“Multikulturalizm ili” uğurlarla zəngin oldu

 

 

Biz "Multikulturalizm ili"ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır.

İlham ƏLİYEV

 

Azərbaycan 2016-cı ili təkcə mühüm sosial-iqtisadi göstəricilərlə deyil, həm də tolerantlıq və multikulturalizm sahəsində nəzərəçarpacaq uğurlarla başa vurdu. “Multikulturalizm ili”nin yekunları respublikamızın bu sahədə qərinələr boyu əxz etdiyi zəngin ənənələrin, milli və dini azlıqlar arasındakı sivil birgəyaşayış mühitinin, formalaşmış unikal milli modelin bəşəri miqyasda təbliği baxımından uğurlu nəticələrlə zəngin olmuşdur.

Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” sərəncamı bu sahədə həyata keçirilən tədbirlərə yeni təkan vermişdir. Sərəncama əsasən hazırlanmış tədbirlər planı çərçivəsində aidiyyəti dövlət qurumları və ictimai təsisatlar səviyyəsində təşviqat-təbliğat tədbirləri genişləndirilmiş, beynəlxalq səviyyəli forumlar, konfranslar, sərgilər keçirilmişdir. Bütün bunların nəticəsi kimi dünya ictimaiyyəti tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunun, burada əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığının, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitində yaşadığının əyani şahidi olmuşdur.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi həm də rəsmi Bakının dünyaya verdiyi açıq mesaj kimi dəyərləndirilməlidir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu, bəşəri miqyasda toqquşma və müharibələr, siyasi, dini, milli ziddiyyətlər şəraitində Azərbaycanda mövcud olan sabitliyin, multikultural dəyərlərin dünyaya təqdimatı baxımından yeni imkanlar açmışdır. Məsələ burasındadır ki, müasir dünyada getdikcə dərinləşən sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirmişdir. İlk baxışdan təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərinə də kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qorumaq bəhanəsi ilə son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük halları artır.

Son illər Qərbdə, konkret desək, bəzi Avropa ölklərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Dövlətlər səviyyəsində İslamın, habelə müsəlman mühacir və qaçqınların sıxışdırılmasına yönəlmiş cəhdlər son nəticədə “daha çox dözümlü olmaq” şüarı ilə çıxış edən Avropada dözümsüzlük əhvali-ruhiyyəsinin gücləndiyini göstərir. Bunun nəticəsidir ki, son zamanlar müsəlman qaçqınların kütləvi şəkildə Avropadan çıxarılmasına, habelə bu məkana buraxılmamasına açıq çağırışlar artır. Bu çağırışların həm də islamofobiya ilə müşayiət olunması özlüyündə çox ciddi təhlükələrdən xəbər verir.

Multikulturalizm elmi ədəbiyyatlarda “çoxmədəniyyətlik”, yəni bir çox fərqli mədəniyyətləri özündə ehtiva edən cəmiyyət kimi təsnif edilir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, nümayəndələrinə hörmət, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqu qeyri-mümkündür. Multikulturalizmdən imtina etmək, əslində, anlaşılmazlığa, ksenofobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə rəvac verən bir yoldur.

Belə bir şəraitdə ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzi kimi qəbul edilməsi Azərbaycanda insan hüquqları və digər sahələrdə problemlər axtaran qərəzli dairələrə tutarlı cavabdır. Təcavüzkar Ermənistandan fərqli olaraq, Azərbaycan qətiyyən monoetnik dövlət deyil, burada müxtəlif xalqların nümayəndələrinə qarşı hansısa ayrı-seçkilik, dözümsüzlük müşahidə olunmur. Respublikamızda digər xalqların öz mədəniyyətlərini, dillərini, dinlərini inkişaf və təbliğ etdirmək üçün hər cür imkanlar mövcuddur.

Multikulturalizm ilinin yekunları göstərir ki, Azərbaycanda bu sahədə kifayət qədər zəngin ənənə ilə yanaşı, mükəmməl qanunvericilik bazası mövcuddur. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu sahədə mövcud olan neqativ tendensiyalar tamamilə aradan qalxmış, bütün dini-milli tolerantlıq və multikulturalizm sahəsində unikal hüquqi-siyasi mühit formalaşmışdır.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirilmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqət verilmişdir. 1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edilmişdir. Əsas Qanunun 48-ci maddəsində (Vicdan azadlığı) göstərilir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir.

