30 yaşında ömrünü başa vurmuş ustad sənətkar

 

Sənət korifeyləri

 

Sənətdə “ustad” adını qazanmağın nə qədər çətin olduğunu bilsək də, bu yüksək dəyərləndirməni görkəmli fırça ustası Bəhruz bəy Kəngərli (1892-1922) hələ öz sağlığında qazanmışdır. 30 il təzadlarla dolu ömür yaşayan və adı Azərbaycan təsviri sənət tarixinə qızıl hərflərlə yazılan, mədəniyyət tariximizdə “kiçik əsərlərin böyük ustadı” kimi tanınan Bəhruz bəy Kəngərli qısa ömrü, məhsuldar yaradıcılığı ilə bir neçə ömrə bərabər sənət inciləri yaratmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra neçə-neçə unudulmazlarla bərabər zadəgan əsilli rəssamın yaradıcılığı da gündəmə gəlmişdir.

Rəssamın doğma yurddakı məzarının abadlaşdırılması, burada memorial abidənin ucaldılması (müəllifi xalq rəssamı Hüseynqulu Əliyev), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli sərəncamına əsasən Bəhruz Kəngərli Muzeyinin yaradılması və 18 iyun 2002-ci il tarixdə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışının reallaşması, B.Kəngərli adına sərgi salonunun istifadəyə verilməsi, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncamı, 2016-cı ildə isə şəhərdə Bəhruz bəy Kəngərlinin adını daşıyan Rəssamlar Parkının salınması və tunc heykəlinin (müəllifi Rahib Qarayev) qoyulması, haqqında nəfis tərtibatlı albomların nəşr olunması dediklərimizə bariz nümunədir. Görkəmli fırça ustasının anadan olmasının 125 illiyi münasibətilə hazırlanan, rəssamın həyat və yaradıcılığına yeni baxışı ilə fərqlənən monoqrafiyanı (müəllifləri Z.Əliyev və N.Alıyev) da ömrünü milli incəsənətimizin inkişafına həsr etmiş ustadın xatirəsinə dərin ehtiramın ifadəsi saymaq olar...

1892-ci ildə Naxçıvanda dövrünün qabaqcıl ziyalılarından Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan körpəyə Bəhruz adı verəndə heç kəs adı “Xoş günkimi tərcümə olunan uşağın məşhur rəssam olacağını və otuz ildən sonra gözlərini əbədi yumacağını bilmirdi. Körpəlikdən doğma anasını, 9 yaşından eşitmə qabiliyyətini itirən gənc rəssam təhsilsonrası 7 illik yaradıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bildi. Adının çoxəsrlik Naxçıvan tarixi ilə qoşa çəkilməsi onun ölməzliyə, əsərlərinin zamansızlığa qovuşduğunun bariz nümunəsidir.

Bəhruz bəy Kəngərlinin firavanlıqdan uzaq bir durumda yaratdığı “Qaçqınlar” qrafik silsiləsi bu gün vətənpərvər sənətkar - vətəndaş mövqeyinin təzahürü kimi dəyərləndirilir. Ona ayrılmış ömür payının cəmi yeddi ilini yaradıcılığa həsr etməyə imkan tapan Bəhruz bəy erməni təcavüzündən bəhs edən “Qaçqınlar”ı ilə yurdun ən çətin anlarında XX əsr Azərbaycan təsviri sənətinin mənəvi yükü daşımağa məhkum olan, amma bunu sona qədər edə bilməyən rəssamların üzünü ağartdı. Onun bu silsilədən olan əsərləri mənfur qonşularımızın əsl xislətini ifşa edən təkzibolunmaz bədii sənədlərdir.

