Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

 

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 27-ci ildönümünü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir ki, Qanlı Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar faciəsi xalqımızın yaddaşında yaşayır və əsla unudulmayacaq. Vətən uğrunda həyatlarını qurban vermiş övladlarımız Allah-təalanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalıblar.

Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilənləri hüquqa, demokratiyaya, humanizmə qarşı cinayət kimi səciyyələndirdi.

Bakıdan isə şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova ünvanladığı məktubunda törədilənlərə görə onu təqsirləndirdi və Azərbaycan xalqı adından ittiham etdi. Siyasi liderimizin, xalqımızın və dini rəhbərimizin birgə mövqeyi milləti ruhlandırdı, haqsızlığa qarşı səfərbər etdi. Əli öz vətəndaşlarının qanına bulaşmış hərbi rejimin bütün hədə-qorxularına, ölüm təhdidlərinə belə baxmayaraq, fövqəladə vəziyyət şəraitində bir milyondan artıq insan şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərini ehtiramla son mənzilə yola saldı.

Qafqaz Müsəlmanları İdarəsi, dini liderlər qanlı hadisələr zamanı xalqın önündə birlikdə oldular. Bütün imkanlardan, qüvvələrindən istifadə edərək çalışdılar ki, 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsınlar, haqq işimiz dəstək qazansın, törədilənlər insaniyyətə qarşı yönələn amansız cinayət kimi qiymətləndirilsin. Təəssüf ki, sovet rəhbərliyi tərəfindən Azərbaycan xalqına və onun böyük oğlu, ulu öndər Heydər Əliyevə qarşı məkr və təxribatların davamı olan 20 Yanvar faciəsi bu günədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. Dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması, təəssüflər olsun ki, Azərbaycan xalqına qarşı Qarabağda təcavüz, kütləvi terror, Xocalı qətliamını törədənlərə münasibətdə də özünü göstərib. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verirlər.

Azadlığın yolu şərəfli, müqəddəsdir və Azərbaycan xalqı öz müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlər verdi. Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb axirətlərini cənnətdə qazanmışlardır. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır.

Bəyanatda deyilir: Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyümilli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız şəhid olublar. Biz şəhidlərimizi unutmuruqheç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcək.

Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur”.

Uca Allah Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərə rəhmət eləsin!

 

Azərbaycan.- 2017.- 19 yanvar.- S. 4.