Ölkəmizin geosiyasi mövqeyi, regionda və dünya dövlətləri sırasında nüfuzu dini və milli fəaliyyət sahəsində balanslaşdırılmış siyasətin yürüdülməsini tələb edir. Azərbaycan dövləti ölkə vətəndaşlarının vicdan və dini etiqad azadlığını təmin edir, respublikada mövcud olan bütün dini konfessiyalara sərbəst fəaliyyət göstərməsi üçün hər cür şərait və bərabər imkanlar yaradır. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, dövlət İslamla yanaşı digər dinlərə də eyni dərəcədə həssaslıq və qayğı ilə yanaşır. Müstəqillik illərində ölkədə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar inşa edilmiş və ya təmir olunaraq insanların xidmətinə verilmişdir. Bundan əlavə, Azərbaycanda qəbul edilən qanunlar və normativ hüquqi aktlar bütövlükdə əqidə azadlığını təmin etməklə bu sahədə yarana biləcək problemlərin həllinə, dövlətlə dini qurumlar arasındakı münasibətlərin qanun çərçivəsində tənzimlənməsinə hüquqi əsaslar yaradır.

UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq, ölkəmizdə milli azlıq və etnik qrupların mədəniyyətinin inkişafı üçün müxtəlif layihələr, tədbirlər, o cümlədən azsaylı xalqların böyük mədəniyyət festivalları, konfranslar, seminarlar keçirilir.

Azərbaycan Prezidentinin 2009-cu il noyabrın 26-da imzaladığı qanunla respublikamız həmin konvensiyaya qoşularaq mədəni müxtəlifliyin dəstəklədiyini bir daha dünyaya nümayiş etdirmişdir. Ölkə başçısının 15 may 2014-cü il tarixli sərəncamı ilə dünyada ilk multikultural qurum - Beynəlxalq Bakı Multikultural Mərkəzi yaradılmışdır. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin əsas məqsədi kimi müəyyən edilmişdir.

Son illər Azərbaycanın yüksək təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər paytaxtımızı artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirmişdir. Respublikamız son illərdə beynəlxalq humanitar forumlara, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, III Qlobal Bakı Forumuna, habelə ilk Avropa Oyunlarına, “Formula-1” yarışlarına və digər beynəlxalq tədbirlərə uğurla evsahibliyi etmişdir. Beynəlxalq forumlar, konfranslar vasitəsilə sivil dialoqların qurulması, ideyalar, nəzəri və praktiki biliklərin mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Azərbaycan həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilsin. Bu, əhalisinin böyük qismi müsəlman olan ölkəmizdə multikulturalizm sahəsində əldə edilmiş təcrübənin, dinlərarası dialoq mühitinin bəşəri miqyasda yüksək dəyərləndirildiyini göstərir.

“Multikulturalizm ili” çərçivəsində keçirilən beynəlxalq tədbirlər zamanı isə respublikada müxtəlif ölkələrin dövlət və qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının rəhbərlərinin, beynəlxalq miqyaslı KİV-in nümayəndələrinin iştirakı təbliğati və siyasi baxımdan əhəmiyyətli olmuşdur. 2016-cı il aprelin 24-dən 28-dək Bakıda “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu istiqamətdə ilk mühüm tədbir olmuşdur. Forum miqyasına, məqsədlərinə və müzakirə olunan məsələlərin aktuallığına görə respublikamız üçün həm də unikal təbliğat platforması kimi yadda qalmışdır. Dünyanın 147 ölkəsindən gəlmiş 2000-dək nüfuzlu qonaq - dövlət başçıları, hökumət rəsmiləri, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, incəsənət, media və akademiyaların təmsilçiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri bir neçə gün ərzində Azərbaycanın iqtisadi, siyasi, mədəni və multikultural sahələrdəki uğurlarının canlı şahidlərinə çevrilmişlər.

Forum iştirakçılarının yəqinləşən qənaətinə görə, forumun 2 il əvvəl Bakıda keçirilməsi barədə verilən qərar, əslində, heç də təsadüfi olmamışdır. Konkret olaraq “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu” mövzusunda bölmə iclasında xüsusi vurğulanmışdır ki, respublikamız təkcə iqtisadi, siyasi, mədəni, habelə idman sahəsində əldə etdiyi böyük nailiyyətlərlə deyil, həm də mövcud ictimai-siyasi sabitlik, dini, milli, irqi dözümlülük və tolerantlıq amillərinə görə seçilir. Və bu tolerantlıqdan da irəli gələrək ölkəmizdə əsrlər boyu müxtəlif xalqların nümayəndələri dinc yanaşı yaşamış, fərqli mədəniyyətlərin qarşılıqlı harmoniyası bənzərsiz multikultural məkanın formalaşmasını təmin etmişdir.

