəxş edən öz tarixi şəxsiyyətlərinə, onların qoyub getdiyi böyük elmi, siyasi və iqtisadi irsə minnətdar olmalıdırlar. Qərb ölkələrindəki indiki firavan həyat həmin tarixi şəxsiyyətlərin, liderlərin zəkasının, təfəkkürünün, güclü siyasi iradələrinin məhsuludur. Bu məntiqdən çıxış edərək demək olar ki, tarixi şəxsiyyətlər xalqların həyatında çox böyük rol oynayır.

İnkişaf etmiş ölkələrin inkişafında əsas rol oynamış liderlik və siyasi iradə, öz növbəsində, xüsusi mülkiyyət, sosial kapital, liberal bazar və s. kimi institutların törəməsinə səbəb olmuşdur. Başqa sözlə, liderlik və siyasi iradə institutları cəmiyyətin iqtisadi inkişafına gətirib çıxaran bir çox siyasi institutların da formalaşmasının əsasını təşkil etmişdir. Bu isə bütün institutların liderlik və siyasi iradə institutlarının törəmələri olduqları deməkdir. Əgər cəmiyyətdə siyasi institutların müəyyən bir strukturu varsa, deməli, onlar həmin cəmiyyətin simasını müəyyən edir. Burada əsas rol yazılmayan oyun qaydalarına məxsusdur və onlar bu gün siyasi mədəniyyət adlandırılır. Qısa şəkildə desək, institutlar necədirsə, cəmiyyət də o cürdür.

Müsbət tipli liderlərin yaratdığı dövlət və ya iqtisadi sistem insanlara öz istedadını göstərməyə, öz innovativ keyfiyyətlərini bazarda realizə etməyə, əhalinin əqli və fiziki mülkiyyət hüququnun təsbit olunmasına, onun qorunmasına imkan, şərait yaradır. Xalqın sərbəstləşən innovativ, yaradıcı enerjisi lazımi, faydalı istiqamətə yönəldilir. Bu əsasda yaranan yeni elmi nailiyyətlər, texnika və texnologiya iqtisadiyyata tətbiq olunur. Bir sözlə, dayanıqlı iqtisadi artıma, inkişafa nail olmaq istəyən lider Kouz nəzəriyyəsinin tələblərinə cavab verən münbit institusional mühitə əsaslanan iqtisadi sistem qura bilməsə, dayanıqlı iqtisadi inkişaf arzu, illüziya olaraq yalnız xəyallarda yaşayacaq.

 

Nazim HÜSEYNOV,

iqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2017.- 15 yanvar.- S.5.