Cenevrədə “Enerji sahəsinin keçmişdən gələcəyə doğru inkişaf yolu: Azərbaycan obyektivdə” fotosərgisinin açılışı olub

 

Yanvarın 19-da BMT-nin Cenevrədəki bölməsində, Millətlər Sarayında “Enerji sahəsinin keçmişdən gələcəyə doğru inkişaf yolu: Azərbaycan obyektivdə” adlı fotosərginin açılış mərasimi keçirilib.

Sərgi BMT-nin Avropa İqtisadi Komissiyasının (BMTAİK) dəstəyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər NazirliyininAlternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin iştirakı ilə Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə əməkdaşlıqda təşkil edilib.

BMTAİK-in himayəsi ilə keçirilən bu layihə üzrə fotolar və digər əyani materiallar, həmçinin Almaniya, Qazaxıstan və Ukraynada da nümayiş etdirilib.

Avropa İqtisadi Komissiyasının Davamlı Enerji Komitəsinin sessiyası çərçivəsində keçirilən tədbiri BMTAİK-in icraçı katibi Kristian Friis Bax açıb. O, yaşıl iqtisadiyyata keçid istiqamətində Avropa regionu ölkələri, xüsusən də Azərbaycan, Almaniya, Qazaxıstan, Ukrayna tərəfindən göstərilən səyləri yüksək qiymətləndirib. Qeyd edilib ki, sərginin işıqlandırdığı bu cür uğurlu milli təcrübələrin öyrənilməsi və təkrarlanması vasitəsilə “2030 - Dayanıqlı İnkişaf Gündəliyi”nin həyata keçirilməsi mümkün olacaq.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov Azərbaycanda enerji infrastrukturunun tarixibu sahənin ölkəmizin ümumi inkişafına təsiri barədə danışıb. “Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çoxsaylı səylər göstərir. Neftin və qazın ixracından əldə edilən gəlirlər nəqliyyat infrastrukturu, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrinin inkişafına sərf edilir. Ölkənin prioritet inkişaf istiqamətlərindən birialternativ və bərpaolunan enerji infrastrukturunu əhatə edən çoxşaxəli enerji sisteminə keçidin təmin edilməsidir. Bununla əlaqədar olaraq, Azərbaycan müvafiq beynəlxalq təşkilatlar və şirkətlərlə əməkdaşlığı davam etdirir”, - deyə səfir qeyd edib.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter açılış nitqində sərgi haqqında məlumat verərək bildirib ki, nümayiş etdirilən 60-dan çox fotonun bir hissəsi Azərbaycanda gələcəyə doğru inkişaf edən enerji sahəsinə həsr edilib. Ölkəmizin təbiətini və mədəniyyətini əks etdirən sərginin digər hissəsinə isə TEAS tərəfindən keçirilmiş “Azərbaycan obyektivdə” adlı fotomüsabiqənin fotoları daxil edilib.

Digər çıxışlardan sonra tədbirdə iştirak edən komitə üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar üçün rəsmi ziyafət təşkil edilib.

Sərgi yanvarın 25-dək nümayiş etdiriləcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 22 yanvar.- S.5.