“Qətl edilmiş uşaqlar” kitabının təqdimatı olub

 

Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyində (AYB) Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən nəşr edilmiş “Qətl edilmiş uşaqlar” adlı kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək nəşrin ciddi əhəmiyyət daşıdığını bildirib.

 Qarabağ müharibəsi zamanı ölkəmizin üzləşdiyi problemlərdən və Azərbaycan torpaqlarında ermənilərin törətdiyi cinayətlərdən söz açan xalq yazıçısı uşaqların yaşadığı acınacaqlı taledən danışıb. Vurğulanıb ki, münaqişə zamanı işğalçı dövlət tərəfindən əsas hədəflərdən biri elə dinc əhali və uşaqlar olub.

 Kitabın müharibə qurbanları ilə bağlı məsələlərin ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük əhəmiyyət kəsb etdiyinə toxunan Anar nəşrin gələcəkdə bir neçə dilə tərcümə olunaraq yayılmasının vacibliyini qeyd edib.

 Xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə çıxış edərək belə bir kitabın ərsəyə gəlməsini yüksək qiymətləndiriblər.

Bildirilib ki, yeni nəşr hər sətrindən qan daman sənədlər toplusudur. Kitabın səhifələrindən şəhid olmuş, itkin düşmüş uşaqların, hələ dil açmamış həyatına son qoyulan körpələrin məhv edilmiş taleyi boylanır. Bu körpələrin, yeniyetmə uşaqların həyatını məhv edən isə dünya qarşısında özünü soyqırımına məruz qalmış xalq kimi tanıdan, yalandan göz yaşları tökən Ermənistan hakimiyyəti və ermənilərin faşist xislətli havadarlarıdır. Azərbaycanın cəlb olunduğu münaqişədən bəhs edən şairlər kitabın gələcəkdə erməni dilinə tərcümə edilərək nəşr edilməsinin zəruriliyini bildiriblər.

Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək kitab haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, kitab müharibə qurbanları ilə bağlı məsələlərin və ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmış 3867 nəfərdən 62-sinin uşaq olduğu bildirilib. İşçi qrupunun rəhbəri onlardan 29 nəfərinin Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi və aidiyyəti beynəlxalq təşkilatlardan gizlədilərək saxlanılması barədə şahid ifadələrinin olduğunu vurğulayıb. O qeyd edib ki, indiyə qədər girovluqdan azad edilənlərdən 210-u uşaq olub.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfi “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud surətdə pozaraq, Azərbaycan vətəndaşlarına qarşı məqsədli terror, soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirib. Artıq erməni ziyalıları Xocalı soyqırımını etiraf etməyə başlayıblar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan “hücum diplomatiyası” taktikasının tətbiq edilməsi, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya ədalət!” kampaniyası nəticəsində gerçəkləşib.

İ.Axundov Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməlləri barədə komissiyada xeyli sayda materiallar toplandığını, gənc yazıçılara həmin materiallarla tanış olaraq həqiqətləri həm bədii, həm də digər janrlarda qələmə almağı təklif edib.

Tədbirdə Milli Məclisin deputatı, professor Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları  kitabın əhəmiyyətindən söz açaraq bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Sonda “Qətl edilmiş uşaqlar” kitabı iştirakçılara təqdim olunub.

 

Azərbaycan.- 2017.- 20 yanvar.- S. 6.