20 Yanvar tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir

 

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “20 Yanvar – fəxrlə andığımız günmövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil edilmiş tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı keçmiş Sovet imperiyası ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı faciələrdən danışıb. Bildirilib ki, o müdhiş gecədə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu hadisə tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir.

Akademik N.Vəlixanlı sovet ordusunun törətdiyi faciələrin yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa, humanizmə qarşı törədilən qanlı cinayət olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut edib. Qanlı Yanvar heç zaman yaddan çıxmayacaq.

Digər çıxış edənlər də 20 Yanvarın dəhşətlərindən söz açıblar.

Sonra məktəblilər “Tariximizin unudulmayan günü” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.

 

Azərbaycan.- 2017.- 19 yanvar.- S. 5.