Rəssamın çox da uzun olmayan bioqrafiyasını xronoloji ardıcıllıqla vərəqləsək, onda ilk növbədə uşaq yaşlarında eşitmə qabiliyyətini itirən Bəhruzun təhsil aldığı rus-tatar məktəbindən uzaqlaşmağa məcbur olduğunu görərik. Bundan sonra o, təhsilini evlərində atası Şirəli bəyin köməyi ilə alıb. Həmin çətin illərdə kiçik yaşlarından həvəs göstərdiyi rəssamlıq onun sevimli məşğuliyyətinə çevrilib. Bir müddət keçəndən sonra Bəhruz qəti olaraq rəssamlıq təhsili almaq qərarına gəlir və atasından onu Tiflisə oxumağa göndərməsini xahiş edir. Şirəli bəy oğlunun eşitmədiyini nəzərə alaraq, həm də evdən uzaq bir yerdə rəssamlıq məktəbində oxuya biləcəyinə inanmadığından tərəddüd edir. Lakin Bəhruzun öz qüvvəsinə inamı, rəssamlığa olan həvəsi Şirəli bəyi oğlunun oxumasına razılıq verməyə məcbur edir. Beləliklə, 1910-cu ildə 18 yaşlı Bəhruz Tiflisə yollanır və imtahan verib o vaxtlar Zaqafqaziyadakı yeganə rəssamlıq məktəbinə qəbul olur. 1915-ci ilə kimi burada dövrünün tanınmış fırça ustalarından sənətin sirlərini öyrənir, təhsilini başa vurduqdan sonra doğma Naxçıvana qayıdır.

Onun yeddi ili əhatə edən yaradıcılığı kifayət qədər zəngin olmuşdur. Bəhruz bəyin bu müddətdə 2 minə yaxın rəngkarlıq, qrafikateatr-dekorasiya nümunələri yaratdığı məlum olsa da, bizim dövrə onların 500-ə qədəri gəlib çatmışdır. Rəssamın təcrübəli müəllimlərindən əxz etdiyi realist-gerçəkçi sənət vərdişlərinin əksini özündə yaşadan bu ecazkar sənətkarlıq nümunələri həm də realizmin bədii ifadə potensialının nəhayətsizliyini təsdiqləyir.

Zəngin bədii irsi ilə Azərbaycan təsviri sənətinə yeni nəfəs gətirən Bəhruz Kəngərlinin (1892-1922) XX əsr Azərbaycan təsviri sənətində yenicə formalaşmağa başlayan bir çox janrların inkişafında əvəzsiz rolu olmuşdur. Bütünlükdə realist-gerçəkçi üsluba əsaslanan gənc rəssam, bu bədii prinsipin ifadə imkanlarını duyulası dərəcədə genişləndirməyə nail olmuşdur. O, istər kömürlə, istərsə də yağlı, xüsusilə də sulu boya ilə çəkdiyi əsərlərlə, milli incəsənətimizdə dünyaya baxışı ilə oxşarı olmayan sənətkar kimi özünü təsdiqləmişdir.

Janr əlvanlığı ilə seçilən yaradıcılığında portret və mənzərələr çoxluq təşkil edir. Hələ tələbə ikən Naxçıvanda ilk fərdi sərgisini təşkil edən (1914) rəssam insanların həmin janrlara olan marağını hiss etmişdi. Odur ki, rəssamın əhali arasında yaydığı “Naxçıvan yadigarı” albomunda mənzərələr və portretlər əsas yer tutmuşdı. Əgər Bəhruzun müxtəlif janrlı əsərlərinin yalnız az bir hissəsi insan və təbiət gözəlliyini vəsf edirsə, qalan çoxluq isə rəssam tərəfindən gördüyü və yaşadığı tarixi olduğu kimi əbədiləşdirmək üçün işlənilmişdir. Bu da gənc fırça ustasının vətəndaşlığının və vətənpərvərliyinin ifadəsidir.

Onun portretlər qalereyası kifayət qədər zəngindir. Burada əsasən rəssamla birlikdə doğma şəhərdə yaşayan müxtəlif yaşlı insanların, eləcə də erməni təcavüzündən xilas olmuş qaçqınların obrazları yer almışdır. Kömürkarandaşla çəkdiyi “Azərbaycanlı qadın”(1913), “Şirin xanımın portreti” (1917), “Əsəd ağa Kəngərli” (1916), “Nazlı xanım Tahirova” (Nəcəfova) (1916), “Mirzə Heydər Nəsirbəyovun portreti” (1918), “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanbəyovun portreti” (1917), eləcə də yağlı sulu boya ilə işlədiyi “Şirniyyatçı Kərbəlayı Heydərin portreti” (1919), “Tatar kişinin portreti” (1920), “Peyğəmbər” (1920), “Oğlan portreti” (1917), “Kişi portreti” (1919), “Avtoportret” (1920), “Dövlətli müsəlman xanımı (“Naxçıvan xanımı”)” (1917) və s. portretlər gənc rəssamın insan psixologiyasına dərindən nüfuzetmə bacarığını əks etdirir.

Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsini otuza qədər sulu boya ilə çəkilmiş əsər təşkil edir. Unutqanlığımıza bələnmiş həmin rəsmləri əsrlərin qovuşuğunda çəkilmiş ürəkağrıdan kinokadrları və fotoşəkillərlə tutuşdursaq, kifayət qədər oxşarlıq taparıq. Şübhə etmirik ki, vaxtı ilə Bəhruz bəy 1918-1921-ci illərdə Ermənistandakı dədə-baba yurdlarından qovulub Naxçıvana pənah gətirmiş qaçqın soydaşlarımızın portretlərini yaddaşımızın korşalmaması üçün işləmişdi. Bunları bir çox hallarda olduğu kimi ona sifariş edən də, satın alan da olmamışdı. Amma gənc rəssam böyük vətənpərvərlik nümunəsi göstərib başımıza gələnlərin bədii salnaməsini (“Qırmızı yaylıqlı qız”, “Qaçqın qadın”, “Qaçqın İmran çanta ilə”, “Canfəda kəndindən qaçqın oğlan”, “Avşar kəndindən qaçqın qız Cümsün” və s.) yaratmışdı. Əminik ki, rəssam Canfəda, Afşar və digər kəndlərdən, bölgələrdən olan qaçqınların tükürpədici zahiri görkəmini, gözlərindəki ümidsizlik notlarını əbədiləşdirməklə sanki gələcək nəslə bunları unutmamağı vəsiyyət etmişdi. Bu silsilədə yer almış “Qaçqın xanım” (1920) əsərindəki qadın geyiminə görə başqalarından seçilir. Araşdırmalarda bu qadının rəssamın həyat yoldaşı olduğu təsdiqlənmişdir. Deyilənə görə, onların evliliyi 1918-ci ildə baş tutubbu evlilik uzun çəkməyib, iki ildən sonra ayrılıblar.

Rəssamın şəxsi həyatına toxunduğumuzdan, onun qalan ailə üzvləri barəsində də qısaca söz açmağa ehtiyac duyuruq. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı - Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq - Davud, Rüstəm və Gültac dünyaya gəlib. XX əsrin otuzuncu illərində repressiya dalğası məşhur Kəngərli nəslindən, bu ailədən də yan keçməmişdir.

Bəhruz Kəngərlinin yaradıcılığı janr etibarilə rəngarəng olmuşdu. Bu zənginlikdə mənzərənin say etibarilə çoxluq təşkil etməsi kifayət qədər görünəndir. Onların arasında Naxçıvan təbiətini vəsf edən əsərlərlə yanaşı, yaşanan tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edən nümunələr də az deyil. Bu mənada əgər onun “Minarəsi zədələnmiş məscid” (1920), “Tərk edilmiş ev” (1921), “Naxçıvanda xarabalıqlar” (1921), “Eylabat kəndində dağıdılmış darvaza” (1921), “İmamzadə türbəsi” (1919), “Mömünə xatun türbəsi” (1920), “Əshabi-kəhf dağı” (1921), “Nuhun məzarı” (1921) və s. əsərləri tarixi durumun əbədiləşdirilməsinə yönəldilibsə, “Ağaclar” (1917), “Dağ mənzərəsi” (1918), “Albalı ağacları” (1916), “Qarlı dağlar” (1916), “Cənuba görünüş” (1921), “Dağın zirvəsi” (1918), “Ayın doğması” (1920), “Payız” (1921) və s. doğma yurdun təbiətinə xas gözəllikləri üzə çıxarmaq, qürur qaynağına çevirmək üçün işlənilmişdir.