Forumda “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva demişdir: “Qürur hissi ilə bəyan etmək istəyirəm ki, tarixən bizdə milli və dini zəmində ayrı-seçkilik və düşmənçilik halları heç vaxt baş qaldırmayıb. İnsanlarımızın əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə xristian, yəhudi və digər dinlər də təmsil olunub. Azərbaycanda 649 dini icma, o cümlədən 24 qeyri-müsəlman icması fəaliyyət göstərir. Məsələn, Quba rayonunda dünyada dağ yəhudilərinin yığcam yaşadığı yeganə Qırmızı qəsəbə var. Əhalinin bütün seqmentlərinə qarşı yüksək səviyyəli sosial tolerantlıq inkişaf etmiş cəmiyyətin göstəricisidir. Hesab edirəm, ən vacib nailiyyətlərimizdən biri bu gün Azərbaycan cəmiyyətində həmin səviyyədə sosial tolerantlığın mövcud olmasıdır”.

“Multikulturalizm ili” çərçivəsində ikinci ən mühüm tədbir ötən ilin sentyabr ayında V Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi olmuşdur. Forum istər iştirakçıların sayı və nüfuzu, istərsə də müzakirə olunan mövzuların elmi-praktik əhəmiyyəti baxımından bütün dünyanın diqqət mərkəzində idi. Bu mötəbər tədbirin işində dünyanın 80-ə yaxın ölkəsindən 400-dən çox nümayəndə (o cümlədən 15 Nobel mükafatı laureatı) iştirak etmişdir.

“Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” forumun əsas müzakirə mövzuları olmuşdur. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da geniş müzakirə olunmuşdur.

V Bakı Beynəlxalq Humanitar Forumunda xüsusi vurğulanmışdır ki, müasir dövrdə hər bir xalqın identikliyinə hörmətlə yanaşmaq, onun mənəvi və maddi mədəniyyət nümunələrinin inkişafına dəstək vermək, dilinə, dininə dözümlü münasibət göstərmək multikulturalizmin əsas qayəsini təşkil edir. Bu mənada multikulturalizm həm də xalqların özünüifadə əzmini gerçəkləşdirən mühüm meyardır. Multikulturalizm əsla öz mədəniyyətindən imtina və ya imtina edilməyə kənar təzyiqlərin göstərilməsi demək deyildir. Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanların yüksək mədəni səviyyəsi kimi özünü göstərən multikulturalizm cəmiyyətləri milli eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən liberal düşüncə tərzidir. Multikulturalizm eyni zamanda başqa mədəniyyətləri olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər verməkdir.

Forum iştirakçılarının qənaəti bundan ibarət olmuşdur ki, qloballaşan müasir dünyada dəyər sistemləri yenilənir, sosial və mədəni proseslər sürətlənir. Həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi-mənəvi irəliləyişlər baş verir. Bu şəraitdə elmin və təhsilin inkişafı, yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin təşəkkülü vaxtilə sırf nəzəri təsir bağışlayan bir sıra problemləri aktuallaşdırır. Müasir dünyada aktual çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün xalqların bir-biri ilə daha yaxın və mehriban münasibətlər yaratması vacibdir. Forum zamanı iştirakçılar Azərbaycanda məhz belə bir multikultural məkanın formalaşdığının əyani şahidi olduqlarını vurğulamışlar.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə dərin məzmunlu nitq söyləyərək demişdir: “...Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki var, amma neçə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz, öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək”.

Forumda aparılan müzakirələrdə Azərbaycan multikulturalizminin inkişafında ictimai təsisatların - xüsusən də Heydər Əliyev Fondunun xidmətlərinin xüsusi önə çəkilməsi də diqqətçəkən məqam kimi qeyd olunmalıdır. Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu baxımdan xüsusi vurğulanmalıdır. Layihə çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə verir. Müsəlman ölkəsi olan Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada Müqəddəs Marçelino və Pyotr katakombaları bərpa edilib, eyni zamanda “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi tikilib.

Göründüyü kimi, “Multikulturalizm ili”nin yekunları Azərbaycan üçün kifayət qədər uğurlu nəticələrlə zəngindir. Ümumilikdə müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyildir. Şübhəsiz, “Multikulturalizm ili” çərçivəsində həyata keçirilmiş tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.- 17 yanvar.- S.7.