Əgər rəssamın tələbəlik işlərini nəzərə almasaq, onun Naxçıvana qayıtdıqdan sonra yaratdığı müxtəlif janrlı əsərlərin ölçülərinin əsasən kiçik olduğunu xüsusi vurğulamaq istərdik. Bəzi tədqiqatçılar bunu rəssamın maddi vəziyyətinin çətinliyi ilə əlaqələndirməyə çalışsalar da, qənaətimizcə bu, onun məqsədli seçimi olmaqla, müxtəlif yaradıcılıq axtarışlarına xidmət edib. Ən maraqlısı onların hər birində müəllifin tətbiq etdiyi bədii şərhlərdə obyektə ümumiləşdirmədən detallaşdırmaya kimi uzanan tapınma istəyinin duyulmasıdır. Müxtəlif ağacların və şəhəri əhatələyən dağların təsvirindən ibarət olan çoxsaylı lövhələrdə müəllifin diqqəti onların bilavasitə həmin anda daşıdığı ümumi rəng-ovqat tutumunu əks etdirməyə yönəldilmişdir. Təsvir obyektləri ilingünün müxtəlif vaxtlarında görüntüyə alındığından onların rəng həlli fərqli və dəyişkəndir.

Mənzərə və portretlərə nisbətən rəssamın bizim dövrə gəlib çatmış natürmortları çox azdır. Onun tələbəlik illərini əhatə edə biləcək natürmortları bizim dövrə gəlib çıxmayıb. Yaradıcılığının Naxçıvanda baş tutan yeddiillik dövründən cəmi beş natürmort yadigar qalıb. Bunların birini o, 1916-cı ildə (“Qızıl güllər”), qalanlarını isə (“Mavi rəngli dolça”, “Çıraq”, “Naxışlı mis cam”, “Mürəkkəbqabı”) ölümündən bir il əvvəl - 1921-ci ildə çəkmişdir. Bu əsərlərdə rəssamın onu əhatələyən maddi mədəniyyət nümunələrinə xas olan tarixiliyi, gül-çiçəklərin daşıdığı gözəllik qaynaqlarını üzə çıxarmaq, estetik qaynağa çevirmək istəyi qabarıqdır.

Yaradıcılığında süjetli lövhələr də bir o qədər çox deyildir. Bu mənada gənc fırça ustasının müxtəlif illərdə yaratdığı “Elçilik” (1910), “Naxçıvan toyu” (1910), “Naxçıvan çaparı” (tarixi və saxlandığı yer məlum deyil), “Dükanda” (1913), “Qaçqınlar” (1920), “Çoban sürü ilə” (1921), “İki qadın” (1920), “Namaz” (1916), “İki qaçqın qız” (1920) və “Kəndli oraq ilə” (1921) əsərlərinin adını çəkmək olar. Karandaşsulu boya ilə çəkilmiş bu əsərlərdə Bəhruz bəyin uğurlu kompozisiya qurmaq, süjeti mənalandırmaq istedadı duyulmaqdadır.

Rəssamın yaradıcılığında teatr-dekorasiya sənəti ilə bağlı gördüyü işlər də xüsusi yer tutur. Azərbaycanda bu sənətin davamlı şəkildə təşəkkülü səhnə tərtibatı sahəsində də istedadını sərgiləyən Bəhruz bəy Kəngərlinin adı ilə bağlıdır. 1912-ci ildən etibarən Naxçıvan teatrında rəssam kimi fəaliyyətə başlayan sənətkar bu sahədə böyük xidmət göstərmiş, tamaşalara (“Ölülər”,”Pəri-cadu”, “Dağılan tifaq”, “Arşın mal alan”, “Müsibəti Fəxrəddin”, “Nadanlıq” və s.) milli koloritdə zəngin səhnə tərtibatı vermiş, forma və məzmun vəhdəti ilə seçilən dekorasiyalar, müxtəlif rəng çalarlarında gözəl pərdələr, tamaşaların ruhunu əks etdirən geyim eskizləri və səhnənin cazibəsini artıran pannolar hazırlamışdır.

Azərbaycan təsviri sənət tarixində adı məhsuldar rəssam kimi xatırlanan Bəhruz bəy Kəngərli 1922-ci il fevralın 7-də dünyasını dəyişmişdir. Azərbaycanın fəxri olan 30 yaşlı ustadın dəfn günü onu son mənzilə yola salmağa gələn insan axınının nəhayətsizliyi sübut edirdi ki, Naxçıvan kimi və nəyi itirdiyini yaxşı başa düşür...

 

Ziyadxan ƏLİYEV,

əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2017.- 22 yanvar.- S.7.